İçərişəhər yaşayan tarixdir - Ayaq saxla, dünənə bax... – REPORTAJ + Fotolar


 ...Müsahibimlə sağollaşdıqdan sonra hazırlayacağım reportaj üçün İçərişəhərin yolunu tuturam. Koronavirus pandemiyasının nə vaxt bitəcəyini bilmirəm, amma bildiyim odur ki, ötən aylar ərzində insanlar paytaxt Bakı üçün çox darıxıbmış. Lap əzizlərindən, sevgililərindən darıxan kimi onun boynuna sarılacaqları günü gözləyirlərmiş. Çünki günorta olmasına və isti havaya rəğmən, ətrafda xeyli insan var. Əlbəttə, bu, təsadüfi deyil. Axı İçərişəhər paytaxtın ən görməli, gəzməli yerlərindən biridir. Həm də İçərişəhəri təkcə Bakının yox, bütünlüklə ölkə tarixinin ensiklopediyası da hesab etmək olar. Növbəti bir məqam isə müxtəlif vaxtlarda “İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsinə rəhbərlik edən şəxslərdir.



Çoxu indi daha yüksək vəzifədədir və öz fəaliyyətləri ilə onlara göstərilən etimadı doğrultmağa çalışırlar. Məsələn, hazırkı İqtisadiyyat naziri Mikayıl Cabbarov 2009-2013-cü illərdə həmin postu tutub.  Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyev isə növbəti üç il ərzində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi olub. İndi  “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Əsgər Ələkbərovdur. Bu faktları deməyim əbəs deyil.

Görünür, vətəndaşlarla yanaşı, turistləri də İçərişəhərə cəlb edən nüans məhz vaxtı ilə atılan uğurlu addımlar, görülən işlərdir. Bir də ki, əlbəttə, xarici ölkələrdə yaşayanların əksəriyyəti üçün Aazərbaycan məhz İçərişəhərlə assosiasiya olunur. Nəzərə almaq lazımdır ki, "İçərişəhər", xalq arasında həm də "Qala" və ya sadəcə "Qədim şəhər" kimi tanınan tarixi məhəllə Bakının ən qədim hissəsi, həmçinin tarixi-memarlıq qoruğudur. 221 000 kvadrat metr sahəyə malik olan qoruq ərazisində 1300-dən çox ailə yaşayır. 


Qoruq ərazisi hələ tunc dövrünə aiddir.  Artıq VIII-IX əsrlər ərzində İçərişəhər ərazisi sıx məskunlaşıb, burada sənətkarlıq və ticarət inkişaf edib. XV əsrdə Şirvanşahların öz iqamətgahlarını Şamaxıdan Bakıya köçürməsindən sonra İçərişəhərin həyatında "kristallaşma" dövrü başlayıb. 1748-1806-cı illərdə Bakı və onun mərkəzi olan İçərişəhər Bakı xanlığının paytaxtı olub.

1806-cı ildə ruslar Bakını işğal edəndən və neft bumunun yaşanmasından sonra (XIX əsrin sonları-XX əsrin əvvəlləri) şəhərin inkişaf və genişləndirilməsi prosesi başlayıb, insanlar İçərişəhər divarlarından kənarda da sıx məskunlaşıblar.



İçərişəhərdə yerləşən məşhur memarlıq abidələri Qız qalası və Şirvanşahlar sarayı Azərbaycan memarlığının inciləri hesab edilir. Bunlardan başqa, qoruq ərazisində onlarla tarixi-memarlıq abidələri – məscidlər, karvansaralar, hamamlar, yaşayış evləri yerləşir, bir neçə muzey, səfirlik, otel, ticarət obyektləri, kafe və restoranlar fəaliyyət göstərir.

1977-ci ildə İçərişəhər tarix-memarlıq qoruğu elan edilib.

 Buradakı  hər daş, hər qaya tarixilikdən xəbər verir. Elə bil, XIX, XX əsrdir. Bircə addımbaşı rast gəlinən təhlükəsizlik kameraları insana reallığı xatırladır-indi texnologiya dövrüdür. Texnologiya isə hər yerdə var. Bir yoldaşımız demiş, bir azdan elə olacaq ki, onu əynimizə də geyinə biləcəyik.
Hündür  qala divarlar onlarla eyni boyda olan bir neçə mərtəbəli evlərlə əhatə olunub. Bəzilərinin eyvanlarına masa, stul qoyulub. Yəqin ki, ev sahibləri axşam burada oturur, çay içərək şəhəri seyr edirlər. 



 Həftə içi hər gün işdən evə qayıdanda avtobusun pəncərəsindən bu evlərə maraqla baxmağımı, oralarda yaşayanlara həsəd aparmağımı xatırlayıram. Bilirsiniz,  niyə “həsəd aparmaq” deyirəm? Çünki bütün şəhər “ayaqlarının altındadır”. İstədikləri zaman sadəcə yolu keçib bulvara gedir, istədikləri zaman da İçərişəhərin dar küçələrində gəzirlər. 

 Dar  küçələr boyunca daş hasarlar uzanır və bu, mühitə əlavə gözəllik, tarixilik verir. Ən çox diqqətimi çəkən məqamlardan biri ərazidəki kafe, restoran, otel adlarıdır. Düzü, çox sevinirəm. Çünki bir dənə də olsun xarici ad yoxdur. Bunun əvəzinə, müasir arxitekturalı və “Qız qalası”, “Şirvanşahlar”, “Kükü” və s. adlı ictimai iaşə obyektləri müştərilərə xidmət göstərir. Həmin kafe və restoranlarda xeyli adam var. Hətta turistlər də az deyil. Maraqlıdır, qiymət yerlilərə, ya turistlərə uyğun müəyyənləşdirilib?..



 Evlərin  qapılarının taxtası fərqli rənglərdədir. Bəzilərinin pilləkənlərinə, eyvanlarına dibçəkdə güllər qoyulub. Elə gözəl görünür ki... Sanki nağıllar aləmindəsən. 

 Qapıların birinin yanında yazılan iki sözlü ifadəni ürəyimdə iki-üç dəfə oxuyuram - “Carpe diem”. Yəni “Anı yaşa”. Qərbdə belə bir cərəyan var. Bayaqkı psixoloq respondentimlə də elə bu barədə danışırdıq. Anı yaşaya bilənlər, etmək istədiklərini təxirə salmayanlar, dərhal edənlər, həqiqətən, çox xoşbəxtdirlər. Eyni ilə məşhur fransız yazıçısı Mark Levinin “Yenidən başlamaq mümkün olsaydı” əsərindəki kimi. Uzaqbaşı gələcəyi uduza bilərsən, amma bu gün qalib gələcəyinə əmin olursan. 



 Xeyli aralıdan görünən Qız qalasının ətrafında çoxlu adam toplaşıb. Şəkil çəkirlər. Bu abidə “Küləklər şəhəri”nin simvoludur axı. Tarixçəsi də, yəqin ki, çoxlarına məlumdur. Yəni intihar təkcə indinin yox, bütün dövrlərin və cəmiyyətlərin problemidir. Yenə bəxtimiz gətirib ki, indi psixoloqlar var. O vaxtlar depressiyaya düşənlər nə edirdilər, görəsən?

 Elə buradaca iki ortaboylu kişi mənə yaxınlaşır. Türk dilində Şirvanşahlar sarayının harda olduğunu soruşurlar. Başa salıram. Qardaş ölkə vətəndaşlarını belə bir vaxtda Azərbaycanda, yanımızda görmək çox xoşdur.



 Küçələrin birində İctimai Televiziyanın maşınlarına rast gəlirəm. Film çəkirlər. Aktyorlar, aktrisalar illər əvvəlin geyimlərini geyiniblər. Bir neçəsinin əlində tapança var. Yaxınlıqdakı arabaya bağlanmış at isə rolunun çatacağı epizodu gözləyir...
 Lakin isti, doğrudan da, insanı birtəhər edir. Hətta smartfonumun obyektivinə tuş gələn bu pişik də, deyəsən, bir damcı su axtarır...

 Ətrafa diqqətlə baxa-baxa irəliləyirəm. Heç, bəlkə də, turistlər mənim qədər maraqla baxmırlar evlərə, daş-divara... 



 Qarşıma çıxan məlumat lövhəsinin üzərində yazılıb: “İçərişəhər” dövlət tarix-memarlıq qoruğu. “İçərişəhər” dövlət tarix-memarlıq qoruğunun ərazisi 22 hektardır. Yüzlərlə tarix-memarlıq və arxeoloji abidələrlə zəngin qədim İçərişəhər ilk insanların hələ Paleolit dövründə məskunlaşdığı bir məkanda formalaşıb. İçərişəhər canlı şəhərdir. Onun ərazisində bu gün minlərlə insan yaşayır. 

 İçərişəhər Şirvanşahlar sarayı və Qız qalası ilə birlikdə 2000-ci ildə UNESKO-nun Dünya İrsi Siyahısına daxil edilib. 

 Şəhərin XII əsrdə inşa olunmuş Qala divarlarının böyük hissəsi bugünə qədər qorunub saxlanmaqdadır. Qoruğun qədim tarixi abidələri olan Qız qalası (e.ə.VII əsr-b.e.XII əsri), Məhəmməd məscidi (XI əsr) və Şirvanşahlar Sarayı Kompleksi (XII-XV əsrlər) Azərbaycan memarlığının nadir incilərindəndir”.
 Ana dilində yazılmış mətnin yanında ingiliscə tərcüməsi də var. Sözsüz ki, bu da xaricilərdən ötrü nəzərdə tutulub. Qoy, onlar həqiqəti-Azərbaycan tarixini bilsinlər, görsünlər, oxusunlar. 



 Yanında dayandığım tikili İtaliya səfirliyinin binasıdır. Burdan yolun o  tərəfinə baxıram. Uzaqda üçrəngli Azərbaycan bayrağı dalğalanır. Səfirliklə üzbəüz...

 Bilmirəm, nədəndir, ancaq yollarda pişiklər yaman çoxdur. Hərəsi də bir yerdə özünü kölgəyə verib. Görünür, yerli camaat onlara yaxşı baxır...
 İndiyədək hər şey yaxşı idi. Ta ki bu mənzərəni görənədək: Divarlar yazıq yazıqdır. Sözün hər iki mənasında. Yəni həm də yazılmaqdan yazıq gününə düşüb. Yenə qeydlərdən  nə isə başa düşülsə, dərd yarı. Lakin yox, böyük dərddir. Bir insan öz tarixini niyə bu günə qoysun?! Hələ belə işləri sənət hesab edənlər də var. Allah kəssin belə işi də, sənəti də...



Qıfıllı, qədimi tipli qapının üstündəki “Karvansara. Bazar” sözləri aydın oxunur. Elə bil, indi “Ay müştəri, qızıldandır dişləri!..” nidaları ətrafı bürüyəcək. Amma belə olmur. İnsanlar, xüsusilə də turistlər foto çəkməklə, suvenerlərin qiymətini soruşub, ən bəyəndiklərini almaqla məşğuldurlar. 
 Qarşıma çıxan banerdə (reklam lövhəsi) ingiliscə bu sözlər yazılıb: “İcherisheher living history”. Yəni İçərişəhər yaşayan tarixdir. Şübhəsiz ki, xaricilər bu sözləri oxuyandan sonra tarix-memarlıq qoruğuna daha çox maraq göstərirlər. 

 Dalan  küçələrə girirəm. Gördüyüm mənzərə qarşısında təəccüblənirəm. Qeyri-iradi olaraq üzümə təbəssüm qonur. Bir neçə kişi manqal hazırlayır. Yəqin ki, kabab çəkəcəklər. Ancaq bu cür hallara icazə verilib-verilmədiyini bilmirəm. Hər halda təhlükə ehtimalı həmişə var. 

 Məscid  bağlıdır. Qapıya vurulan kağızda bunun koronavirus pandemiyası ilə əlaqədar olduğu yazılıb. İçəridə İran əlifbası ilə yazılan sözlər də diqqətimi çəkir. İran müsəlman ölkəsidir, amma... Çox güman, son vaxtlar baş verən siyasi hadisələr, cənub qonşumuzun müsəlmanlığa zidd hərəkətləri bəzi oxucularımıza məlumdur. Məzmunu dəyişdirməmək naminə siyasi çalarlara çox toxunmaq istəmirəm. Hər halda, məsələdən agah olmayanların da məlumat əldə etməsi çətin deyil. 


 
Gözüm divardakı böyük saata sataşır. Əqrəblər 5:30-u göstərir. İnanmıram. Əgər belədirsə, deməli, dörd saatdır gəzirəm. Vaxtı dəqiqləşdirmək məqsədilə telefonumdakı elektron saata baxıram. Yox, həqiqətən, altının yarısı imiş. Zaman necə də tez keçir. Ümid edək ki, aylardır davam edən koronavirus pandemiyasından da tez bir zamanda canımız qurtaracaq və biz sevgilimizin-paytaxt Bakımızın boynuna daha möhkəm sarılacağıq. 
 Yaşlı, nimdaş geyimli bir qadın daşın üstündə oturub. Ovcunu qabağa uzadıb, gedib-gələnə baxır. Bu dəqiqələrdə bahalı restoranlardakı bahalı geyimli adamlar isə sifarişləri gecikdiyinə görə ofisiantı məzəmmət edirlər. Koray Avcı demiş, “Adalatin bumu, dünya?...”.

 Bir az irəlidə iki gənc  gitarada ifa edirlər. Məşhur türk mahnısının sözləri çox xoş təsir bağışlayır:


“Sən gəl, gecələri bir də bana sor...”. Doğrudan da, görəsən, İçərişəhərin gecələri necə olur? Təkcə həmin sualın cavabını tapmaqdan ötrü burada yaşamağa dəyər.

Həm də dünyanın neçə yerində qədimiliyin və müasirliyin bu qədər vəhdətdə olduğu, dənizin sahilində yerləşən, hər kəsi özünə heyran qoyan ikinci bir ərazi var? Bəlkə də, heç yoxdur. 

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu