Sərhəd kəndə yol çəkilir – Deputat Prezidentə təşəkkür etdi – Fotolar 

“Kənd sakinləri yay aylarında tozdan, qış aylarında isə palçıqdan əziyyət çəkirdilər”
Prezident İlham Əliyev dünən Qazax rayonunda yerli əhəmiyyətli avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Sərəncamda Fərəhli avtomobil yolunun əsaslı təmiri məqsədilə büdcədən 2,2 milyon (iki milyon iki yüz min) manat vəsaitin ayrılması göstərilir. 

 Bu barədə “Sherg.az”a danışan millət vəkili, AŞPA-da Azərbaycan nümayəndə heyətinin sədri Səməd Seyidov dövlət başçısına minnətdarlığını bildirib: 



“Prezidentimiz daim regionlarda yaşayan sakinlərin rifahını düşünür, onların qayğısına qalır. Fərəhli avtomobil yolunun əsaslı təmiri ilə bağlı imzalanan Sərəncam da həmin qayğının növbəti bariz nümunəsidir. Əlbəttə, bundan sonra yerli əhali daha rahat hərəkət edəcək. Odur ki, bütün seçicilərim adından dövlət başçısına minnətdarlığımı bildirirəm. 

 S. Seyidov, sözügedən sərəncamın həm də şəhidlərimizin ruhuna bir ehtiram olduğunu bildirib:

 “Bu gün minlərlə şəhidi olan Azərbaycanın elə bir bölgəsi, elə bir kənd və qəsəbəsi tapılmaz ki, orada bir şəhid məzarı olmasın. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə hər zaman yüksək səviyyədə olub və  bundan sonra da belə olacaq. Bu gün düşmənlə 168 km sərhədi olan, Məzəm, Quşçu Ayrım, Fərəhli, Cəfərli, Bala Cəfərli kimi 5 kəndi daim mənfur düşmən gülləsinin atəşinə məruz qalan, Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara, Aşağı Əskipara kimi 7 kəndi hələ də düşmən tapdağı altında olan Qazax rayonu da Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 288 şəhid verib. 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb.


İyulun 13-dən 14-nə keçən gecə və səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlər zamanı düşmən hücumunun qarşısını alarkən rayonunun Yuxarı Salahlı kənd sakini, mayor Əhmədov Namiq Hajan oğlu da qəhrəmancasına şəhid olaraq bir daha sübut etdi ki, Qazaxın igid, mərd oğulları hər zaman olub və bundan sonra da olacaq... Hər an düşmən gülləsinin atəşinə məruz qalan qəhrəman kəndlərdən biri də Fərəhli kəndidir.

Fərəhli kəndinin əhalisi sərhəddə mənfur düşmənlə daim üzbəüz dayanır. 928 nəfər əhalisi, 235 təsərrüfatı olan Fərəhli kəndinin əhalisi Dağlıq Qarabağ müharibəsi başlayan ilk gündən doğma torpaqlarının müdafiəsində mətin dayanmış və bu gün də dayanır. Bu müharibədə kənd 5 nəfər şəhid verib. Həmin şəhidlərdən biri şanlı Aprel döyüşlərinin qəhrəman döyüşçüsü tabor komandiri kapitan Orucov Mühüd Qurban oğludur.

Şəhid Orucov Mühüd Qurban oğlu Fərəhli kənd qəbiristanlığında dəfn olunub. Hazırda 57 nəfər kənd sakini Milli Ordu sıralarında müxtəlif vəzifələrdə xidmət edirlər. Qazax rayonu ərazisində ən yüksək zirvə “Odun dağı”dır. Strateji nöqtə olan bu zirvə Fərəhli kəndinin ərazisində yerləşir və düşmənin postlarına həmin yüksəklikdən ordumuz tərəfindən nəzarət olunur. Fərəhli kənd yolu uzun illər istifadə olunduğundan yararsız vəziyyətə düşmüşdü. Kənd sakinləri yay aylarında tozdan, qış aylarında isə palçıqdan əziyyət çəkirdilər. Maşınların gediş-gəlişində böyük çətinliklər yaşanırdı. Artıq düşmənlə sərhəddə yerləşən Fərəhli kəndinə yeni asfalt yolun çəkilməsinə başlanılıb”.

 Millət vəkili kənd camaatının sevincini xüsusi vurğulayıb:

“Ötən aylarda  Fərəhli kəndində seçicilərimlə keçirdiyim görüşdə sakinlər  kənd yolunun çəkilməsi ilə bağlı məsələ qaldırdılar. Bununla bağlı aidiyyatı qurumlara müraciət ünvanladım.  Qaldırılan məsələ öz müsbər həllini tapdı. Bu məsələnin həllini dövlətin və dövlət başçısının vətəndaşlara olan qayğısının əyani göstəricisi kimi qiymətləndirirəm. Köməkçim Akif Əmirov Fərəhli kəndində olub, bir qrup kənd sakini ilə görüşüb, yeni yolun çəkilişi ilə bağlı mənim adımdan səmimi ürək sözlərini sakinlərə çatdırıb.


Fərəhli kəndinin sakinlərinin daim qəhrəmanlıqla vətənimizin keşiyində dayandığını qeyd edib. Ölkə başçısının qayğısı sayəsində bu gündən yeni yolun çəkilişinə başlanıldığını bildirib. Sakinləri narahat edən bir sıra məsələləri dinləyib, aidiyyəti üzrə baxılacağını qeyd edib. Kənd sakinləri yeni asfalt yolun çəkilməsinə, qaldırdıqları məsələnin qısa bir müddətdə müsbət həllini tapmasına görə ölkə başçısı İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər. Onlar daim dövlətə, ölkə başçısına arxalandıqlarını bildiriblər. 



Bugünkü şad xəbəri yüksək əhval ruhiyyə və könül xoşluğu ilə qarşılayan kənd sakinləri rayon rəhbərinə və köməkçimə bu məsələyə həssaslıqla yanaşdıqlarına görə razılıqlarını bildirib,  minnətdarlıq ediblər”.

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu