Psixoloqla səmimi söhbət ! - “Pasiyentim soruşdu ki, hamını belə yola salırsınız?!” – Orijinal yanaşma !

“Bilirsiniz niyə təəccübləndi? Çünki bəzi həmkarlarım heç ayağa da qalxmırlar”

“Qarşı tərəfi onunla əlaqəmin sadəcə seansla məhdudlaşmadığını və bunun maddiyat üzərində qurulmadığını inandırmağa çalışıram”

“Bu zaman pasiyent özünü daha yaxşı hiss edir”

 “Bir terapiya öyrənmək, bir kitab oxumaqla psixoloq olmaq mümkün deyil”

 “Psixoloqun da bir psixoloqa ehtiyacı olması fikri təsadüfi deyil”



Bəzən  bunu özümüzə etiraf etməsək də, səhhətimiz təkcə fiziki sağlamlıqdan ibarət deyil. Çünki ağrımamaq, asqırıb-öskürməmək hələ sağlam olmaq mənasına gəlmir. Ola bilsin, depressiyaya düşmüşük və ya panik-atak olmuşuq. Bax, yalnız belə anlarda, yəni çətinə düşəndə yadımıza onlar- psixoloqlar düşür. Beləliklə, bir sıra hallarda “dəli həkimi” deyərək əməklərini, zəhmətlərini görməzdən gəldiyimiz peşə sahiblərinin qəbullarına düşür, onlara dərdimizi danışırıq. Necə olduğunu bilmədən, bir də baxırıq ki, bayaqkı ruh halımızdan əsər-əlamət yoxdur-daha qaş-qabağımızı sallamır, qayğılanmır, əksinə, gülürük. Sanki psixoloq bir maqnit kimi ruhumuzdakı neqativləri özünə çəkir. 

 Ölkəmizdə peşəkar, gənc, öz işini sevən psixoloqların, yəni ruh həkimlərinin kifayət qədər olması çox sevindiricidir. Deməli, necə deyərlər, ruh sağlamlığımız əmin əllərdədir. Belə psixoloqlardan biri də BDU-nun Sosial elmlər və psixologiya fakültəsinin məzunu Gülnarə Muxtarovadır. Təhsilinin magistr pilləsini qardaş Türkiyədə davam etdirmiş soydaşımız  seçdiyi və sevdiyi sahədə kifayət qədər uğur qazanıb. Odur ki, “Sherg.az” olaraq Gülnarə xanımla görüşüb, söhbətləşdik. O, suallarımızı səmimi, ətraflı cavablandırdı. 



- Gənc olmağınıza rəğmən, kifayət qədər tanınırsınız. Sizcə, bu uğurunuzun sirri nədədir?

- Yəqin ki, işimi, peşəmi sevməkdə. Abituriyent vaxtı özümü sınamaq məqsədilə kollecə imtahan vermiş və qəbul olmuşdum. Valideynlərim də çox sevinmiş, təhsilimi məhz kollecdə davam etdirməyimi istəmişdilər. Amma bu, mənim tam ürəyimcə deyildi. Özümü tapa biləcəyim bir sahə axtarırdım. Ətrafdakı insanlarla həmişə çox rahat ünsiyyət qurmuş, konfliktə meyl göstərməmişəm. Problemlərin danışılaraq həll oluna biləcəyinə uşaqlıqdan inanmışam. Görünür, bunu sinif yoldaşlarım da hiss etmişdilər. Çünki onları narahat edən hər xırda məsələni mənə danışırdılar. Hətta evimizə də zəng edirlər. Bu, valideynlərimi narahat edirdi, mənfi enerji ilə yükləndiyimi düşünürdülər. Halbuki, tam əksinə, zövq alırdım, mənəvi rahatlıq tapırdım. Beləliklə, ixtisas seçimində sənədlərimi BDU-nun psixologiya ixtisasına verdim və qəbul oldum.

- Bəs sonra?

- Sonra yanılmadığımı anladım. İxtisasımı sevərək oxudum. Bir çox yerlərdə olduğu kimi, bizdə də əsas yer nəzəriyyəyə verilir, praktikaya laqeyd yanaşılır. Ona görə II kursda oxuyandan Psixi Sağlamlıq Mərkəzinə müraciət etdim və burada çox şey öyrəndim. Seanslarda iştirak edir, terapiyaların sirlərinə yiyələnirdim. Həmin mərkəz mənim üçün ikinci məktəb oldu. Bir il burada təcrübə keçdim. Sonra isə təcrübəmi daha da artırmaqdan ötrü müxtəlif mərkəzlərə, kurslara üz  tutdum. Çünki tədris prosesi çərçivəsində formal praktika saatlarının başlanacağını gözləmək istəmirdim.III kursda oxuyanda çoxu elə bilirdi ki, işləyirəm. 2017-ci ildə Bakıda təhsilimin bakalavr pilləsini başa vurduqdan sonra Türkiyəyə-Bursa-Uludağ universitetinə müraciət etdim və magistratura pilləsinə qəbul oldum. Mövzu götürüb, üzərində işlədim. Ardınca müdafiə etdim və uzmanlıq dərəcəsi aldım. Fəqət əvvəlki illərdə olduğu kimi, bu gün də dayanmadan oxuyub, öyrənirəm.  Psixologiya elə bir sahədir ki, daim özünü inkişaf etdirməlisən. 

- Niyə belədir?

- Çünki insanla işləyirsən. Bir insanda tətbiq etdiyin metod  başqasında nəticə verməyə bilər. Məhz bu səbəbdən gərək bilik və bacarıqlarını daim artırasan. Bir terapiya öyrənmək, bir kitab oxumaqla psixoloq olmaq mümkün deyil. 

- Özünüinkişafdan danışdınız. Bu gün cəmiyyətdə şəxsi inkişaf kitablarına münasibət birmənalı deyil. Sizin fikirləriniz necədir?

- Bakalavr dövründə mən də belə kitablar oxumuşam. Amma təbii ki, hər birini yox. Fikrimcə, bu məsələdə çox həssas olmaq lazımdır. Çünki hər insanın,
o cümlədən də müəllifin bir taleyi, yolu var. Onun yazdıqları şəxsi təcrübəsidir və bu, heç də hər birimizin analoji hadisələrlə rastlaşmağımız demək deyil.  Həmin səbəbdən şəxsi inkişaf kitablarından daha çox real təcrübəyə üstünlük verirdim. Gənc psixoloqlara da bunu məsləhət görürəm. 

- Bəzən filmlərdə elə göstərirlər ki, guya psixoloqun işi ancaq “anlayıram”, “başa düşürəm” deməkdən ibarətdir. Bəs əslində nəcədir?

- Pasiyent ilk gün dərdini danışa bilər. Amma sonra o, psixoloqun danışmasını gözləyəcək, ondan nəticə tələb edəcək. Bu mənada bizim işimiz dərd dinləmək deyil. Pasiyentin dediklərinə uyğun diaqnoz qoyur və sonra ona uyğun terapiya metodu seçirik. Əlbəttə, ilk növbədə qarşımızdakı şəxsə terapiya barədə məlumat veririk. Və yalnız onun razılığından sonra işə başlayırıq. Onu da deyim ki, bizim işimiz nəinki dərd dinləmək, heç danışmaq da deyil. 

- Əgər belə olsa pasiyent bir əzizi ilə də danışa bilərdi...

- Əlbəttə. Hətta, bəlkə də, nəticə daha yaxşı olardı. Amma faktiki olaraq belə deyil. Çünki dost, rəfiqə “fikir vermə”, “düzələr” deyir. Belə sözlər isə insanı daha da qıcıqlandırır. Nəzərə almaq lazımdır ki, pasiyentin ən yaxşı bildiyi probleminin həllidir. Sadəcə həmin vaxt şüurlu, soyuqqanlı düşünə bilmir və bir mütəxəssis rəyinə ehtiyac duyur.

- Bəs pasiyentin problemini necə həll edirsiniz?

- Bizim sehrli çubuğumuz yoxdur. Bu mərhələ qarşılıqlı əmək tələb edir. Yəni pasiyentlə psixoloq qarşılıqlı yardımlaşmalıdır. Qarşılıqlı tərəfdaşlıq olmayacağı təqdirdə nəticə uğursuzluğa məhkumdur. 

- Pasiyent bəzi nüansları gizlədəndə, onu narahat edənləri tam deməyəndə reaksiyanız necə olur?

- Əlbəttə, belə hallar olur. Ona görə də əsas məsələ pasiyentə güvən verməkdir. Qarşımdakı şəxs mənə inandan sonra əvvəl-axır hər şeyi açacaq. Birinci, ikinci seanslarda nələrisə gizlətməyi mümkündür, lakin sonra mütləq ən xırda detalları da dilə gətirəcək. Həm də biz pasiyentin dedikləri ilə kifayətlənmirik, “daha ətraflı danış”, “nə demək istəyirsən?” kimi sözlərlə onu daha çox informasiya verməyə vadar edirik. 

- Deyirlər ki, depressiya ruhun soyuqdəyməsidir. Deməli, heç kim bu haldan sığortalanmayıb. Bəs siz bir psixoloq kimi özünüzü depressiyadan necə qoruyursunuz? 

- Zaman-zaman bizdə də depressiya, tükənmişlik sindromu kimi hallar olur. Bu nöqteyi-nəzərdən psixoloqun da bir psixoloqa ehtiyac olması fikri
təsadüfi deyil. Ümumiyyətlə, üç ildən bir psixoloq qəbuluna düşməkdə fayda var. 

- Deməli, hətta siz də psixoloqa müraciət edirsiniz. 

- Düzü, yox(gülür). Çünki biz həmkarlar olaraq bir-birimizin işinə bələdik. Yəni mən bu sahənin bir nümayəndəsi kimi başqa psixoloqların texnikalarını, üsullarını aşağı-yuxarı bilirəm. Ona görə həmin seansların cazibəsi itir. Pasiyent isə bunu bilmədiyinə görə, konsultasiyalara maraq göstərir. Mən indiyədək depressiyaya düşməmişəm. Sadəcə tükənmişlik sindromu olub. Əslində nəyinsə olacağını gözləmirəm. Əksinə, bunun qarşısını almaq naminə müntəzəm olaraq müxtəlif məşqlər, o cümlədən nəfəs məşğələləri edirəm.

- Bir çox hallarda psixoloqların seanslarının qiymətlərindən narazılıq edirlər. İttiham edilən tərəfin bir nümayəndəsi kimi cavabınız nədir?

- Düşünmürəm ki, ölkəmizdə qiymətlər o qədər də bahadır. Bəlkə də, baha qiymət deyən psixoloqların da öz əsasları var. Bayaq da dediyim kimi, psixologiya davamlı inkişaf tələb edir. Yəni öz üzərimizdə işləməkdən ötrü müəyyən vəsait ayırırıq. Amma istənilən halda hər kateqoriyaya və təbəqəyə uyğun standart qiymət olmalıdır. Fikrimcə, psixoloqlar bəzi hallarda güzəştə gedə bilərlər. Çünki psixoloji sağlamlıq ciddi məsələdir və zarafata gəlməz. 

- Psixologiya sahəsi ilə əlaqədər Azərbaycan və Türkiyə arasında hansı fərqlər var?

- Bu elm qardaş ölkədə daha çox inkişaf edib. Hətta bizim bəzi mütəxəssislərimiz türkiyəli həmkarlarından öyrənirlər. Eyni zamanda,orda qiymət daha bahadır. Məsələn bir seansın qiyməti təxminən 250 manatdır. Fəqət Azərbaycandakı tək narazılıqlar olmur. Fikrimcə, Azərbaycanda da belə inkişafa ehtiyac var. Amma onu da deyim ki, ötən illərlə müqayisədə indi vəziyyət xeyli düzəlib. Yəqin, zamanla daha da yaxşılaşacaq. 

- Ən azı Türkiyə səviyyəsinə çatmaq üçün nə etmək lazımdır?



- Təkcə nəzəriyyə ilə kifayətlənilməməli, praktikaya da diqqət ayrılmalıdır. Məsələn Türkiyədə psixologiya ixtisasına yiyələnən tələbələrə real pasiyent tapmaları tapşırılır və onlar təbii ki, müəllimlərinin rəhbərliyi altında həmin şəxslərlə məşğul olurlar. Nəzəriyyənin də vacib olduğu danılmazdır. Amma bir daha təkrar edirəm, təcrübəyə də etinasız yanaşmaq olmaz. Çünki nəzəriyyədə öyrədilənlər özünü heç də hər zaman təcrübədə doğrultmur.

- Təklifiniz nədir?

-Məncə, psixologiya ilə məşğul olan ayrıca, xüsusi bir qurumun yaradılması məqsədəuyğundur. Şübhəsiz, ora yalnız peşəkarlar cəlb edilməlidir. Bizdə professional kadrlar kifayət qədər deyil. Fəqət üzərlərində işləyən, özlərini inkişaf etdirən gənclərimizin sayı da onlarcadır. Həmin kadrları seçim yolu ilə bu mərkəzə cəlb etmək mümkündür. 

- Bir psixoloq kimi sizi digərlərindən fərqləndirən əsas xüsusiyyət nədir?

- İlk üstünlüyüm, yəqin ki, xaric təcrübəm olmağımdır. Yəni təkcə başqa ölkədə oxumağı nəzərdə tutmuram. Mən bir neçə il Türkiyədə həm də işləmişəm. İkincisi, “ııı” eləyən psixoloqlardan deyiləm. Məni seçib, yanıma gələnə verdiyim dəyəri göstərməyə çalışıram. 

- Bunu necə edirsiniz?

- Hətta ən xırda detallara belə, diqqət etməklə. Pasiyentlərimi həm qarşılayıb, həm də yola salıram. Hətta bu yaxınlarda bir pasiyentim soruşdu ki, siz hamını belə yola salırsınız? Bilirsiniz niyə təəccübləndi? Çünki bəzi həmkarlarım heç ayağa da qalxmırlar. Qarşı tərəfi onunla əlaqəmin sadəcə seansla məhdudlaşmadığını və bunun maddiyat üzərində qurulmadığını inandırmağa çalışıram. Bu zaman pasiyent özünü daha yaxşı hiss edir. Ümumiyyətlə, müraciət edən anlaşıldığını başa düşməlidir. Mən bir psixoloq kimi bundan ötrü əlimdən gələni edirəm. Terapiya müddətində yerli-yersiz testlərdən istifadə etməyin əleyhinəyəm. Bunun əvəzinə, pasiyenti mümkün qədər aktivləşdirməyə, söhbəti maksimum canlı etməyə səy göstərirəm. 

- Psixoloqlar daim dərd dinləyir, problem eşidirlər. Bəs siz önüzü mənfi enerjidən necə qoruyursunuz?

- İşi evə aparmamağa çalışıram. Bunu lazım bilmirəm. Necə ki, həkim klinikada xəstəyə dərman yazır və məsələ orada da bitir. Amma çox ağır pasiyentlərlə də işləmişəm. Və yalnız iş günün sonunda gözümdəki, başımdakı ağrıları hiss edəndə necə çətin saatları geridə qoyduğumu anlamışam. 

- Deməli, indiyədək təsirindən çıxa bilmədiyiniz bir hekayə, bir pasiyent olmayıb, hə?

- Bizə müraciət edənlərin əksəriyyətinin narahatlığı motivasiya çatışmazlığıdır. Gərək öz motivasiyamız çox olsun ki, onlara da kömək edə bilək. Siz dediyiniz kimi bir hal olmayıb. Görünür bu, ya işimi sevdiyimdən, ya da psixoloji hazırlığımdan, özgüvəndən irəli gəlir. Amma elə bir hal olanda sizə mütləq deyəcəm(gülür). 

- Bu suallı verməsəm olmaz, COVİD-19-un bütün dünyada tüğyan etdiyi və psixologiyalara da təsirsiz ötüşmədiyi bir vaxtda insanlara məsləhətləriniz nələrdir?

- Vəziyyəti olduğu kimi qəbullanmaq və həyatımıza qaldığımız yerdən davam etmək lazımdır. Müşahidələr də göstərdi ki, üsyankarlıq, inkarçılıq mövqeyi bir nəticə vermədi. Həm də bu, sadəcə Azərbaycana xas bir prooblem deyil axı. İndi planet eyni çətinlikdən əziyyət çəkir. Narahatlığın bu qədər artmasının əsas səbəbi isə dezinformasiyalardır. Ona görə xəbər oxumasaq yaxşıdır. Onsuz da elə bir dövrdə yaşayırıq ki, lazımlı məlumat özü işıq sürəti ilə bizi tapır. Əlbəttə, psixoloji narahatlığı daha ciddi olanlar, belə demək mümkünsə, koronofobiyaya yoluxanlar psixoloqa müraciət edə bilərlər. 

Söhbətləşdi: Kənan Novruzov

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu