Tarixi şans yaranıb ! – “Torpaqlarımızı işğaldan azad edək” 

Azərbaycanda fəaliyyət göstərən bir qrup Qeyri-Hökumət Təşkilatı (QHT)ATƏT-in Minsk Qrupunun həmsədrlərinə müraciət ediblər. QHT-lər Dağlıq Qarabağ bölgəsinə Ermənistan tərəfindən erməni əhalisinin qanunsuz köçürülməsi hallarına dair müraciət ünvanlayıblar.  Müraciətdə deyilir:
“Müşahidələrimizə görə, Ermənistan bəzi Yaxın Şərq ölkələrindən erməni əhalisini Dağlıq Qarabağa və ətraf rayonlarına qanunsuz köçürməyə cəhd edir. İşğal altında olan Dağlıq Qarabağda və ətraf rayonlarımızda təcavüzkar Ermənistanın qanunsuz fəaliyyətləri və məskunlaşma siyasəti bir çox Azərbaycan QHT-ləri arasında müzakirə olunur. Bu, beynəlxalq təşkilatlara müraciət etməyimizə qərar verməyə səbəb oldu”.

Sözügedən müraciətlə bağlı fikirlərini “Sherg.az”la bölüşən Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun (MQF) prezidenti  Rauf  Zeyni bildirib ki, 30 ildir, ermənilərin qanunsuz əməllərinə qarşı beynəlxalq təşkilatlara, parlament və dövlətlərə bəyanatlar veririk.  Eyni zamanda düşməndən bu bəyanatlara hansısa reaksiya verilməsini gözləyirik. 

R.Zeyninin sözlərinə görə, 25 ildir ki, BMT-nin qətnamələri yerinə yetirilmir:

“30 ildir, beynəlxalq ictimaiyyətin səsi eşidilmir. Ermənistana bir dənə də olsun sanksiya verilməsinin şahidi olmadıq. Dünyada haqq-ədalətdən, sülhdən, demokratiyadan danışan qurumların heç biri  Ermənistana təsir göstərmək fikrində deyil. Düşmən bəzi güc mərkəzləri tərəfindən bəslənilir. Ona görə də hansısa bəyanatlar verilməlidir. QHT olaraq beynəlxalq ictimaiyyətdən tələb edirik ki, adekvat tədbirlər görsünlər. Təəssüf ki, bu müraciətlərə reaksiya vermir”. 

“Belə bir məqamda nə etməliyik?” sualına gəlincə, MQF prezidenti maraqlı bir məqamı diqqətə çatdırıb:

“Hələ 100 il bundan öncə Əhməd bəy Ağaoğlu kimi tarixi şəxsiyyətlərin, “Difai partiyası”nı quran Cümhuriyyət qurucularının belə bir rəyi var idi: “Daşnaksütun zehniyyəti ilə hər hansı bir danışıq heç bir effekt vermir. Onları yalnız hərb və silah gücü ilə yerində otuzdurmaq lazımdır. Ondan sonra biləcəklər ki, Azərbaycan haqlıdır”.

Dəfələrlə demişəm ki, “İrəvan” deməsək, Qarabağı bizə verməyəcəklər. Düşünürəm ki, dövlətimizin apardığı işlər, Ali Baş Komandanımız cənab İlham Əliyevin milli bəşəri və mütərəqqi siyasəti öz effektini verəcək.

Yaxın gələcəkdə bunun şahidi olacağıq. Ölkəmizi inkişafı, çoxtərəfli beynəlxalq əlaqələrin qurulması, Azərbaycanın bir neçə beynəlxalq təşkilatda layiqli yer tutması çoxlarına bəllidir.

Beynəlxalq miqyasda ölkəmiz apardığı siyasətlə nüfuz qazanıb, regionda lider dövlətə çevrilib, ordumuzu çox qüdrətlidir. Xalq-dövlət-Prezident birliyi yüksək səviyyədədir. Xalqımızın ölkənin ərazi bütövlüyü uğrunda canından keçməyə hazır olması tarixi bir şans yaradır ki, torpaqlarımızı işğaldan azad edək”. 

R.Zeyni vurğulayıb ki, bütün bəyanatlar və müraciətlərin məqsədi torpaqlarımızın işğaldan azad olunmasıdır:

“Onsuz da ermənilər 1801-ci ildən Livan və başqa yerlərdən Dağlıq Qarabağa köçürülüblər. Ermənilər ömrü boyu kiminsə torpağını, mədəniyyətini, adət-ənənələrini, mətbəxini oğurlayıb nəsə düzəltməyə çalışan bir icmadır. Adamın onlara xalq, millət və dövlət deməyə dili gəlmir. Çünki yalan üzərində qurulublar. Bütün bunları təhlil edib dövlət və xalq olaraq təsirli tədbirlər görməliyik”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu