Əmlak bazarı canlanır, yeni iş yerləri açılacaq

Post-pandemiya dövründə tikinti sektorunun əhəmiyyəti daha da artacaq

Son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar tikinti sektoruna daha çox sərmayənin cəlb olunmasına gətirib çıxarıb. Həmçinin, bu sahədə idarəetmənin müasir standartlara uyğun qurulmasına şərait yaradıb. Ekspertlərin fikrincə, istər pandemiya, istərsə də post-pandemiya dövründə tikinti sektoru həm məşğulluğun təmin edilməsi, həm də iqtisadi dəyərin formalaşdırılması baxımından prioritet sahələrdən biri olaraq qalacaq. 



Millət vəkili, iqtisadçı-alim Vüqar Bayramov “Şərq”ə açıqlamasında vurğulayıb ki, həm yeni sənaye və xidmət sahəsi obyektlərinin açılışı, həm də mənzil fondunun yenilənməsi hesabına dayanıqlı, sabit inkişaf və artım müşahidə olunur. Deputatın sözlərinə görə, Azərbaycan iqtisadiyyatında yaranan hər 100 manatın 7 manatdan çoxunu məhz tikinti sektoru formalaşdırır:

“2019-cu ildə ölkədə ümumi daxili məhsul əvvəlki illə müqayisədə 2,2 faiz artaraq 81 milyard 681 milyon manata çatıb. Ümumi daxili məhsulun 7.3 faizi tikinti sektorunun payına düşüb. Bu isə o deməkdir ki, ötən il tikinti sektorunda 6 milyard manata yaxın dəyər formalaşıb.

Rəqəmlərdən göründüyü kimi, tikinti sektoru iqtisadi inkişafda və xüsusən də iqtisadiyyatın dayanıqlığının güclənməsində xüsusi paya malikdir. Digər tərəfdən, pandemiya dövründə şəhərsalma, memarlıq və tikinti sektorunun inkişafı üçün də önəmli addımlar atılıb.

Ötən il tikinti sahəsinə yatırılan 5 milyard 672 milyon manat xarici investisiya ilə müqayisədə daxili resurslar hesabına 12 milyard 867 milyon manat investisiya qoyuluşu həyata keçirilib. Rəqəmlər bir tərəfdən sektorun sərmayə cəlbi baxımından cəlbedici olduğunu, digər tərəfdən isə yerli maliyyə mənbələrinin səmərəli mobilizasiya olunduğunu göstərir”.

Parlament üzvü əlavə edib ki, bu ilin avqust ayının 1-nə olan məlumata görə, ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 4,2 faiz artıb. Onların böyük əksəriyyəti iqtisadiyyatın dövlət sektorunda, digər qismi isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib: “Muzdla işləyənlərin 8,4 faizi tikinti sektorunda çalışır. Bu isə o deməkdir ki, hazırda bu sektorda 141 mindən çox vətəndaşımız rəsmi əmək müqaviləsi ilə fəaliyyət göstərir. Həmçinin, sözügedən sahə həm məşğulluğun təmin edilməsi, həm də bütövlükdə sosial təminatın gücləndirilməsi baxımından vacib sektordur.

Prezident İlham Əliyevin “Bəzi çoxmənzilli binaların istismarına icazələrin verilməsinin sadələşdirilməsi haqqında” 19 fevral 2019-cu il tarixli Fərmanının uğurlu icrası tikinti sektoru üçün inkişaf tendensiyasını müəyyənləşdirən meyarlardan birinə çevrilib.

Belə ki, əvvəlki illərdə inşa edilmiş, amma istismara alınmayan binalarda yaşayan sakinlərin maraqlarını, eləcə də sosial yönümlü dövlət siyasətinin əsasında dayanan humanizm prinsiplərini rəhbər tutan bu fərmanla paytaxtda tikilmiş çoxmənzilli binalar üçün ümumi sahəsi 8 milyon 466 min 990 kv.metr olan 408 çoxmənzilli binanın istismarına icazə verildi. Bu, tikinti sektoru üçün tarixi addımlardan biri kimi dəyərləndirilir”. 

V.Bayramovun sözlərinə görə, təqdirəlayiq haldır ki, qlobal pandemiya ilə əlaqədar yaranmış iqtisadi problemlər fonunda tikinti sektoru inkişaf tempini qoruyub saxlaya bilib:

“Tikinti sektoru pandemiya dövründə fəaliyyətini məhdudlaşdırmayan sahələrə aid edildi. Bu amil post-pandemiya dövründə Azərbaycanda inşaat sektorunun öz aktuallığını qoruyub saxlayaraq iqtisadi aktivliyin daha qısa zamanda bərpa edilməsinə töhfə verəcək. Həmçinin, məşğulluğun təmin edilməsi baxımından prioritet sahə sayıldığı üçün post-pandemiya dövründə yeni iş yerlərinin yaradılması, eyni zamanda əlavə dəyərin formalaşmasında məxsusi çəkiyə malik olacaq. Xüsusən, nəzərə alsaq ki, pandemiyadan sonrakı mərhələdə həm də əmlak bazarında canlanmanın artacağı gözlənilir. Bu, tikinti sektorunun əhəmiyyətini artırmaqla yanaşı, sosial təminat, dayanıqlı iqtisadiyyat, o cümlədən inklüziv inkişaf kimi hədəflərə çatmaqda yardımcı olacaq.

Bununla yanaşı tikinti sahəsinin inkişafının dəstəklənməsi və stimullaşdırılması üçün atılan addımlar dayanıqlı iqtisadi inkişafın qorunub saxlanılmasına imkan verəcək”.

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu