Vəziyyəti getdikcə pisləşir 

Lukaşenkonun Rusiyaya səfərdən sonra Belarus prezidentinin öz hakimiyyətini nə qədər qoruyacağını zaman göstərəcək


Belarusda avqustun 9-da keçirilən prezident seçkilərindən sonra Aleksandr Lukaşenko ilk xarici səfərini Rusiyaya edib. Dünən Soçidə Rusiya və Belarus prezidentləri Vladimir Putin və Aleksandr Lukaşenko arasında təkbətək görüş keçirilib. Putin bildirib ki, Belarus vətəndaşları özləri xarici təzyiq olmadan ölkədəki vəziyyətin öhdəsindən gəlməlidirlər: “Biz, belarusluların xaricilərin müdaxiləsi və təzyiqi olmadan sakit rejimdə və dialoqla vəziyyəti həll etməsinin və ümumi qərara gəlməsinin tərəfdarıyıq”.

Rusiya rəhbəri Lukaşenkonun Belarus Konstitusiyasına dəyişikliklər haqqında təklifini məntiqli, vaxtında və məqsədəuyğun hesab etdiyini də söyləyib: “Rusiya Belarusla mövcud razılaşmaların hamısına, o cümlədən İttifaq dövləti və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsindəki mövcud razılaşmaların hamısına sadiqdir”. Belarus-Rusiya hərbi təlimlərindən danışan Putin ölkəsinin hərbi bölmələrinin Belarusda birgə təlim proqramlarının icrasından sonra öz dislokasiya yerlərinə qayıdacağını da söyləyib. Putin Belarusa 1,5 mlrd. dollar həcmində kredit veriləcəyini də deyib: “Biz razılaşdıq ki, Rusiya Belarusa bu çətin anında 1,5 mlrd. dollar həcmində dövlət krediti versin. Biz bunu icra edəcəyik. Hazırda bildiyim qədəri ilə maliyyə nazirlərimiz bu barədə professional səviyyədə iş aparırlar”.

Belarus Prezidenti Aleksandr Lukaşenko isə bildirib ki, son hadisələr göstərdi ki, Belarus böyük qardaşı Rusiyadan möhkəm tutmalıdır:

“Belarusdakı hadisələr həm Moskvanın, həm də Minskin keçdiyi çox ciddi dərsdir. Bu hadisələrdən bütün MDB ölkələri dərs çıxarmalıdır”. Rusiya və Belarus sərhədləri yaxınlığında NATO-nun hərbi aktivliyindən danışan Lukaşenko onu da qeyd edib ki, Rusiya və Belarus qarşıdakı illər üçün birgə hərbi təlimlər planlaşdırmalıdır. 

Lukaşenkonun Rusiya səfərini “Şərq”ə dəyərləndirən AMİP təmsilçisi, politoloq Əli Orucov deyib ki, Belarus prezidentinin Rusiyaya səfəri Moskvadan alacağı dəstəyi təmin etmək məqsədi daşıyır. Siyasi şərhçiyə görə, Qərb Lukaşenkoya ciddi təzyiq göstərir, onun legitimliyini qəbul etmir və sərt bəyanatlar səsləndirirlər:

“Lukaşenko ölkə müxalifəti ilə dialoq çağırışına getmir və bu istiqamətdə təkliflərə məhəl qoymur. Hazırda Lukaşenkonu dəstəkləyən yeganə dövlət Rusiyadır. Amma göründüyü kimi Belarus prezidenti bu dəstəkdən tam əmin deyil. Çünki Kreml dəfələrlə öz müttəfiqlərini çıxılmaz vəziyyətdə qoyub və arxasında sonadək durmayıb. Bu baxımdan Lukaşenko narahatdır və Rusiyaya səfəri ilə bir növ Kremldən təminat almaq niyyətindədir. Ona qarşı həm daxili, həm də xarici təzyiqlər gündən-günə artmaqdadır. Vəziyyəti getdikcə pisləşir. Hətta Lukaşenkonun sərt tonda danışması, hədə-qorxu gəlməsi də işə yaramır. Rusiyaya səfərdən sonra Belarus prezidentinin öz hakimiyyətini nə qədər qoruyacağını isə zaman göstərəcək”. 

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu