"Gürcüstanda seçkilər çətin keçəcək"

Üç partiya arasında gərgin mübarizə başlayıb


Sentyabrın 1-dən Gürcüstanda parlament seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyasına rəsmən start verilib. Kampaniya 60 gün davam edəcək. Məlum olduğu kimi parlament seçkiləri oktyabrın 31-də yeni sistem üzrə keçiriləcək. Deputat mandatı uğrunda 30 deputat majoritar, 120 deputat isə proporsional sistem üzrə mübarizə aparacaq.

Seçkilərdə iştirak etmək üçün parlamentdə təmsil olunmayan 59 partiya qeydiyyatdan keçib. Hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” Partiyası bəyan edib ki, hakimiyyət seçkilərin azad, ədalətli və sakit mühitdə keçirilməsi üçün əlindən gələni əsirgəməyəcək. Hakim partiyanın rəhbərliyi digər siyasi partiyaları seçkiqabağı kampaniya dövründə yüksək məsuliyyət və dözüm nümayiş etdirməyə çağırıb.

Lakin müxalif qüvvələrin də ciddi hazırlıq gördüyü seçki ilə bağlı ölkə mediasında müəyyən iddialar səsləndirilir. Müxalif siyasi təşkilatlar iddia edirlər ki, hökumət bütün resurslarından seçkidə qalib gəlmək üçün istifadə edəcək. Həmçinin, hakimiyyətin pandemiyadan siyasi məqsədləri üçün yararlandığı da iddialar arasındadır. 



Gürcüstandakı seçki hazırlığını “Şərq”ə dəyərləndirən “Qeyrət” Xalq Hərəkatının sədri Əlibala Əsgərov deyib ki, yeni seçkilər əvvəlkindən fərqlidir və çox güman ki, nəticələr də fərqli ola bilər: “Gürcüstanda pandemiya ilə bağlı ikinci dalğa elan olunub və müəyyən önləmlər alınıb. Hökumət yetkililəri bütün proseslərə hazır olduqlarını bəyan ediblər.

Vurğulanıb ki, xəstəliyin birinci dalğasında olduğu kimi sərt məhdudiyyətlər, giriş-çıxışa qadağalar olmayacaq. Lakin toplu tədbirlərin, kütləvi aksiyaların qadağan oluna biləcəyi müzakirə olunmaqdadır. Bildiyiniz kimi, yeni seçki sisteminə əsasən, artıq majoritar dairələr 75-dən 30-a endirilib. 30 yer uğrunda müxtəlif partiyaların nümayəndələri çox ciddi mübarizəyə qoşulublar.

Azərbaycanlılar yaşayan regionda əsas mübarizə 3 partiya arasında gedəcək. Bunlar “Gürcü Arzusu”, Vahid Milli Hərəkat Partiyası və Saakaşvilinin partiyasından ayrılmış “Avropalı Gürcüstanlılar Partiyasıdır. Üç partiya arasında gərgin seçki mübarizəsi getməkdədir. Hesab edirəm ki, Marneuli və Qardabani bölgəsində üç partiyanın namizədləri bir-birinə çox yaxın səs toplayacaqlar.

Hər üç siyasi təşkilatın regionda öz sosial bazası, resursu və mövqeləri var. Əlbəttə, istənilən seçkidə hakim partiyaların əllərindəki resurslardan seçkidə qalib gəlmək üçün istifadə etməsi reallıqdır.

Bunu istisna etmirəm. Amma hakim partiyanın qanundan kənar hərəkətlərə əl atması müxalifəti küçələrə tökə bilər. Bu da heç də arzuolunan deyil”. 

Ə.Əsgərov qeyd edib ki, seçkidə qələbəni təmin etmək üçün hər siyasi partiya 51 faizlik səs toplamalıdır: “Şəxsi qənaətimə görə, bizim regionda 50+1 faizi heç bir siyasi partiya asan yığa bilməyəcək. Çünki adını çəkdiyim əsas üç partiyadan savayı bölgədə digər siyasi təşkilatların da tərəfdarları var. Ona görə seçkilər çətin keçəcək. Namizədlərin hamısı gərgin işləməlidir.

Xüsusən müxalif namizədlər səslərin oğurlanmaması, dəyişdirilməməsi üçün birgə mübarizə aparmalıdırlar. Hələ vaxt çoxdur və indidən son nəticəni demək olmaz. Sadəcə bir məsələni qeyd edim ki, hakimiyyətin əvvəlki kimi qələbə əhval-ruhiyyəsi yoxdur”.

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu