Rəsmi Bakı həmsədrlər qarşısında şərt qoymalıdır

Ermənistan işğal olunmuş ərazilərdə köçürməni dayandırmalıdır


Sentyabrın 14-də Parisdə ATƏT-in Minsk Qrupu həmsədrlərinin intensiv müzakirələri keçirilib. Regiondakı vəziyyəti nəzərdən keçirən həmsədrlər iyulun ortalarında Azərbaycan-Ermənistan sərhədində baş verən silahlı toqquşmalardan sonrakı yeni dinamikaya xüsusi diqqət ayırıblar. Müzakirələr zamanı, həmçinin, müvafiq tərəflərin xüsusi və ictimai mesajları və narahatlıqları diqqətlə nəzərdən keçirilərək qiymətləndirilib. Vasitəçilər Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə ayrılıqda telefonla danışıblar.

Telefon danışığında hər iki ölkənin nazirinə növbəti həftələrdə öz mövqelərini daha aydın şəkildə bəyan etməyə, heç bir ilkin şərt olmadan substantiv danışıqların bərpası məqsədilə üzbəüz görüşə dəvət ediblər. Həmsədrlər ATƏT-in mandatına uyğun olaraq, münaqişənin sülh yolu ilə hərtərəfli həlli üçün danışıqlar prosesində aktiv vasitəçi olmaqla bağlı öhdəliklərinə sadiq qaldıqlarını ifadə ediblər.

Həmsədrlərin xeyli müddət sonra “aktivləşməsi” ilə bağlı “Şərq”ə danışan Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadəyə görə, burada diqqət çəkən məqam həmsədrlərin substantiv danışıqları önə çəkməsidir. Siyasi şərhçinin sözlərinə görə, əgər həmsədrlər həqiqətən belə bir məzmunda danışıqlarda maraqlıdırsa, Azərbaycan qəti mövqeyini ortaya qoymalıdır:


“İndiyə qədər Ermənistan tərəfi daima məzmunlu və substantiv danışıqlarda maraqlı olmayıb. Nazirlərin növbəti görüşü baş tutsa belə Minsk Qrupu atəşkəsə əməl edilməsini masaya daşıyacaq. Bir neçə ay sükutdan sonra Minsk Qrupunun tələm-tələsik bəyanatı əsasən cəbhə xəttində vəziyyətin gərgin olması, Azərbaycanın qəti və prinsipial mövqeyi, müharibə ritorikası, Türkiyə ilə birgə hərəkətliliyindən narahatlığından irəli gəlir.

XİN rəhbəri Ceyhun Bayramov Moskvada Sergey Lavrovun erməni həmkarı ilə görüş təklifinə razılıq vermədi və bu, Azərbaycanın danışıqları mənasız hesab etdiyi kimi vurğulandı”. 

Analitikin fikrincə, rəsmi Bakı Minsk Qrupunun həmsədrləri qarşısında şərt qoymalıdır:

“Ermənistan işğal olunmuş ərazilərdə köçürməni dayandırmalıdır. “Yenilənmiş Madrid prinsiplərini” qəbul etməlidir. Substantiv danışıqlarla bir neçə ay ərzində rayonları boşaltmalıdır.

Həmsədrlər yenidən manipulyasiya edib, sadəcə, müharibənin qarşısını almaq üçün danışıqları bərpa etməyə cəhd edir. Ermənistan nəticəyə yönəlməyən, yalnız atəşkəsin qorunmasına hesablanan danışıqlarda maraqlıdır. Tovuz hadisəsindən sonra baş tutacaq istənilən danışıq mürəkkəb mərhələnin başlanğıcı olacaq. Daha doğrusu, bundan sonrakı danışıqlar faydasız olacaq. Sadəcə, qış ayları müharibəni bir qədər ertələyə bilər.

Ümumiyyətlə, Minsk Qrupunun fəaliyyəti nəticəyə yönəlməyən status-kvonu saxlamaqdan ibarətdir. Bu da Azərbaycanın maraqlarına tərs mütənasibdir”.

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu