Zoğal bağları kəsilir, qazanc yoxdur

Əhaliyə köməklik edilməlidir ki, becərdikləri məhsulları daha keyfiyyətli emal edə bilsinlər. Həm də baha satsınlar

Zoğal ölkə xaricinə çıxarılan azsaylı kənd təsərrüfatı məhsullarından biridir. Lakin bu il təsərrüfat sahibləri qazanc əldə edə bilmir və bağlarını kəsməyə meyl edirlər. Zoğal mürəbbəsi, turşusu və kompotu qış üçün strateji məhsullardan hesab edilir. Belə ki, hamımız zoğalın soyuqdəyməyə qarşı bir nömrəli dərman olduğuna inanırıq. 

Zoğal bağlarına Qazax rayonunda hər evdə rast gəlmək olar. Avqustun əvvəllərindən yığımı başlayan məhsulun satışı isə əsasən Rusiya bazarlarında aparılır. Sahibkarlar tərəfindən alışı təşkil edilən meyvə təsərrüfatlardan yığılaraq yük avtomobilləri ilə ölkə xaricinə çıxarılır.

Lakin dəyişən qiymətlər və alıcılarla birbaşa əlaqələrinin olmadığını deyən təsərrüfat sahibləri üçüncü şəxslərin qiymətləri oynatdığını və nəticədə qazanc əldə edə bilmədiklərini söyləyirlər. Bu səbəbdən alıcısı var deyə yeni zoğal bağları salanlar da var, gəlir götürə bilmədiyindən ağaclarını kəsənlər də. Alıcılar isə yerli bazarın Rusiya bazarları ilə tənzimləndiyini bildiriblər. Bəzi təsərrüfatçılar suya tələbkar olduğu, qiymətinin kəskin dəyişməsi və daha gəlirli meyvə yetişdirmək istədiklərinə görə zoğal ağaclarını kəsməli olurlar.

Zoğal ağaclarının kəsilməsi ilə bağlı "Şərq"ə danışan iqtisadçı-ekspert Nazim Bəydəmirli bildirib ki, təəssüf ki, son zamanlar müəyyən səbəblər ucbatından belə hadisələr yaşanmaqdadır:

"Torpaq məcəlləsinə uyğun olaraq, bağ və əkin sahələri qorunan kateqoriyaya aiddir. Adətən biçənəyi örüşlə əvəz etmək mümkündür. Ancaq yerli hakimiyyət orqanlarının qərarıyla belə sahələri məhv etmək olmaz. Torpaq qanunvericiliyindən başı çıxanlar bunu yaxşı bilir. Təəssüf edirəm ki, zoğal ağaclarının kəsilməsi ilə bağlı belə hadisələr olur.

Bildiyimiz kimi, bağlar, meşəliklər həm ekologiya, həm yaşıllıq, həm də oksigen mənbəyidir. Bir çox hallarda Oğuz, Şəki, İmişli və sair kimi zonalarda əkin sahələrini artırmaq üçün kol-kos adı ilə müxtəlif bağ massivlərinin, meşəliklərin qırılmasını müşahidə edirik. Amma bunu doğru saymıram. Bu barədə mətbuatda olan məsələlərlə bağlı biganə qalmamağı hökumətdən tövsiyə edirəm. Çünki ağaclar həm eroziyanın, həm də aşınmanın qarşısını alır. Hesab edirəm ki, əhali arasında kifayət qədər maarifləndirmə işi aparılmalıdır". 

Ekspert hesab edir ki, kəndlilərə öz təsərüffatlarından səmərəli istifadə etmək üçün onlara həm əyani vəsaitlərlə, həm də maddi dəstək göstərmək lazımdır:

"Onlara müəyyən köməklik edilməlidir ki,  becərdikləri məhsulları daha keyfiyyətli emal edə bilsinlər. Həm də baha satsınlar ki, bu, onlar üçün də səmərəli olsun. Bunu ancaq maarifləndirmə yoluyla, bir də kənd təsərrüfatından başı çıxanların bu sahəyə cəlb olunması ilə etmək mümkündür. Çox təəssüf edirəm ki, bizdə kompaniyaçılıq çox irəli gedib.

Məsələn, bizdə  hökumət pambıqçılıqla bağlı hər hansı təşəbbüs göstərdikdə, bu haqda yüksək səviyyədə danışdıqda, hamı hər yerdə o bitkinin regionlaşmasını nəzərə almadan bu təşəbbüsə gedir. Nəticə etibarilə, ərzaq təminatımızda da axsamalar olur. Örüşlər, biçənəklər azalır, bu da heyvandarlıq məhsullarına ciddi təsir göstərir.

Yəni regionlaşmanı bilmək lazımdır. Azərbaycanda hansı məhsulları, texniki bitkiləri yetişdirmək mümkündür. Ölkəmizdə onsuz da əkin sahələri məhduddur. Vaxtilə meleorasiya tədbirləri yaxşı aparılmadığına, dövlət vəsaitləri səmərəli xərclənmədiyinə görə, əkin sahələri şoranlaşmaya məruz qalıb və dövriyədən çıxıb.

Hazırda bunları geri qaytarmaq daha məntiqlidir. Ağacları kəsib başqa sahələrə çevirməkdənsə, potensialdan daha çox istifadə etmək lazımdır". 

Paylaş

Bizi Facebookda izləyin
Aynurə Pənahqızı Yazarın yazıları
menu
menu