“Ermənistanın təxribatlarını Rusiya diktə edir” - Kreml nə istəyir?  

“Minsk qrupu xarici işlər nazirlərini görüşə dəvət edir”

"Birmənalı deyirəm ki, yenidən danışıqların bataqlığına düşsək, uzun illər itirmiş olacağıq”

“Ona görə də bayaq dediyim kimi, Rusiya ilə münasibətlərimizə diqqət etməliyik”


Rusiya “Qafqaz-2020” strateji komanda-qərargah təlimlərində iştirak etmək üçün Azərbaycan hərbçilərini dəvət edib. Bunu Rusiya Müdafiə nazirinin müavini Aleksandr Fomin xarici hərbi attaşelərə üçün brifinq zamanı deyib. O bildirib ki, quru qüvvələri qrupunun tərkibində fəaliyyətlərin həyata keçirilməsi üçün Ermənistan, Belarus, Çin, Myanma və Pakistandan olan hərbi birləşmələr təlimə dəvət edilib:

“Bundan başqa, Xəzər hövzəsindəki təlimlərdə iştirak üçün Azərbaycan və İran dəvət olunub”

Təlimlərin iki mərhələdə aparılacağı elan edilib. Birinci mərhələdə hərbi komandanlıq və nəzarət orqanları şərti hərbi-siyasi vəziyyətdə döyüş əməliyyatları planlaşdıracaq. İkinci mərhələ üçün isə çoxmillətli qüvvələr qrupunun birgə döyüş əməliyyatları planlaşdırılır.
“Qafqaz-2020” strateji komanda-qərargah təlimləri sentyabrın 21-26-da keçiriləcək.Beynəlxalq aləmdə müharibələrin getdiyi, silahların susmadığı bir vaxtda Rusiyanın belə bir təlimlər keçirməsi təəccüblüdür. Üstəgəl, regionda vəziyyət heç də stabil deyil. Nə istəyir Kreml? 

Sherg.az” olaraq “Qafqaz-2020” strateji komanda-qərargah təlimləri barədə hərbi ekspert Üzeyir Cəfərovun fikirlərini öyrəndik:

- Azərbaycan bu təlimlərdə iştirak edəcəkmi?

- Hələ bir neçə ay əvvəl bu barədə bizə təkif gələndə razılıq vermişdik. Amma sonra vəziyyət dəyişdi. Beləliklə, Azərbaycan təlimlərdə iştirak etməyəcək. Sadəcə iki zabitlə təlimləri müşahidə edəcəyik. 

- Cavabımızı dəyişdirən nə oldu?

- İlk növbədə Tovuz döyüşləri və onun fonunda baş verən digər hadisələr. Rusiyanın Azərbaycana qarşı qeyri-səmimi münasibəti göz önündədir. Üstəgəl, Rusiya Ermənistana silah daşıyır. Onların müdafiə naziri Sergey Şoyqu göz görə-görə bizə yalan danışır. Ermənistanda iki dövlətin birgə təlimləri baş tutur. Əlbəttə, bu təlimlər Azərbaycana qarşıdır və biz lazımi anda adekvat cavab verəcəyik. 

- Əgər vəziyyət belədirsə, iki zabitin göndərilməsinə ehtiyac varmı?

- Bu, etiket xətrinədir. Sonra deməsinlər ki, Azərbaycan “Qafqaz-2020” hərbi təlimlərini boykot etdi. Hərçənd, belə təlimlərdən tədricən aralanmalıyıq. Həm də Kremlin məqsədi başqadır.

- Nədir ki, məqsədi?

- Bu təlimlər hərbidən daha çox, siyasi xarakterlidir. Rusiya “əzələ nümayişi” etmək, yanında olan ölkələri göstərmək istəyir. 

- Niyə belə düşürsünüz?

- Təlimin proqramına baxmaq kifayətdir. Belə ki, guya ekoloji mühiti təmiz saxlamaq yolları öyrədiləcək və günəş generatorlarından, külək batareykalarından istifadə qaydaları aşılanacaq. Bunun isə döyüş zamanı elektrik təchizatının təminatından ötrü olduğu göstərilir. Həm də guya təlimlər Rusiyanın cənub-qərbinin təhlükəsizliyinin təminatı məqsədi ilə reallaşır. Axı həmin istiqamətdə Rusiyanı təhdid edən hansı qüvvə var?! Həm də təlimlər çərçivəsində Rusiya ilə Myanma Pakinstanla Ermənistan arasında hansı əməkdaşlıqdan söhbət gedə bilər?! Tərəflərindən biri digərindən nə öyrənəcək?! Pakistanın Ermənistanı müstəqil dövlət kimi tanımadığını nəzərə almaq lazımdır. Qeyd edim ki, təlimlərin müəyyən hissəsi Qara, müəyyən hissəsi Xəzər dənizində keçiriləcək. Və orduya böyük miqdarda texnika cəlb olunacaq. Cəlb olunan 80 minlik şəxsi heyətdən sadəcə 13 mini təlimlərdə aktiv iştirak edəcək. 

- Təlimlərin daha çox siyasi hadisə olduğunu dediniz. Deməli, Rusiyanın oyunları davam edir?

- Əlbəttə. Ermənilər bu günlərdə Tovuzun Əlibəyli kəndini atəşə tutublar. Bu azmış kimi, bir gizirimiz də yaralanıb. Düşməndə bunları edəcək ağıl yoxdur. Aydın məsələdir ki, diktəni Kreml edir. 

- Bəs biz nə etməliyik?

- ATƏT-in Minsk qrupu xarici işlər nazirlərini görüşə dəvət edir. Birmənalı deyirəm ki, yenidən danışıqların bataqlığına düşsək, uzun illər itirmiş olacağıq. Ona görə də bayaq dediyim kimi, Rusiya ilə münasibətlərimizə diqqət etməliyik. Çünki rəsmi Moskvanın hörmətini saxladıqca, başımıza çıxır.

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu