Çinin artan gücü Yaponiyanı da narahat edir - TƏHLİL 


Yoşihide Suqi Yaponiyanın yeni baş naziri seçilib. O parlamentə keçirilən səsvermədə rəqibləriylə mübarizədə böyük səs üstünlüyü qazanıb. Parlamentdəki səsvermədən bir neçə gün əvvəl 71 yaşlı Yoşihide Suqi hakim Liberal Demokratik Partiyasının (LDP) sədri seçilib. Bundan əvvəl partiyanın sədri və baş nazir Sinzo Abe idi. Ancaq o səhhətində yaranan problemlə bağlı olaraq avqustun 28-də istefa verdiyini bəyan edib.

Yeni baş nazir uzun illər Sinzo Abe ilə birgə çalışıb. Ona görə də Yoşihide Suqinin Sinzo Abenin daxili və xarici siyasətini davam etdirəcəyi proqnozlaşdırılır. Sinzo Abe ölkəsinin uzunömürlü baş nazir kimi yadda qalıb. Sağlıq problemləri olmasaydı, Abe baş nazir olaraq fəaliyyətini hələ bir neçə il də davam etdirəcəkdi. 



“Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu “Sherg.az”a bildirib ki, yaponlar Abenin daxili və xarici siyasətini bəyənirdilər. 
Analitik qeyd edib ki, koronavirus Yaponiya iqtisadiyyatında ciddi problemlər yaratmaqla Abenin reytinqinə mənfi təsir etdi. Buna baxmayaraq, yaponlar Abeyə alternativ görmürdülər. Bunu anlayan yeni baş nazirin dostunun siyasətini korrektə edəcəyi gözlənilmir:

 “Yaponiyanın xarici siyasətində əsas bir neçə mövzu var. Tokio Rusiya ilə münasibətlərin konturlarını müəyyənləşdirməyə çalışır. SSRİ İkinci Dünya Müharibəsindən sonra Yaponiyaya məxsus Kuril adalarını ələ keçirib. Bu səbəbdən Yaponiya SSRİ ilə sülh sazişi imzalamamışdı. SSRİ dağıldıqdan sonra Kuril adaları Rusiyanın ixtiyarına keçdi.

Ancaq SSRİ kimi Rusiya da həmin adaları Yaponiyaya qaytarmaqdan imtina edib və bu səbəbdən Tokio Moskva ilə də sülh sazişi imzalamayıb. Bu mövzuda Tokio ilə Moskva arasında illərdir danışıqlar gedir, ancaq problem ölü nöqtədən tərpənmir”. 

E.Şahinoğlu vurğulayıb ki, Yoşihide Suqini ilk təbrik edənlərdən biri Rusiya prezidenti Vladimir Putin olub:

“Yoşihide Suqi sələfləri kimi Rusiya ilə Kuril adaları mövzusunda dialoqu davam etdirəcəyini vəd edib. Buna baxmayaraq Moskvanın Kuril adalarını güzəştə gedəcəyi ehtimal olunmur. Rusiya Konstitusiyasına edilən son dəyişikliklərdən sonra bu heç mümkün də deyil. Konstitusiyada təsbit edilən yeni maddəyə görə, Rusiya ərazisinin heç bir hissəsi başqa dövlətin xeyrinə güzəştə gedilə bilməz. Həmin maddəni Konstitusiyaya elə Kuril adalarına görə salıblar. Bu, Moskvanın həm də Tokioya mesajıdır ki, Kurilin geri qaytarılması mümkün deyil və Yaponiya hökuməti bu məsələdə israr etməsin”. 

Analitikin sözlərinə görə, Yaponiyanı Çinin bölgədəki fəallığı narahat edir:

“Çin illər uzunu iqtisadiyyatıyla məşğul olub. Pekin uzun onilliklər nəticəsində fövqəladə iqtisadi inkişafa nail olduqdan sonra bölgədə siyasi və hərbi ambisiyalarını artırıb. Hazırda bu ambisiyalar bir çox dövlətə ciddi başağrısı yaradıb. Çinin aqressiv siyasəti Tokio ilə yanaşı bölgənin digər dövlətləri olan Hindistanı, Avstraliyanı, Vyetnamı da narahat edir. Yaponiyanın yeni baş naziri Çinin bölgədə artan fəallığına da diqqət yetirmək məcburiyyətində qalacaq”. 

E.Şahinoğlu bildirib ki, Yaponiya Çindən fərqli olaraq müxtəlif ölkələrdə böyük investisiya layihələri reallaşdırmır:

“Çin iqtisadi layihələr vasitəsilə daha sonra həmin ölkələrdə siyasi maraqlarını təmin etməyə çalışır. Yaponiyanın belə bir hədəfi yoxdur. Yaponiya qazandığı təcrübələri başqalarıyla bölüşür, dövlətlərdə müxtəlif sahələrdə yardım proqramları reallaşdırır. Məsələn Yaponiya bir sıra ölkələrdə su mənbələrinin tapılması, o cümlədən su elektrik stansiyaların inşasına önəm verir. Yeni baş nazirin də inkişaf problemləri olan müxtəlif dövlətlərlə bu siyasəti davam etdirəcəyini söyləmək mümkündür”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu