Alim 15 sentyabr zəfərindən DANIŞDI: “Bakı tezlikdə azad olunmasa idi...” – Şərəfli tarix !

“...Burada Cümhuriyyət hökumətinin gələcək fəaliyyəti mümkün deyildi”

“Mən qardaşlarımızın uyuduğu qəbirləri bir-bir gəzmişəm”

“28 may qələbəsi olmasa, 15 sentyabr istiqlalı olmazdı. Bu iki tarixi gün bir-birini tamamlayır” 


Bu gün Azərbaycan xalqı üçün ən əlamətdar günlərdən biridir. Belə ki, düz 102 il əvvəl Bakı rus bolşevikləri və erməni daşnaklarından azad edildi. Bu günlərdə olduğu kimi, onda da qəhrəman türk ordusunun dəstəyini hiss etdik.

Məhz Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun köməyi ilə işğalçıya qalib gəldik. Bəlkə də, “tarix təkrarlanır” ifadəsi həqiqətdir. Axı yenə çətin günlər keçiririk. Ola bilsin, iki qardaş ordusunun növbəti şanlı qələbəsina ən yaxın zamanda sevinəcəyik...



15 sentyabr qələbəsi ilə bağlı “Sherg.az”a danışan BDU-nun Jurnalistika fakültəsinin professoru, tarixçi-alim Nəsiman Yaqublu Bakının işğaldan azad edilməsini Azərbaycan tarixi üçün ən böyük qələbələrdən biri hesab edir: 

“Bu, ən unudulmaz və şərəfli bir gündür. Çünki Bakının işğaldan azad olunması ilə Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin paytaxtda fəaliyyət göstərməsilə yanaşı, həmçinin ölkədə demokratik cəmiyyətin qurulması imkanı yarandı.

Məhəmməd Əmin Rəsulzadə yazırdı ki, biz 1918-ci il mayın 28-də istiqlalımızı sözlə ifadə etmişdiksə, sentyabrın 15-də bunu əməli şəkildə həyata keçirdik. Deməli, 28 may qələbəsi olmasa, 15 sentyabr istiqlalı olmazdı. Bu iki tarixi gün bir-birini tamamlayır”. 

N. Yaqublunun fikrincə, bu, bizim türk ordusu birlikdə nə ilk, nə də son qələbəmiz idi: 

“Bakının azad olunmasında türkiyəli qardaşlarımızın, Qafqaz İslam Ordusunun və xüsusilə Nuru Paşanın böyük xidmətləri olub. Sonrakı hadisələr göstərdi ki, əgər Bakı tezlikdə azad olunmasa idi, burada Cümhuriyyət hökumətinin gələcək fəaliyyəti mümkün deyildi.

Bakı uğrunda çox gərgin döyüşlər gedib. Mən qardaşlarımızın uyuduğu qəbirləri bir-bir gəzmişəm.

Gəncədən tutmuş Bakıyadək hər yerdə- Qaraməryəmdə, Müsüslüdə, Ağdaşda, Ləkidə, Göyçayda, Qobuda, Qobustanda, Şamaxıda, Mərdəkanda, Fatmaidə...onların məzarları var.

Hər birində olmuşam. Məhz buna görə də biz bu gün türk əsgərlərinin xatirəsini əziz tuturuq. Onlar güclü silahlanmış düşmənlərə qarşı uğurla mübarizə aparıb, qanlı döyüşlərdə iştirak ediblər.

Odur ki, Dağlıq Qarabağın azadlığının yolu Təbrizdən, Tehrandan deyil, qardaşlarımızın köməyindən keçir. Biz Dağlıq Qarabağı da qəhrəman türk ordusunun köməyi ilə azad edəcəyik.

Bir gün Bakı ilə bərabər Dağlıq Qarabağın azad oluncağı günü də qeyd edəcəyik və onda da deyəcəyik ki, qəhərəman türk ordusuna eşq olsun”.

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu