Əliyev-Ruhani görüşü: “Ermənistana silah daşınması müzakirə masasında...” 

“Xudafərin körpüsündən ermənilərin istifadə etməsi məsələsi qaldırılacaq” 

“Prezidentimiz Ermənistana silah daşınmasına dair təkzibi Ruhanidən də eşitmək istəyəcək” 


Yaxın günlərdə İran və Azərbaycan prezidentləri - Həsən Ruhani və İlham Əliyevin, eləcə də hər iki ölkədən olan nazirlərin iştirakı ilə videokonfrans formatında görüş keçiriləcək. 
Bunu İranın Azərbaycana yeni təyin olunmuş səfiri Seyid Abbas Musəvi bildirib.

“İran və Azərbaycan arasında iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı potensial var. Bizim 30-a yaxın layihəmiz mövcuddur ki, onlardan 14-nü bu il həyata keçirmək istəyirik. Bu layihələrə energetika, kənd təsərrüfatı, tibb və s. sahələr daxildir. Düşünürəm ki, layihələrin icrası ilə ölkələrimizin iqtisadiyyatları  bir-birinə daha sıx bağlanacaq”.

Səfir qeyd edib ki, ötən gün iki ölkə arasında proporsional ticarətə dair danışıqlar aparıldı: 

“Ölkələr arasında nəqliyyat sahəsində, energetika sahəsində əməkdaşlığa dair müzakirələr aparılıb. Bu müzakirələr ona görə aparılır ki, yaxın günlər ərzində iki ölkənin prezidentləri və nazirlərinin iştirakı ilə videokonfrans formatında görüş keçiriləcək. Bu ilin martında İlham Əliyevin İrana səfəri gözlənilirdi. Lakin koronavirus pandemiyası ilə bağlı bu səfər baş tutmadı. Yaxın günlərdə baş tutacaq videokonfrans həmin səfəri əvəzləyəcək. Ümid edirəm ki, bu videokonfransdan sonra İran və Azərbaycan arasında münasibətlər daha da inkişaf edəcək”.

 
 
Prezidentlərin görüşü barədə “Sherg.az”a danışan politoloq Sədrəddin Soltan qarşılıqlı əməkdaşlıqla bağlı məsələlərin yenidən gündəmə gələcəyini düşünür:

“Koronavirus pandemiyası ilə əlaqədər olaraq tərəflər arasında gediş-gəliş kəsilmişdi. Bu isə iqtisadi çətinlik yaradırdı. Odur ki, əlbəttə, regional əməkdaşlıq məsələləri müzakirə ediləcək.

Həmçinin regional təhlükəsizlik, energetika əməkdaşlığı, terrorizmə qarşı mübarizə kimi məqamlar ətrafında da fikir mübadiləsinin aparılacağını düşünürəm.

İkinci bir tərəfdən isə Astara istiqamətində nəqliyyatın hərəkəti haqqında danışılacaq, Xudafərin körpüsündən ermənilərin istifadə etməsi məsələsi qaldırılacaq”. 

S.Soltan Ermənistana silah daşınmasında İranın vasitəçilik etməsinin də müzakirə masasına çıxarılacağı qənaətindədir: 

“Rusiya prezidenti Vladimir Putinlə danışılan məsələnin-Ermənistana silah-sursat daşınmasında vasitəçiliyin indi də qaldırılacağını istisna etmirəm. Düzdür, Rusiya kimi İran rəsmiləri, o cümlədən səfir bu məlumatı təkzib edib. Amma düşünürəm ki, dövlət başçımız bu təkzibi İran prezidenti Həsən Ruhanidən də eşitmək istəyəcək.
Ümumiyyətlə, tərəflər arasında müzakirə ediləcək məsələlər çoxdur. Əsas məqam isə, dediyim kimi, regional əməkdaşlıqdır”.

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu