Trampın şansı daha çoxdur ! – “Vədləri qalibiyyətinə inamı artırır”


“O, ABŞ-ın rəqiblərini, xüsusilə Çin və Rusiyanı zəiflədəcəyini bəyan edib”

“İşsizlərin sayını minimum endirmək, Yaxın Şərqdə müharibələrə son qoymaq kimi vədlər cəmiyyətin marağına səbəb olur”

“Co Bayden sadəcə verilən mətni əzbərləyir. Trampı idarə etmək isə asan deyil”

Bu ilin noyabr ayında ABŞ-da prezident seçkilərinin keçirilməsi planlaşdırılır. Seçkilərin favorit namizədləri Demokratlar partiyasından Co Bayden və hazırkı prezident, Respublikaçılar partiyasından Donald Tramp hesab olunur. İndi həmin siyasətçilər arasında gərgin mübarizə gedir. Üstəgəl, müxtəlif dünya dövlətləri, o cümlədən İran da seçkilərə təsir etməkdə maraqlıdır. 



Politoloqların fikirləri isə müxtəlifdir. Bəziləri Trampın hakimiyyətini qoruyub saxlayacağını düşünür. Amma Baydenin qalib gələcəyinə inanlar da az deyil. Politoloq Natiq Miri “Sherg.az”a müsahibəsində mövcud vəziyyəti təhlil edib:

- Seçkinin nəticəsi ilə bağlı sizin proqnozunuz necədir?

- Düzü, indiki məqamda dəqiq bir söz demək çox çətindir. Ayrı-ayrılıqda namizədlərdən hər birinin xeyrinə işləyə biləcək məqamlar var. Həmçinin nəzərə almaq lazımdır ki, 2016-cı ildə, demək olar, bütün politoloqlar xanım Klintonun qalib gələcəyinə inanırdılar. Amma əksinə oldu. Həm də ABŞ-dakı seçki sistemi digər Qərb dövlətlərinkindən seçilir. 

- Necə fərqlənir?

- ABŞ-da birbaşa seçki üsulundan istifadə olunmur. Xalq prezidenti seçə biləcək seçiciləri seçir. Fikrimcə, bu məqam da nəticəyə təsir göstərə bilər. 

- Dediniz ki, hər iki namizədin üstünlükləri var. Məsələn Baydenin avantajları nələrdir?

- İlk növbədə qlobal maliyyə şəbəkələrinin onu dəstəkləməsi. Əlbəttə, Bayden Trampdan güclü deyil. Əksinə, siyasi təfəkkür baxımından rəqibindən dəfələrlə zəifdir. Yəni Bayden asanlıqla idarə oluna bilir. O, qlobal maliyyə şəbəkələrinin əlində bir növ oyuncaqdır və sadəcə verilən mətni əzbərləyir.
Trampı idarə etmək isə  asan deyil. Amma təbii ki, məsələ təkcə bununla bitmir. 

- Başqa hansı məqamlar var?

- Son vaxtlar ABŞ-da müxtəlif zümrələr, irqlər arasında süni qarşıdurma yaradılır. Zəncilərin öldürülməsi buna bariz nümunədir. Əlbəttə, dediyimiz məqam da Trampın əleyhinədir.

- Niyə?

- Çünki qara dərililərin əksəriyyəti ABŞ-da ilk qara dərili prezident Obamanın dövründə vitse-prezident olan Baydenə səs verə bilərlər. Həmçinin bilməliyik ki, ABŞ COVİD-19 sınağından üzü ağ çıxa bilmədi. Və uğursuzluq da ictimai rəy yaratdı. Yalnız bir halda- deyildiyi kimi, yaxın zamanda vaksin kəşf olunarsa, vəziyyət hazırkı prezidentin xeyrinə dəyişə bilər. 

- Bəs Trampın avantajları nələrdir?

- O, ABŞ iqtisadiyyatı üçün çox böyük işlər görüb. Həm də ölkədə yəhudilərin çox böyük nüfuzu var. Bu məqam seçkilər zamanı Trampa kömək edə bilər. 

- Niyə?

- Çünki Respublikaçılar partiyasının nümayəndəsi İsrailə indiyədək heç kimin göstərmədiyi qədər dəstək göstərib. Hətta yaxın gələcəkdə İsrailin
təhlükəsizliyinin tam təmin olunması da real məsələdir. Bütün ərəb ölkələrini İsraillə tərəfdaşlığa vadar edən yeganə adam məhz Trampdır. Hətta İordan çayının özəlləşdirilməsi məsələsində də prezident İsrailə kömək edib. Ayrıca, Trampın vədləri də onun növbəti dəfə qalib gələcəyinə inamı artırır. 

- Hansı vədlər?

-O, ABŞ-ın rəqiblərini, xüsusilə Çin və Rusiyanı zəiflədəcəyini bəyan edib. Həmçinin işsizlərin sayını minimum endirmək, Yaxın Şərqdə müharibələrə birdəfəlik son qoymaq kimi vədlər də cəmiyyətin marağına səbəb olur. Məhz bu nöqteyi-nəzərdən Baydenin səs faizinə görə indi rəqibini qabaqlaması aldadıcı ola bilər. Eyni ilə dörd il əvvəlki kimi, Trampın indi də gözlənilmədən qalib gələcəyini və bir çoxlarını təəccübləndirəcəyini qətiyyən istisna etmirəm.

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu