Bölgələrə gedənlər sağlam insanları yoluxdurdular

Sinəsi orden, medalla dolu olanı, yaxud şou-biznes adamlarını eşidən yoxdu

Efirə cəmiyyətdə tanınan, nüfuzu olan şəxsləri dəvət edib, onlar vasitəsilə əhaliyə tövsiyələr vermək lazımdır


Yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma sayının paytaxt və bölgələr üzrə statistik göstəriciləri açıqlanıb. Koronavirusinfo.az saytında yer alan məlumata görə, Azərbaycanda ən çox yoluxma halı yenə də paytaxt Bakıda müşahidə edilir – 56.1 faiz. İkinci yerdə 15,6 fazilə Abşeron rayonudur. Növbəti yerlərdə Gəncə-Qazax (6,4), Lənkəran (4,3), Quba-Xaçmaz (2,1), Şəki-Zaqatala (1,8), Dağlıq Şirvan (1,6), Yuxarı Qarabağ (1) qərarlaşıb. Ən az yoluxma isə Naxçıvanda qeydə alınıb - cəmi 0,04 faiz.

Paytaxtın rayonları arasında ən yüksək yoluxma göstəricisi də yenə Binəqədi rayonundadır - 14,3 faiz. Sonra 12,2 faizlə Xətai, Yasamal - 11,8, Sabunçu - 11,6,  “Nəsimi” - 8,9, “Nərimanov” 8,4, Suraxanı - 8, Qaradağ - 7,6, “Nizami” - 7,1, Xəzər - 5, Səbail - 4,7 və 0,3 faiz ilə Pirallahı rayonlarında qeydə alınıb.
İyul ayında da statistik rəqəmlər açıqlanmışdı. Ötən aylar ərzində göstəricilərdə 1-2 faiz fərqlə cüzi dəyişiklik nəzərə çarpır. İyul, avqust aylarında bölgələrdə sərt karantin rejiminə, hərəkət məhdudiyyətinə baxmayaraq vətəndaşların polis postlarından min-bir fəndlə keçib getməsi, şənbə-bazar günləri istirahət zonalarında sıxlıq yaşanması yoluxma sayına da təsirini göstərdi.

Quba-Xaçmaz, Şəki-Zaqatala bölgələrində yoluxma sayında müəyyən qədər artım müşahidə edilir. Buna səbəb qadağalara məhəl qoymayan vətəndaşların dincəlmək üçün daha çox həmin bölgələrə üz tutması ola bilərmi? 



Vətəndaş Cəmiyyətinə Yardım Assosiasiyası Seçki Qərargahının rəhbəri, professor Məhərrəm Zülfüqarlı “Şərq”ə açıqlamasında bildirdi ki, yoluxma statistikası həqiqəti əks etdirir: 

- Ümumi yoluxma sayının böyük hissəsinin yenə də paytaxtın payına düşməsi tamamilə anlaşılandır. Hazırda ən sıx məskunlaşma Bakıdadır, əsas iş yerləri, nazirlik, idarə və müəssisələr də burada yerləşir. Paytaxtın inzibati ərazi vahidləri arasında da yoluxma sayına görə Binəqədinin ilk sırada olması gözləniləndir. Binəqədi paytaxtın inzibati rayonları arasında ən sıx məskunlaşma olandır. Binəqədi ilə Sumqayıt arasında – Novxanı, Mehdiabad, Xırdalan, Masazır, Sulutəpə... bunlar hamısı sıx məskunlaşma gedən yerlərdir. Bu rayonda əhali də çoxdur, fərdi evlər də. Fərdi yaşayış sahələrinin çox olduğu yerlərdə yoluxma sayı da çox olur. Çünki o yerlərə lazımi qaydada nəzarət edilmir, gərəkən işlər aparılmır. 

M.Zülfüqarlı Quba-Xaçmaz, Şəki-Zaqatalada yoluxma sayındakı artımı yay mövsümü ərzində həmin bölgələrə səfərlərin intensivləşməsi ilə əlaqələndirdi: 

- Quba-Xaçmaz bölgəsi paytaxta daha yaxın olduğu üçün vətəndaşlar daha çox ora səfər edir. Şəki, Zaqatala, Balakən... bir qədər uzaqdı. Şənbə-bazar günləri Qubanın Xınalıq yolundakı avtomobillər toy karvanını xatırladır. Sanki gəlin aparırlar. Hamısı da Bakı nömrəli avtomobillərdi. Sərt karantin rejiminin tələblərinə vətəndaşlar əməl etməliydilər. Məsuliyyətsizlik nümayiş etdirməməliydilər. Amma görürdük ki, hərə bir yolla istirahət zonasına can atır. İstirahət etmək insanların haqqıdır, buna söz yox. Amma mövcud durum nəzərə alınmalıdır. Xüsusən, məsələ yoluxucu xəstəlik, infeksiyadırsa. Amma necə oldu? İstirahət zonalarında nə qədər qayda pozuntuları, sanitar-gigiyenik qaydaları görməzdən gəlmək, karantin qaydalarına saymazlıq müşahidə edildi. Nəticədə, Bakıdan bölgələrə gedənlər bəlkə oradakı sağlam insanları da yoluxdurdular. Yəni virus daşıyıcısı oldular. 

M.Zülfüqarlı pandemiya ilə mübarizədə əsas vasitənin maarifləndirmə olduğunu dedi: 

- Ən əsas maarifləndirmə tədbirlərinin aparılmasıdır. Efirə cəmiyyətdə tanınan, nüfuzu olan şəxsləri dəvət edib, onlar vasitəsilə əhaliyə tövsiyələr vermək lazımdır. Cəmiyyətdə tanınan, nüfuzlu şəxs dedikdə, sinəsi orden, medalla dolu olan, ya da şou-biznes nümayəndələrini nəzərdə tutmuram. İctimaiyyət arasında hörməti olan, cəmiyyət tərəfindən qəbul olunan, insanların inandığı, etibar etdiyi şəxsləri nəzərdə tuturam. 

Paylaş

Bizi Facebookda izləyin
Məlahət Rzayeva Yazarın yazıları
menu
menu