Sosial əlaqə itdikdə insanların psixikası pozulur

Pandemiyadan qabaq da qohum-əqrəbaya gediş-gəliş itmişdir

"İndi insanlarda ölüm qorxusu yaşanacaq, panik-atak  xəstələrinin sayında isə daha çox artım olacaq"

COVİD-19 virusunun yaratdığı narahatlıq və qorxu milyonlarla insanın ruhi sağlamlığına mənfi təsir edib, pandemiya səbəbindən qarşılıqlı sosial əlaqələrin çatışmazlığı insan psixikasına dərin mənfi təsir göstərib. Belə vəziyyətdə əsas simptomlar sırasında sayıqlama əlaməti seçilir və hazırda koronaviruslu xəstələrdə də tez-tez müşahidə edilməkdədir.

Mövzu ilə bağlı "Şərq"ə açıqlama verən psixoloq Zeynəb Eyyubova qeyd edib ki, pandemiya olmamışdan qabaq da insanlar arasında sosial ünsiyyət darlığı yaşanırdı. O bildirib ki, insanlar öz qohumlarıyla, dostlarıyla son zamanlar yalnız dost sferası ilə biri-birlərinə yaxın idilər:

"Pandemiya olmamışdan qabaq da bu problemlər yaşanırdı. Deyərdim ki, onlar dövrümüzün ən aktual problemlərindəndir. İnsanlar öz nənə, baba, qohum, qardaş  bu tip insanlarla əlaqədən zatən uzaqlaşıblar. Sosial şəbəkələrin də buna təsiri böyük olub.

Düzdür, sosial şəbəkələrin yaradılmasında əsas məqsəd insanların bir-biri ilə əlaqə və ünsiyyət qurması idi. İndi artıq insanlar sosial şəbəkələr üzərindən iş tapa, müxtəlif sosial layihələrdə iştirak edə, yeni insanlarla tanış ola bilirlər.

Amma texnologiyalardan insanlar düzgün istifadə edə bilmirlər. Məsələn, əvvəllər bayramlarda insanlar biri-birlərinə qonaq gedirdilər, amma indi yalnız vatsapda hazır şəkil və mesaj atmaqla kifayətlənirlər.

Ümumiyyətlə, sosial şəbəkələrdən istifadə edərkən vacib məqamlara diqqət etmək lazımdır. Hesab edirəm ki, sosial əlaqələrin çatışmazlığı insan psixikasına gələcəkdə dərin mənfi təsir göstərə bilər".

Psixoloq vurğulayıb ki, bizim cəmiyyət verilən qadağalara onsuz da əməl etməməklə məşğuldur: "Gəlin bir reallığa diqqət yetirək ki, bizə nə qədər sosial məsafə saxla deyilir. Hansısa məkanda, yerdə vətəndaşlarımız bunlara əməl edir, amma təkliyə qaldıqda bunlara riayət etmirlər.

Yəni  düşünmürəm ki, sırf koronavirusun sosial əlaqələrin çatışmazlığına ciddi təsiri olacaq. Bu zaman maraqlı sual ortaya çıxır. Bəs, pandemiyanın ciddi təsiri nəyə olacaq? İnsanlarda ölüm qorxusu yaşanacaq, panik-atak  xəstələrinin sayında isə daha çox artım olacaq.

Yəqin ki, bu pandemiya qısa müddət ərzində olmasa da, müəyyən müddətdən sonra aradan gedəcək. Hesab edirəm ki, əgər pandemiya qısamüddətli olarsa, bu zaman o insanların həyatında sadəcə bir pandemiyalı il kimi yaddaşlarda qalacaq". 

Paylaş

Bizi Facebookda izləyin
Aynurə Pənahqızı Yazarın yazıları
menu
menu