Niyə insanlar rüşvət verib əlillik dərəcəsi alırlar? – Araşdırılmalıdır !

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev 7 mindən çox saxta əlillik təyinatının ləğv edildiyini deyib. Nazir bildirib ki, onların illik dövlət büdcəsi üçün maliyyə yükü 35 mln. manatdan artıqdır.
 
S.Babayev qeyd edib ki, bu, hər il davam edən, təkrarlanan ödənişlərdir:

“Ümumilikdə, 7 min şəxsə 20 illik dövr ərzində 700 mln. ödəniş həyata keçiriləcəkdi. Lakin bunun qarşısı alınıb. Saxta əlillik probleminə tək Azərbaycanda deyil, ən inkişaf etmiş ölkələrdə də rast gəlinir. Əlillik təyin edilərkən 10 faizə qədər yanlışlıq olması faktları ilə rastlaşırıq. Ona görə də mütəmadi olaraq müxtəlif meyarlar üzərindən monitorinqlər, qiymətləndirmələr aparılacaq”.



Vəziyyəti dəyərləndirən iqtisadçı-ekspert Nazim Bəydəmirli “Sherg.az”a insanların saxta əlillik dərəcəsi almasına səbəb olan mühüm faktları açıqlayıb.
O bildirib ki, ƏƏSMN adından məlum olduğu kimi insanların sosial müdafiəsini və əmək münasibətlərini tənzimləməlidir:

“Niyə insanlar rüşvət verib əlillik dərəcəsi alırlar? Əlillikdən sui-istifadə hallarının kökündə duran səbəblər araşdırılmalıdır. Səbəb odur ki, insanlar uzun müddət işsiz qalırlar. Məşğulluq üçün ƏƏSMN müraciət edirlər.

Lakin nazirlik vətəndaşı işsiz kimi qeydiyyata almır. Ona görə də vətəndaş məcbur qalıb xırda xərclərini qarşılamaq üçün belə yollara əl atır. Təbii ki, ƏƏSMN-nin işçilərinin iştirakı olmadan bu proses həyata keçirilə bilməz. Ona görə də belə hadisələrdə rüşvət və korrupsiya halları stimullaşdırılır”. 

N.Bəydəmirli vurğulayıb ki, ƏƏSMN-nin vətəndaşlara açıqladığı iş yeri ilə bağlı ənənə sosializmdən qalan ənənə kimi gözə çarpır:

“Çünki təklif etdikləri iş yerlərində əmək haqqı 250 manatdır. Vətəndaşlar bu işə gedib-gəlmək üçün nə qədər yol pulu xərcləməlidirlər. Kim bu işlərdə çalışar? Deməli, burada düzgün olmayan məqamlar var”. 

İqtisadçı hesab edir ki, məsələnin köklü həlli inhisarçılığın ləğvi və iqtisadiyyatın şəffaflaşdırılmasından keçir:

“Bazar iqtisadiyyatının tələblərinə görə, bütün hüquqi və fiziki şəxslər eyni hüquq və vəzifəni daşımalıdırlar. Bu boyda Nazirlər Kabineti bizə lazım deyil. Gürcüstan təcrübəsindən yararlanmalıyıq.  Dövlət idarəçiliyinə bu qədər pul xərclənməməlidir”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu