“Dönərxanalar standartlara cavab vermir” – Sıradan çıxacaqlar !

“Azərbaycanda 15 mindən çox dönərxana fəaliyyət göstərir”

“Onların heç 5 faizi belə həmin standartın tələblərinə uyğun fəaliyyət göstərmir”

 “Halbuki əhalinin qidadan zəhərlənməsində dönərxanaların rolu az deyil”

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) dönərxanaların sağlamlaşdırılması layihəsinə start verib. Yeni layihə çərçivəsində paytaxt ərazisində 10, digər şəhər və rayonlarda da 10 obyekt olmaqla, ümumilikdə 20 dönərxananın sağlamlaşdırılması nəzərdə tutulur.
Müvafiq sahədə qida təhlükəsizliyinin gücləndirilməsi və sahibkarların sağlam rəqabətə təşviq edilməsi imkanlarını genişləndirmək baxımından da layihə böyük əhəmiyyətə malikdir.

Sağlamlaşdırma tədbirlərinin dönərxanaların fəaliyyətinə mümkün təsirlərini dəyərləndirən qida təhlükəsizliyi üzrə ekspert Vahid Həsənov “Sherg.az”a açıqlamasında bildirib ki, ölkədə mövcud olan dönərxanaların əksəriyyəti standartlara uyğun qaydada işləmir:

“Azərbaycanda 15 mindən çox dönərxana fəaliyyət göstərir. Məlumdur ki, dönərxana biznesi gəlirli sahələrdən biri hesab olunur. 5 il bundan əvvəl dövlət orqanları tərəfindən dönərxanaların fəaliyyətini tənzimləyən standart qaydalar qəbul olunub. Buna baxmayaraq ölkədə cəmi 2 müəssisə dönərxana fəaliyyəti üçün nəzərdə tutulan standartlara cavab verir.

Ümumilikdə dönərxanaların 5 faizi belə həmin standartın tələblərinə uyğun fəaliyyət göstərmir. Halbuki əhalinin qidadan zəhərlənməsində dönərxanaların rolu az deyil.

Bu baxımdan AQTA-nın nəzərdə tutduğu layihənin reallaşdırılması zəruridir. Ölkədə nümunəvi dönərxanalar yaradılmalıdır ki, insanlar rahatlıqla standartlara uyğun hazırlanmış dönər ala bilsinlər”.

Ekspert qeyd edib ki, sağlamlaşdırma prosesi fonunda rəsmi şəkildə dönərxanaların sayının azalması gözlənilən deyil:

“Sadəcə ola bilər ki, sözügedən proses bəzi dönərxanaların iqtisadi yollarla sıradan çıxmasına yol açsın. Sağlamlaşdırma prosesi fonunda vətəndaşların maarifləndirilməsinə də ehtiyac var ki, dönər alarkən diqqətli olsunlar”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu