Sosial şəbəkələrin "qara üzü": “İctimai rəyi trollar istiqamətləndirir"- Ajiotaj !    

“İnsanlar sosial şəbəkələrə üz tuturlar və orada trollar öz işlərini görürlər”

“Trolları yox, onları maliyyələşdirənləri tapmaq lazımdır. Bu isə jurnalistlərin işi deyil”

"Deməli, peşəkar KİV, həqiqətən, peşəkar olmalı, azad, sərbəst fəaliyyət göstərməlidir”



Son vaxtlar sosial şəbəkələrin, xüsusilə “Facebook”un Azərbaycan seqmentində qəribə bir tendensiya müşahidə olunur. Peşmansan ki, hansısa qurum haqqında nisbətən müstəqil, tənqidi fikir yazasan. Dərhal tənqidlər, təhdidlər başlayır. Heç tanımadığın adamlar bəzən ünvanına elə sözlər işlədirlər ki, “kaş əlim qırılaydı, yazmayaydım” deyirsən. Sual yaranır: doğrudan da, mən səhvəm, yüzlərlə başqaları doğrudur? Lap “ala qarğa” misalı tək. İlk baxışdan elə görünür. Amma sosial mediadan azca başı çıxanlar bilirlər ki, trol şəbəkələrinin “ayağı yer alıb”. 

Bir adam bəzən onlarca saxta profil açır (çox vaxt həqiqi adı ilə saxta adı arasında heç bircə hərf eyniliyi də olmur) və başlayır onun-bunun statuslarını güdməyə. Adını da qoyur “iş”.  Nəticədə ictimai rəydə çaşqınlıq yaranır.

Tamamilə əsassız məlumatlar “fakt” adı ilə cəmiyyətə təqdim olunur. Lap Çin malının yerli istehsal adı ilə satılması kimi. Deyirlər, fakt Allahdır. Belədirə, deməli, əməli düz olmayanlar, özlərinə iş, peşə tapmayanlar Allahı, yəni faktı gizlətdiklərinə, dandıqlarına görə, gec-tez cavab verəcəklər. 

 “Ayna-Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı bu barədə “Sherg.az”a danışıb. Onun fikrincə, müvafiq qurumlar trol dəstələri ilə mübarizədə effektiv yol seçməlidirlər: 

“Bunun qarşısını almaq mümkün deyil. Hansısa inzibati üsullar isə, ümumiyyətlə, nəticə verməyəcək. Trolları yox, onları maliyyələşdirənləri tapmaq lazımdır. Bu isə jurnalistlərin işi deyil”. 

E.Şıxlının sözlərinə görə, belə məqamda professional mətbuat sadəcə öz işini görməlidir:

 “İndi ictimai rəy çox pis vəziyyətdədir. Zövqlər korlanıb. İndi peşəkar mediaya inam yoxdur. Heç kim ciddi məsələlərə əhəmiyyət vermir. İnsanlar sosial şəbəkələrə üz tuturlar və orada trollar öz işlərini görürlər. Yəni ictimai rəyi istiqamətləndirirlər.

Deməli, peşəkar KİV, həqiqətən, peşəkar olmalı, azad, sərbəst fəaliyyət göstərməlidir”.

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu