Zeynəbin ağrıları... Dubay şeyxinin azərbaycanlı xanımı çarəsizdir

O ölkənin qanunları icazə verməsə, uşaqlarını gətirə bilməyəcək

Azərbaycanın tanınmış sabiq bədii gimnastı, beynəlxalq dərəcəli idman ustası Zeynəb Cavadlı çıxılmaz vəziyyətdə qalıb. O bu barədə instaqram hesabında paylaşım edərək yardım istəyib. Zeynəb Dubay kralının ailəsindən olan Şeyx Səid Əl Məktumdan ayrıldıqdan sonra onun adamları tərəfindən təqib edildiyini bildirib. Qadın iddia edir ki, keçmiş yoldaşının adamları onun övladlarını oğurlamağa çalışırlar. Bu barədə artıq məşhur "Daily Mail" nəşri də məlumat yayıb. 



Mövzu ilə bağlı fikirlərini "Şərq"ə bölüşən “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirib ki, bir çox ölkələrin öz qaydaları var. Onun sözlərinə görə, bu baxımdan da xarici vətəndaşla ailə quran gənclərimiz ilk olaraq həmin ölkənin qaydalarını bilməlidirlər ki, sonradan bu cür problemlərlə qarşılaşmasınlar:

"Bu məsələdə  ilk növbədə beynəlxalq səviyyəli hüquqşünasa ehtiyac olacaq. İkinci tərəfdən, hər ölkənin öz qanunları var. Xarici vətəndaşla ailə quran şəxs ilk növbədə nikah müqaviləsi bağlamalıdır. Həmin müqavilədə müəyyən şərtlər əks etdirilir. Bu məsələdə də bir çox suallar ortaya çıxır. Həmin xanımın nikah müqaviləsi varmı? Orada hansı şərtlər olub?

Görünən odur ki, müqavilə yoxdur ki, həmin xanım bu cür əziyyət çəkir. Üçüncü məsələ, özü bura qayıtmaq istəyirmi? Bəlkə orda qalıb, orda yaşamaq istəyir.

Digər məsələ isə, bildiyimiz kimi, hər bir ölkənin öz qanunvericiliyi var. Hər dəfə biz qeyd edirik ki, nikaha girən şəxslər əvvəlcə həmin ölkənin ailə məcəlləsinə, ailə münasibətləri ilə bağlı qanunlarla tanış olsunlar. Bundan sonra nikaha girsinlər. Türkiyədə də bu cür problem yaşayanlarımız olur. Hər bir ölkə öz vətəndaşına uşaq da olsa dəyər verir, onu saxlamaq istəyir". 

M.Zeynalova bildirib ki, Dubayın müəyyən qaydaları var ki, onlar da bəzi beynəlxalq standartlara uyğunlaşdırılmır:

"Bildiyimiz kimi, Dubayın öz qaydaları var. Bu baxımdan ola bilsin ki, müəyyən danışıqlar yoluyla bu məsələ həll oluna bilər. Ancaq qanuna qalsa, onlarda buna icazə verilmir. Yəni yalnız qalır həmin şəxsin özünə. Əgər icazə verərsə, uşaqlarını götürüb gətirə bilər. Beynəlxalq təzyiq vasitəsinə gəlincə, fikrimcə, bundan heç kim istifadə etməyəcək.

Çünki dövlətlərarası münasibətlər var. Ola bilsin ki, idmançı olduğuna görə dövlət səviyyəsində hansısa danışıqlar aparıla bilər".  

Paylaş

Bizi Facebookda izləyin
Aynurə Pənahqızı Yazarın yazıları
menu
menu