Zəfər günü unudulmaz...

Cümhuriyyətin elan olunmasından sonra ən böyük hadisə 15 sentyabrdır 

“Həmin gün yadelli işğalçılar, rus bolşevikləri və erməni daşnakları Bakıdan qovuldu"

Sentyabrın 15-i, yəni bu gün Bakının rus bolşevikləri və erməni daşnaklarından qurtuluşunun 102-ci ildönümüdür. 1918-ci il məhz bu gün Qafqaz İslam Ordusu döyüşlərdə minlərlə türk əsgərini və hərbçisini şəhid verərək paytaxtımızı bolşevik-daşnak hərbi birliyinin işğalından azad edib. Bu şanlı ordu Gəncədən Bakıya qədər qəhrəmanlıq tarixi yazıb. Bakının azad edilməsi Azərbaycan tarixinin önəmli bir səhifəsidir. Bakı sentyabrın 15-də, Qurban bayramı günü azad edildi. Osmanlı ordusu təkcə Bakının azad olunması üçün həyata keçirilən hərbi əməliyyatlar zamanı 1130 şəhid verdi.

Ümumiyyətlə isə xilaskar türk ordusu Azərbaycan uğrunda 5 minə yaxın şəhid verib. Türk ordusunun Azərbaycanda hərbi əməliyyatlar keçirdiyi bölgələrdə 10-larla şəhidlik mövcuddur. 1919-cu ilin sentyabrında indiki Şəhidlər Xiyabanında türk şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi üçün möhtəşəm bir abidənin özülü qoyulsa da, 1920-ci ilin aprelində Azərbaycan Xalq Cümhuriyyətinin süqutu abidənin inşasının başa çatmasına imkan vermədi.

Lakin Azərbaycan xalqı türk ordusunun Bakının işğaldan azad edilməsi üçün göstərdiyi qəhrəmanlıqları, verdiyi qurbanları həmişə ehtiramla yad edib. Azərbaycan yenidən öz dövlət müstəqilliyini bərpa edəndən sonra Qafqaz İslam Ordusunun şərəfinə 1999-cu ildə Şəhidlər Xiyabanında abidə ucaldılıb. 1918-ci il sentyabrın 15-də Bakının işğaldan azad edilməsi Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı tarixinə yazılan şanlı səhifələrdəndir.

Bu əbədi dostluq günümüzdə də özünü bariz şəkildə göstərməkdədir. Son bir-iki aydır qardaş Türkiyənin Azərbaycana dəstəyi ən yüksək səviyyədə əks olunmaqdadır. Heç şübhəsiz, nə qədər Azərbaycan xalqı var, bu möhtəşəm gün qeyd olunacaq.



Önəmli tarixi günlə bağlı “Şərq”ə danışan BDU-nun müəllimi, tarixçi-alim Boran Əziz deyib ki, Azərbaycan tarixində Cümhuriyyətin elan olunmasından sonra ən böyük hadisə 15 sentyabrdır. Alimin sözlərinə görə, 28 mayda Cümhuriyyət Azərbaycandan kənarda elan edildi, 15 sentyabrda isə xalqımız öz təbii paytaxtına sahib ola bildi:

“Həmin gün yadelli işğalçılar, rus bolşevikləri və erməni daşnakları Bakıdan qovuldu.

Çox böyük və tarixi əhəmiyyətli hadisə idi. Bakının azad edilməsi xəbərini Məhəmməd Əmin Rəsulzadə İstanbulda alır və bu sevincli məlumatın onda oyatdığı hissləri qələmə almaqda aciz qaldığını bildirirdi. Türkiyənin yüksək dövlət xadimi “Əmin bəy, Bakı alındı” deyə xəbər verdikdə, Rəsulzadə bunu çox böyük sevinclə qarşılamışdı. İstanbulda çoxlu qurbanlar kəsir, küçələrdə bayram edirdilər. Deyirdilər ki, “daha bir türk yurdu gavurlardan azad edildi”. Hökumət Bakıya köçdükdən sonra Fətəli xan Xoyskinin çıxışı da çox əhəmiyyətlidir.

Xoyski əhali qarşısında çıxış edərək heç bir aeroplanın, tankın, topun xalqın istəyi qarşısında duruş gətirə bilmədiyini qeyd etmişdi. Cümhuriyyət rəhbərləri Bakının azad edilməsini “Başın bədənlə qovuşması kimi” qiymətləndirmişdilər.

Əhali gözlərinə inana bilmirdi, çünki cəmi bir neçə ay əvvəl sakinlər Bakıda salamat qalmağın yollarını axtarırdılar. “Sentrakaspi” diktaturasının rəhbərləri bakılıları öz yurdlarından didərgin salmışdı. Amma sentyabrın 15-dən sonra bu problemlərin hamısı ortadan qalxdı”. 

Tarixçi vurğulayıb ki, Azərbaycanın dövlətçilik tarixi eramızdan əvvəl 3-2 minilliklərdən başlasa da, XX əsrin əvvəllərinədək adı “Azərbaycan”, paytaxtı “Bakı” olan dövlət qurulmamışdı: “Cümhuriyyətin qurulması məhz M.Ə.Rəsulzadə və onun silahdaşlarının – Nəsib bəy Yusifbəylinin, Fətəli xan Xoyskinin, Əlimərdan bəy Topçubaşinin və digərlərinin əməyi sayəsində mümkün oldu.

Bakının azad edilməsində türk mehmetçiklərinin, Osmanlı türklərinin göstərdiyi fədakarlığı unutmaq nankorluq olardı. Ən azı hər il sentyabrın 15-də Vətənin nə demək olduğunu anlamalıyıq, paytaxtın nə olduğunu dərk etməliyik. Türk şəhidlərini yad etmək, minnətdarlıqla anmaq hər bir azərbaycanlının çiyinlərinin borcudur.

Əhali Bakıda və bölgələrdəki türk şəhidliklərini ziyarət etməlidir. 15 sentyabrı yad etmək, şəhidlərin xatirəsini əziz tutmaq insanlarda vətənpərvərlik duyğusunun baş qaldırmasına, bizə ən çətin anlarda kimlərin yardım etdiyini anlamağa kömək edir.

Bu ilin iyun ayında ermənilər və arxalarındakı güclər Tovuz istiqamətində Azərbaycana hücum edərkən, ölkəmizi təhdid edərkən növbəti dəfə qardaş Türkiyə köməyimizə yetişdi. Başda qardaş ölkənin prezidenti olmaqla, müdafiə və xarici işlər naziri səviyyəsində dəfələrlə Azərbaycanın yanında olduqlarını, hər cür dəstək verəcəklərini bəyan etdilər”. 

B.Əzizli bu tarixi günü gözdən salmaq istəyənlərə də cavab verib:

“Türk ordusu Qafqaza gələn zaman ermənilər və ruslar İğdır və Qarsda türklərə qarşı dəhşətli qətliam törətmişdilər, şəhərləri yerlə-yeksan etmişdilər.

Amma Azərbaycanı və öz qardaşlarını xilas etməyə gələn türk ordusunun bir hissəsi İğdır, Qars və Ərdahan torpaqlarını deyil, məhz Bakını azad etmək üçün yüz kilometrlərlə yol qət etdilər.

Bu fakt müasir dövrdə Qafqaz İslam Ordusuna böhtan atanlara, onların Azərbaycanı “işğal” etməyə gəldiyini iddia edənlərə, “yeraltı sərvətlərimiz üçün gəlmişdilər” kimi hədyanlara ən gözəl cavabdır”.  

Alim əlavə edib ki, Nağı Şeyxzamanlı xatirələrində Nuru paşanın rəhbərliyi altında Azərbaycana gələn Osmanlı qoşunlarının Gəncədə çox böyük təntənə ilə qarşılandığını yazırdı:

“Türklərin qarşılanma mərasimində təkcə yerli əhali iştirak etmirdi. Müsəlman Xeyriyyə Cəmiyyəti 1915-ci ildə Qars və Ərdəhanda qalmış kimsəsiz müsəlman uşaqlarının gürcü və ermənilər tərəfindən məscidlərə aparılaraq kiçik yaşlarından xristian kimi böyüdülməsinə imkan verməmək üçün onları Bakıya gətirmişdi. Həmin uşaqlar Gəncədə azərbaycanlı ailələrə verilmişdi. N.Şeyxzamanlı yazır ki, Osmanlı əsgərlərini qarşılayarkən kütlə arasındakı uşaqlardan biri “ata, ata” deyərək türk əsgərini tanımış və qaçaraq ona sarılmışdı.

Şeyxzamanlıya görə, bu hadisə orada olan bütün adamlara dəhşətli dərəcədə təsir göstərmiş, hamını kövrəltmişdi. Yüz il sonra belə adam bu hadisəni oxuduqda tükləri biz-biz olur.

Bu, bir daha Türkiyə və Azərbaycan türklərinin qardaş olduğunu, dostluğumuzun sarsılmazlığını, daim bir-birimizə arxa çıxdığımızı göstərir. Bu birliyə nə qədər mane olmağa cəhd etsələr də, əbəsdir, heç kim buna nail ola bilməyəcək”. 

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu