Çin Afrika informasiya məkanına nüfuz edir: “Uyğurlarla bağlı yazılara senzura...”

Çin informasiya siyasətini həm ölkə daxilində, həm də ölkə xaricində getdikcə genişləndirir. Pekin informasiya siyasətini 3 istiqamətdə aparır. Birincisi, Pekin özünə lazım olan informasiya axınını yaradır. İkincisi, Pekin dünyada Çin haqqında tənqidi məlumatları neytrallaşdırmağa çalışır. Üçüncüsü, informasiyanı istədiyi ölkələrə və qitələrə çatdırmaq üçün mənbələr formalaşdırır.  
Çin hazırda Afrika qitəsini hədəf seçib. Pekin son illərdə Afrika ölkələrinə on milyardlarla dollar yatırımlar qoyub. Pekin bu yatırımlarla bərabər Afrika ölkələrində informasiya işini də gücləndirir. Məsələn Çinin “Sinhua” dövlət agentliyi 2018-ci il üçün Afrika ölkələrində 28 bürosunu açıb. 



Proseslərin bu gün də davam etdiyini deyən Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu “Sherg.az”a bildirib ki, Çin Afrika ölkələrindən həm informasiya əldə edir, həm də bu ölkələrə informasiya yayır. 

Politoloq qeyd edib ki, Çin Afrika ölkələrinə texniki avadanlıqlar göndərir və afrikalı jurnalistlərinə təlimlər keçir:

“Çin Afrika ölkələrinin media qurumlarının səhmlərini də alaraq bu ölkələrdə informasiya siyasətinin həyata keçirilməsində rol oynamağa başlayıb. Məsələn Çin Cənubi Afrika Respublikasının “İndependent Media” qurumunun önəmli payına sahib olub. Çin bu yolla Afrika mediasında uyğurlarla bağlı yazıları senzuraya məruz qoyur.

Pekin Afrikada səhmlərini əldə etdiyi media qurumlarının Çin haqqında yalnız müsbət xəbərlərin və yazıların yayınlanmasına nail olub. Məsələn, 2019-cu ildə Afrikanın 28 ölkəsinin mediasında yayınlanan minlərlə məqalənin araşdırması göstərir ki, Çin haqqında ancaq müsbət yazılar yayınlanır”.

E.Şahinoğlunun fikrincə, Çin Afrikada bəzi Qərb medialarıyla rəqabətdə geri qalır:

“Böyük Britaniyanın BBC media quruluşu Afrikada populyardır. BBC-nin xarici ölkələrdəki ən böyük bürosu Keniyada yerləşir. Bu büronun 600 jurnalistdən ibarət ştatı var. Çin Afrikada bu geriliyi aradan qaldırmağa çalışır. Məsələn mərkəzi Pekində yerləşən “Star Times Network” qrupu Afrikada 20 milyon istifadəçisi olan rəqəmsal televiziyaya malikdir. Bu televiziyanı Çinin dövlət bankları maliyyələşdirir”. 

Analitik vurğulayıb ki, Çin informasiya çalışmalarına milyardlarla dollar ayırmağa hazırdır:

“Qərbdə bu investisiyaları Afrika ölkələrində özəl media quruluşları həyata keçirirsə, Çinin investisiyaları dövlət tərəfindən müəyyələşdirilir”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu