Kremldən təhlükəli presedent - “Putin rəqiblərini fiziki cəhətdən “sındırır”” - SƏRT REAKSİYA

“Bu, demokratik dünya üçün qəbul olunan fakt deyil"

"Ona görə Pompeo və Avropa ölkələri məsələyə ciddi təpki verirlər”

“Çox pis örnəkdir. Rusiyaya qarşı təzyiqlər və siyasi sanksiyalar tətbiq olunmalıdır”

 
ABŞ dövlət katibi Mayk Pompeo rusiyalı müxalif Aleksey Navalnının düşdüyü vəziyyətdən danışıb. Pompeo Navalnının zəhərlənməsində Rusiyanın yüksək vəzifəli məmurlarının “əli” ola biləcəyini deyib. Diplomatın sözlərinə görə, dünyanın hər yerində insanlar belə düşünür:
“Onlar bunun yüksək səviyyəli Rusiya rəsmiləri tərəfindən baş verməsi ilə bağlı əhəmiyyətli bir ehtimalın olduğunu anlayırlar. Bunun Rusiya və ruslar üçün pis olduğunu düşünürəm”.

Qeyd edək ki, A.Navalnının zəhərlənməsi ilk dəfə deyil. Əvəllər də rusiyalı müxalifə qarşı müxtəlif təxribatlar olub. Lakin sonuncu olaydan sonra ona qarşı bu cür siyasi “tələnin” qurulmasının düzgün olmadığı iddia edilir.



Baş verənləri “Sherg.az”a dəyərləndirən politoloq Natiq Miri bildirib ki, Navalnının zəhərlənməsi yeni təhlükəli tendensiyanın ortaya çıxdığını göstərir. Analitikin fikrincə, bu tendensiya bütün dünya dövlətləri üçün xeyirli presedent yaratmayacaq:

“Əvvəllər Navalnı seçki prosesində Mərkəzi Seçki Komissiyasının “əli” ilə zərərsizləşdirilirdisə, indi Kreml özünə rəqib bildiyi siyasiləri fiziki cəhətdən aradan qaldırmaq yolu tutub. Bu, çox təhlükəlidir. Bütün bunlar digər dövlətlərdə də presedent yarada bilər. Proseslərin belə olması demokratik dünya üçün qəbul olunan fakt deyil. Ona görə Pompeo və Avropa ölkələri məsələyə ciddi təpki verirlər.

Navalnını müalicə etmək üçün Almaniyaya dəvət edən Merkel hökuməti də məsələyə ciddi reaksiya bildirdi. Almaniya Putin hakimiyyəti qarşısında məsələ qaldırdı. Məlumdur ki, bu gün Rusiyanı Almaniyadan müəyyən asılılığı var”.

Politoloq vurğulayıb ki, Pompeonun dediklərində böyük həqiqət var:

“Çünki əvvələr müxalifətdə olan və bütün Rusiyanın hörmət etdiyi, hətta Avropa məkanında hörmətlə qarşılanan Boris Nemtsovun ortada sui-qəsd hadisəsi var. Bu sui-qəsdi də Kremlin siyasi qərarı ilə həyata keçiriblər.

Müxalifətdə olan “Alma partiyası”nın sədri Navlinskiyə dəfələrlə seçki prosesində namizədliyini geri götürməsi üçün ciddi təzyiqlər oldu. Onun geri çəkilmədiyi təqdirdə çox gözəl pianoçu olan oğlunun barmağını qırıb atdılar. Bunlar Kremlə və xüsusi xidmət orqanlarına xas olan xüsusiyyətdir.

Amma son hadisə göstərir ki, siyasi rəqibləri MSK-nın əli ilə deyil, bilavasitə fiziki olaraq aradan qaldırmaq üsuluna üstünlük veriblər. Bu da digər dövlətlərə pis örnəkdir. Ona görə Rusiyaya qarşı təzyiqlər və siyasi sanksiyalar tətbiq olunmalıdır”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu