“Təhsil təkcə paytaxtda yox, bölgələrdə də inkişaf etməlidir” - MÜSAHİBƏ

“Təhsildə iradlar deyilməli, nöqsanlar göstərilməlidir”

“Distant təhsilin məzmun və mahiyyətini ortaya qoyduq” 

“Dünya təhsil sisteminə sürətlə inteqrasiya edirik”

Bu günlərdə  Prezident İlham Əliyev Əmircan qəsəbəsindəki 154 nömrəli məktəbin açılışında iştirak edib. Hər zaman olduğu kimi, indi də təhsilin inkişafı dövlətin əsas prioritetlərindən biridir. Ümummilli lider Heydər Əliyevin dediyi kimi, təhsil millətin gələcəyidir. Bütün sahələrin-iqtisadiyyatın da, siyasətin də, hərbin də…inkişafının kökündə məhz təhsil dayanır. 
Sevindirici haldır ki, son illər ölkəmizdə təhsilin, elmin inkişafına xüsusi qayğı göstərilir. Əldə olunan uğurlar, qazanılan nəticələr dediyimiz faktın bariz nümunəsidir. 

“Sherg.az” olaraq Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının direktoru, fizika üzrə fəlsəfə doktoru dosent Yusif Alıyevlə söhbətimiz də elə bu istimətdə – ölkədə, o cümlədən regionlarda təhsilin inkişafı barədə oldu:

- Respublikada təhsilin hazırkı inkişafını necə qiymətləndirirsiniz?

- Ümumiyyətlə təhsilin son inkişaf dövrünü şərti olaraq üç mərhələyə bölmək olar. Birinci mərhələ müstəqilliyə qədərki illəri əhatə edir. İkinci mərhələ 2003-cü ilədək olan müddətdir. Həmin ildən, yəni cənab İlham Əliyev prezident seçildikdən sonra isə təhsilin inkişafında növbəti bir mərhələ, xüsusi canlanma mərhələsi başlandı. Birinci mərhələ müyyən durğunluq və bəzən də tənəzzüllə xarakterizə olunur. Həmin illər “beyin axın”ı ilə yaddaşlarda qalsa da, təhsilimiz ayaqda durmağı bacardı. 2003-cü ildən etibarən isə təhsilin inkişafında yeni bir səhifə açıldı. Amma Azərbaycan alimləri bütün dövrlərdə öz sözlərini deyərək təhsili bugünkü inkişaf mərhələsinə qədər gətirə bilmişdilər.



- Fikrinizi hansı məqamlarla əsaslandıra bilərsiniz?

- Vaxtilə orta məktəblərdə müəyyən çətinliklər var idi. Amma dövlətin ayırdığı vəsait nəticəsində bütün problemlər get-gedə öz həllini tapdı. Son vaxtlar bu sahədə əldə olunan uğurlar artıq təhsilin forma və məzmununa da siraət edib. Azərbaycan müəllimlərinin dərs dediyi şagirdlərin beynəlxalq olimpiadalarda əldə etdikləri nəticələr də uğurlu təhsil siyasətinin göstəricisidir. Bu, o deməkdir ki, bizim təhsil strategiyamız doğru, düzgün hədəflənib. Tam səmimi və əminliklə deyirəm, hətta təhsil sahəsi üzrə elə işlər var ki, biz dünya təhsil sistemini də qabaqlayırıq. Məsələn olimpiada hazırlığı sahəsindəki uğurlarımızı missal göstərmək olar. Ümumiyyətlə, on il əvvəl dünya təhsil sistemi ilə aramızdakı məsafə daha çox idi. İndi isə tədricən azalır və biz dünya təhsil sisteminə sürətlə yaxınlaşırıq. Əlbəttə, sadaladığım uğurların hər birinin arxasında Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın, hökumətin təhsilə göstərdiyi diqqət, qayğı dayanır. 

- Sizcə, təhsilimiz pandemiya sınağından necə çıxır?  

- Bildiyiniz kimi, mart ayının 3-dən etibarən bütün ölkə üzrə ali, orta təhsil müəssisələrində ənənəvi tədris prosesi dayanıb. Amma bizim hökümət operativ qərarlar qəbul edərək vəziyyətdən uğurla çıxa bildi. Azərbaycan Cənubi Qafqazda birinci ölkə olaraq Təhsil Nazirliyinin problemə çevik münasibəti ilə teledərs layihəsi vasitəsilə təhsilin fasiləsizliyini, kəsilməzliyini təmin etdi. Nəticədə şagirdlər tədris prosesindən geri qalmadılar. Nazirlər Kabineti bir neçə gün əvvəl “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və tərbiyə prosesinin təşkilində müvəqqəti qaydaların tətbiqi” barədə qərar qəbul etdi. Bununla da, Azərbaycan təhsil sistemində yeni səhifə açıldı. Biz pandemiyaya qəfil yaxalansaq da, onun həyat tərzimizə çevrildiyini nəzərə alaraq tədrisi mövcud qaydalara – məsafədən, Onlayn tədris formatına uyğunlaşdıra bildik və cari rtədris ilinə daha qətiyyətli şəkildə qədəm qoyduq. 

- Halbuki distant təhsil Azərbaycan tədrisi üçün yeni təcrübə idi...

- Praktik olaraq, bəli. Amma hələ 2009-cu ildə qəbul edilən “Təhsil haqqında” Azərbaycan respublikasının Qanununda təhsilin bir forması kimi məhz distant tədris nəzərdə tutulub. Yəni biz Qanundan kənara çıxmadan çıxış yolu tapdıq, distant təhsilin məzmun və mahiyyətini ortaya qoyduq. Postpandemiya dövründə isə bu təcrübədən daha geniş şəkildə yararlana biləcəyik.

- Ali məktəblər barədə nə deyə bilərsiniz?

- Sadaladığım uğurlar, həmçinin universitetlərə də aiddir. Bu isə dediyim kimi, göstərilən diqqət və qayğı ilə əlaqədardır. Bu da Azərbaycanda təhsilin inkişafının birbaşa dövlət siyasətinin əsas prioritetlərindən biri hesab edilməsi ilə bağlıdır. 2003-cü ildə təhsilə ayrılan büdcə 220 milyon dollar təşkil edirdisə, 2019-cu ildə bu büdcə 10 dəfə artaraq 2 milyard 300 milyon dollar təşkil edir. Nəticədə, biz dünya təhsil sisteminə sürətlə inteqrasiya edirik. ADPU-nun Quba filialında da tez bir zamanda lazımi tədbirlər görüldü. Region ali təhsil müəssisəsi olaraq biz də dünya təhsil sisteminə inteqrasiya etməyə səy göstəririk. İndi IV sənaye inqilabı dövrüdür. Bu mərhələni hansısa bir ölkə yox, bütünlüklə dünya təhsili, elmi formalaşdırıb. Sözügedən işdə Azərbaycan alimlərinin də müstəsna rolu və xidmətləri vardır. Bizim alimlərimizin məqalələri dəfələrlə dünyanın ən nüfuzlu jurnallarında dərc olunub. Bayaq vurğuladığım, vaxtuilə ölkədən gedən “beyin axınları” indi IV sənaye inqilabının başında duran şəxslərdəndir. Təəssüf ki, biz onların çoxunu tanımırıq. Bu da bizim üçün nöqsan sayılacaq bir işdir.

- Bir çox elm adamlarımızı tanımadığımızı dediniz. Bunun üçün nə etmək lazımdır?

- Onlar çox zaman təvəzökarlıq edərək, özlərini mediadan, cəmiyyətin ictimai aktiv hissəsindən kənar tuturlar. Vaxtilə Kərim Kərimovu da tanımırdıq. Halbuki həmin adam Sovet kosmonovtikasının atalarından biri olub. Düzdür, o vaxt bəzi qadağalar da vardı. Amma bugünkü media alimlərimizi cəmiyyətə açıq şəkildə tanıtmalıdır. Elm, təhsil və KİV arasında çox sıx əlaqələr olmalıdır. Azərbaycanda elmi-tədqiqat işlərinin təhlilinə, tanıdılmasına yönəlik jurnalistika institutu formalaşdırlmalıdır. Dəqiq, qərəzsiz, ədalətli təhlillər aparılmalıdır ki, yerli və beynəlxalq tədqiqatçılar o araşdırmalara şübhəsiz istinadlar etsinlər. Bunun üçün saytlar və qəzetlər öz səhifələrində yeni rubrikalar açmalıdırlar. Artıq buna cəmiyyətin də böyük tələbi var. 

- Başqa hansı təklifləriniz var?

- Təhsil təkcə paytaxtda yox, bölgələrdə də inkişaf etməlidir. Hətta regionların sosial-iqtisadi inkişaf proqramlarına uyğun olaraq bölgələrdə həmin ərazinin fərdi xüsusiyyətlərinə uyğun ixtisaslaşmalar aparılmalıdır. Təhsil müəssisələri regionun ən nüfuzlu elm, təhsil, mədəniyyət mərkəzi olmalıdır. Bir sıra Qərb ölkələrində şəhərin emblemi ali məktəbin loqosu olaraq götürülür. Bu, həmin regionun həyatında ali təhsilin, təhsil müəssisəsinin necə əhəmiyyətli olduğunu göstərir. Amma təbii ki, ali məktəblərdəki təhsil də məhz orta məktəblərə söykənir. Şagirdlər orta məktəbdə müvafiq fənnləri oxuyub, ixtisas seçimi edir, ali məktəbə qəbul olurlar. Sonra isə ayrı-ayrı ali təhsil müəssisələrində lazımli kadr kimi yetişirlər. Deməli, birbaşa təhsilə orta məkltəbdən diqqət edilməlidir.

- Təhsilimizin gələcəyini necə görürsünüz?

- Təhsil cəmiyyətə açıq yeganə sahədir. İradlar deyilməli, nöqsanlar göstərilməlidir. Biz də öz növbəmizdə onları aradan qaldırmaq üçün çalışmalıyıq. Təhsil sahəsində görülən işlər göz qabağındadır. Əlbəttə, təhsil siyasətinin başında güclü iradə olmasa, belə nəticələr qazana bilməzdik. Cənab Prezidentin 154 nömrəli məktəbin açılışında dedikləri Təhsil Nazirliyi üçün bir növ konsepsiya, bizə isə isə mesajdır. Təhsil işçisi kimi bu sahəyə verdiyimiz töhfə ilə işıqlı gələcəyimizi təmin etmək olmalıdır. Qeyd edim ki, iqtisadiyyatın, milli iqtisadiyyatın inkişafı üzrə Dövlət strategiyasının hər birində təhsillə bağlı xüsusi müddəalar var. Biz onların hər birini diqqətdə saxlamalıyıq. Təhsilin görünən və görünməyən tərəflərini cəmiyyətə nümayiş etdirmək lazımdır. Məncə, pessimistliyə ehtiyac yoxdur. Çünki Azərbaycanda təhsil fundamental sahələrdən biri kimi daim inkişaf edir. Ali məktəb tələbələri müəyyən müddət Azərbaycan universitetlərində oxuduqdan sonra bir çox mübadilə proqramlarına qoşularaq ciddi çətinliklər çəkilmədən təhsillərini müxtəlif yollarla xarici universitetlərdə davam etdirirlər. Təhsilimiz gücləndikcə dövlətimiz güclənəcək. Bir neçə ildən sonra Azərbaycan universitetlərinə inkişaf etmiş ölkələrdən belə çoxlu sayda tələbələr axışıb gələcək. Bunu söyləmək üçün həm ənənə mövcuddur, həm də inkişaf perspektivləri onu deməyə əsas verir.

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu