Jurnalist jiletlərinin paylanmasında ayrı-seçkilik olmamalıdır

Qulu Məhərrəmli: "Onsuz da reketçiliklə məşğul olanlar da tanınır, peşəkar fəaliyyətlə məşğul olanlar da"

Elçin Şıxlı: "Bizim medianın problemi jilet deyil, onunla problem həll olunsaydı, mən cibimdən pul qoyub, hamıya jilet alardım"

Yadigar Məmmədli: "Bizim əsas işimiz mediamızın peşəkarlığını təmin etməkdir. Çünki biz özümüz dünyaya bunu göstərməliyik və etibar qazanmalıyıq"


Azərbaycan-Türkiyə ortaq media platformasının yaradılması gündəmdədir. 
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyədə səfərdə olarkən bu ölkənin Prezident Administrasiyasının ictimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Fəxrəddin Altunla görüşü zamanı müzakirə edilən məsələlərdən biri də məhz Azərbaycan-Türkiyə ortaq media platformasının yaradılması olub.
F.Altun bildirib ki, Türkiyə və Azərbaycan “bir millət, iki dövlət” şüarı ilə hərəkət edir. Hər iki ölkənin prezidentləri də bu anlayışın yalnız sözdən ibarət olmadığını əməli işlə bütün dünyaya göstərirlər. Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə əlaqələr idarəsi də səlahiyyətinə aid olan bütün məsələlərdə Azərbaycanla sıx əməkdaşlıq edir. Hazırkı mürəkkəb siyasi vəziyyətdə kommunikasiya məsələlərinin ortaq maraqlardan irəli gələrək həll edilməsi mühüm əhəmiyyət daşıyır. Ortaq media platforması yaradılması məhz bu məqsədə xidmət etməlidir.     
Bəli, biz bir millət, iki dövlətik. Bu həqiqəti ümummilli lider Heydər Əliyev illər öncə ifadə etdi və o zamandan bugünədək reallıq hər sahədə özünü büruzə verir. O cümlədən media sahəsində də. 
Azərbaycanın mövqeyi qardaş Türkiyə tərəfindən hər zaman dəstəklənib. İstər siyasi platformada, istərsə iqtisadi və ya ictimai məsələlərdə. Biz Türkiyə mediasının Azərbaycan maraqlarını müdafiə etməsinin şahidi oluruq. Lakin zamanın tələbləri ortaq maraqların, milli mənafenin eyni zamanda media platformasında davamlı və daha qəti formada müdafiəsini tələb edir. Bunu üçünsə səylərin birləşdirilməsi, birgə fəaliyyətin genişləndirilməsi, daha böyük sferaları əhatə etməsi lazımdır. Türkiyə mediası milli və dövlətçilik ənənələrinə sadiqliyini qorumaqla Avropa dəyərləri üzərində inkişaf edir. Bu mənada biz Azərbaycan mediasının geri qaldığını söyləyə bilmərik. Azərbaycan mediası da milli və dövlətçilik maraqlarını hər şeydən üstün tutur. Bu amili gözdən qaçırmayan media quruluşlarımız, şükür ki, mövcuddur. Lakin ortaq media platforması hər iki ölkə üçün informasiya siyasətində daha geniş imkanlar yarada bilər. Bu platforma üstəlik bütün türk dünyasını əhatə edərsə, necə böyük imkanlara sahib olacağımız bəllidir. Qeyd edək ki, Türkiyə mediasından, ümumilikdə informasiya sektorunda  bəhrələnəcəyimiz məsələlər çoxdur. Məsələn, vahid jurnalist kartları. Məlumdur ki, Türkiyədə bu karta sahib olanlar ictimai nəqliyyatdan pulsuz istifadə edir. Jurnalist üçün bundan daha vacib nə ola bilər ki?! Həmçinin “jilet”lər məsələsi. Üzərində “Press” yazılmış jiletlər geyinmiş reportyorlar ən qaynar nöqtələrdə peşəsini icra edir. Azərbaycan mediası da tanışdır bu jiletlərlə. 2012-ci ildə Mətbuat Şurası Daxili İşlər Nazirliyi ilə birgə layihə həyata keçirmişdi və o zaman 700-yə yaxın jurnalistə xüsusi jiletlər paylanmışdı. Bu məsələ yenidən gündəmə gələ bilər. Media mütəxəssisləriylə bu məsələni müzakirə etmək istədik. “Press” jilet geyinmiş jurnalist hansı üstünlük əldə edir?   

“Press” jilet geyinmiş jurnalistin işi şüar səsləndirmək deyil

Bakı Dövlət Universitetinin professoru, Əməkdar jurnalist Qulu Məhərrəmli “Şərq”ə açıqlamasında xüsusi jiletlərin jurnalisti qorumaqdan daha çox, onun məsuliyyətini artırdığını dedi: 

- Jurnalistlərin xüsusi jiletlərdən istifadə etməsi çox yaxşı haldır və məlumdur ki, dünya təcrübəsində bu var. “Press” jiletləri jurnalist vəsiqəsi ilə demək olar eyni mahiyyəti daşıyır. Bu, fərqləndirici nişandır və jurnalistin məsuliyyətini artırdığı kimi, həm də onu təhlükələrdən sığortalayır. Çünki kütləvi tədbirlərdə, nümayiş və ya mitinqlərdə qarşıdurma yaranan zaman polis dəyənəyi 1-i dəfə sıravi nümayişçiyə dəyirsə, jurnalistə 2 dəfə dəyir. Jurnalist hadisələrin mərkəzində olduğundan. Belə də olmalıdır. Daha doğrusu, biz burada reportyor ifadəsini işlətməliyik. Hansısa kütləvi tədbir, nümayiş və ya mitinqdə məlumat toplamaq, ictimaiyyətə düzgün informasiya çatdırmaq məqsədilə redaksiyalar hadisə yerinə reportyor göndərməlidir. Reportyorun xüsusi jiletdə olması əlbəttə böyük üstünlükdür. 



“Xüsusi jiletlər jurnalistlərə hansı meyarlar əsasında paylanmalıdır” sualına cavabında Q.Məhərrəmli qeyd etdi ki, bu məsələdə “ögey-doğmalıq” olmamalıdır:

- “Press” jiletlərin paylanması düzgün təşkil edilməlidir. Yalnız Mətbuat Şurası, yaxud hansısa digər qurum bu işi üzərinə götürüb, özü istədiyi kimi icra etməməlidir. Mətbuat Şurasının üzvü olan, ya olmayan, dövlətdən maliyyələşən, yaxud müstəqil, müxalif baxışlı media orqanı, fərq qoyulmamalıdır. Media orqanının repotyorları varsa və xüsusi jilet üçün müraciət edilibsə, heç bir məhdudiyyət qoyulmadan, ayrı-seçkilik edilmədən mütləq verilməlidir. Yəni, Ədliyyə Nazirliyində rəsmi qeydiyyata alınmış, kütləvi informasiya vasitəsi kimi fəaliyyət göstərən, informasiya daşıyıcısı olan media orqanının əməkdaşlarına xüsusi jiletlərin verilməsində heç bir problem olmamalıdır. Mediada hansı media orqanının necə fəaliyyət göstərdiyi bəllidir. Reketçiliklə məşğul olanlar da tanınır, peşəkar fəaliyyətlə məşğul olanlar da. Müstəqil media orqanlarında çalışanlara da istisnasız olaraq jiletlər verilməlidir. Çünki daha dəqiq informasiyanı məhz müstəqil media yayır. Onlar peşəkardılar və daha çox informasiya əldə edir və yayırlar. Bir də, jurnalistlərin kütləvi tədbirlərdə davranış məsələsi var. Jurnalist-reportyor peşəsindən kənara çıxmamalı, nümayişçilərə, mitinqçilərə qoşulub şüar səsləndirməməli, hansı cəbhədə olduğunu göstərməməlidir. Bu zaman jurnalist-reportyorun müstəqil mövqeyinə kölgə düşür. Repotyorun işi, vəzifəsi yalnız hadisələri müşahidə edib informasiya verməkdir. 

Jiletlər sadəcə jurnalistin öz peşəsini yerinə yetirdiyini göstərir 

Belə hesab edənlər var ki, jurnalistlərin təhlükəsizliyi media azadlığı üçün mütləq şərtdir. 2012-ci ildə Azərbaycan Mətbuat Şurası ilə ATƏT-in jurnalist təhlükəsizliyinə dair birgə seminarı olmuşdu və elə o zaman da jurnalistlərə “Press” jiletlər paylanmışdı.



Həmin hadisəni xatırlayan  “Ayna.az” saytının baş redaktoru Elçin Şıxlı “Şərq”ə açıqlamasında hazırda Azərbaycan jurnalistlərinin probleminin jilet olmadığını dedi: 

- O zaman kütləvi aksiyalar zamanı idi. “Press” jiletləri, vahid kart və sairə, bunlar hamısı texniki məsələlərdir. Hazırda Azərbaycan jurnalistlərinin problemi jiletdə deyil. Jurnalist, lap 100 jilet geyinsin, alınına da “Press” yazsın, bununla problem həll olunmur. Başqa problemlər həllini tapmalıdır ki, alına “Press” yazmağa da ehtiyac qalmasın. Bu jiletlərdən kim istəsə, tikdirib geyinə bilər. Dünyanın hər yerində bu var, dünya mediası da ondan istifadə edir. Operator da geyinir “Press” jileti, jurnalist də. Bu jiletlər sadəcə, o adamın reportyor olduğunu və öz vəzifəsini icra etdiyini bildirmək üçündür. Jilet o adamın jurnalist olduğunu göstərir, amma jilet geyinməklə jurnalist təhlükəsiz olmur, jurnalistə dəymək istəyən, onsuz da dəyir. Amma sonra sorğu-sualda həqiqətdən qaça bilmir. Ümumiyyətlə, bizim medianın problemi jilet deyil, onunla problem həll olunsaydı, mən cibimdən pul qoyub, hamıya jilet alardım.   

Vahid kart, “Press” jiletlər ikinci, üçüncü dərəcəli məsələlərdir



Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli “Şərq”ə açıqlamasında Azərbaycan-Türkiyə ortaq media platformasının müzakirəyə ehtiyacı olmadığını dedi:

- Türkiyədə dünyada tanınan və qəbul olunan, etibar edilən media formalaşıb. Biz bunu illərdir deyirik ki, Azərbaycan mediasının dünyaya çıxışı Türkiyə üzərindən olmalıdır. Üstünlük buna verilməlidir. Bu bizim üçün daha sərfəlidir və təminatlıdır. Azərbaycanda baş verənlərdən dünya Rusiya mediası vasitəsilə öyrənir.

Rusiyanın bəlli maraqları var. Ona görə də informasiyalar təhrif olunmuş formada yayılır. Türkiyə mediası ilə Rusiya mediası Azərbaycana münasibət və ortaq maraqlar, ortaq dəyərlər baxımından müqayisəyə gəlməzdi. Bəli, biz mediamızın, xəbər siyasətimizin dünyaya çıxışını Türkiyə üzərindən təmin etməliyik.

Lakin biz də inkişaf etməliyik. İki ölkə arasında media əməkdaşlığının güclənməsi bizim peşəkarlığımızın artmasına səbəb olmalıdır. Türkiyəyə dəfələrlə səfərlər təşkil olunub, bir çox media mənsubu o səfərlərdə iştirak edib, lakin ortada əməli bir iş olmayıb. Birgə əməkdaşlıq təəssüf ki, kampaniya xarakteri daşıyıb.

Biz hərtərəfli işləməliyik və irəli sürülən təkliflər üzərində fəaliyyətimizi qurmalıyıq. Vahid kartlardı, “Press” jiletlərdi, bunlar bəlkə də ən son görüləcək işlərdir. Bizim əsas işimiz mediamızın peşəkarlığını təmin etməkdir. Çünki biz özümüz dünyaya bunu göstərməliyik və etibar qazanmalıyıq.

Dünya mediası Azərbaycan mediasının yazdıqlarına inanmalıdır, etibar etməlidir. Digər məsələlər düzələndir. 

Paylaş

Bizi Facebookda izləyin
Məlahət Rzayeva Yazarın yazıları
menu
menu