Planlarımızı işə salmalıyıq ! - “Düşmənin təxribatları müharibəyə işarədir”

“Düzdür, düşmən təşviş içindədir. Amma təxribatlarına ara vermir”

“Tovuz kəndləri yenə də atəşə tutulur, Dağlıq Qarabağa muzdlu döyüşçülər gətirilir” 

“Qorxan tərəf bunu etməz. Sadəcə Ermənistan həmin məqamda Rusiyanın da dəstək göstərəcəyinə əmindir”


Ermənistanda “Böyük Turan” ordusu qorxu yaradıb. Düşmən ölkənin mediası 3 milyona yaxın canlı qüvvənin birləşəcəyi bu ordunun Avrasiyada bütün qüvvələri əzib keçəcəyindən və bunun İrəvan üçün gələcək təhlükəsindən bəhs edir.
“Ermənistanın səsi” saytı yazır ki, Turan ordusunun qurulması məsələsi yeni deyil:

“Vaxtilə Türkiyənin nüfuzlu “Uluslararası Politika Akademisi” nəşri bu layihənin həyata keçirilməsi ilə bağlı Türkiyə, Azərbaycan, Qırğızıstan və Monqolustanın hüquq-mühafizə orqanlarının hərbi statusla birləşdirilməsindən yazırdı. Hərbi statuslu hüquq-mühafizə orqanlarını birləşdirən belə bir ordu 2 milyon 800 min əsgərdən ibarət olacaqdı. Azərbaycan mediası bu ordunun Dağlıq Qarabağda anti-terror əməliyyatı keçirə biləcəyi haqda tez-tez yazır. İndi belə bir ordunun yaradılması layihəsində Mərkəzi Asiyanın hansı ölkəsinin yer alacağı bilinməsə də, ideyanın əməli işdə həyata keçirilməyə başlandığını deyə bilərik”.

Sayt Azərbaycan və Türkiyənin son dövrlər hərbi sferada daha da yaxınlaşmasını Turan ordusunun yaradılması istiqamətində ciddi addım kimi qiymətləndirir.

Politoloq Elxan Şahinoğlu “Sherg.az”a açıqlamasında “Böyük Turan” ordusunun yaradılmasını real hesab etmədiyini söyləyib:

“Hansı Turandan söhbət gedir? Türkmənistan, Qazaxıstan özlərinin hava məkanından Ermənistana silah daşınmasına göz yumurlar. Amma Ermənistanın narahatlığı əbəs deyil. Onları qorxudan Azərbayanla Türkiyənin daha da yaxınlaşmasıdır.

Bizim siyasi və hərbi müttəfiqliyimiz getdikcə güclənir. Ermənistan əslində məhz bu əməkdaşlığı nəzərdə tutub. Bəli, bizim əlaqələrimiz güclənir. Hətta hərbi sazişimiz yenilənə, Azərbaycanda Türkiyənin hərbi bazası yaradıla bilər. Amma digər türk dövlətlərinin bu birliyə daxil olması o qədər də inandırıcı deyil”. 

E. Şahinoğlunun fikrincə, Ermənistanın həmlələri genişmiqyaslı hərbi əməliyyatların başlanacağına işarədir:

“Düzdür, düşmən təşviş içindədir. Amma təxribatlarına ara vermir. Tovuz kəndləri yenə də atəşə tutulur, Dağlıq Qarabağa muzdlu döyüşçülər gətirilir.

Əlbəttə, qorxan tərəf bunu etməz. Sadəcə Ermənistan müharibə başlayacağı təqdirdə iqtisadi və siyasi problemlər avtomatik olaraq arxa plana keçəcəyini düşünür.

Onlar həmin məqamda Rusiyanın da dəstək göstərəcəyinə əmindirlər. Həm də düşmən özü də başa düşür ki, danışıqlar nəticə verməyəcək. Əlbəttə, biz də öz planlarımızı işə salmalıyıq”.

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu