Binalar çox yaxın tikilir ! - “Elə evlər var, günəş işığına həsrətdir” – Ağır fəsadlar !

“Binalar arasındakı məsafə zəlzələ, tufan, leysan, yanğın zamanı insanların az zərər çəkməsi üçündür”

“Sıx binalarda yanğın, zəlzələ kimi hadisələr baş verərsə, görün nə qədər insan xəsarət ala bilər”

“Tikinti şirkətləri qoyulan tələblərə əməl etməlidirlər”


Son illər paytaxtımızda inşa edilən çoxmərtəbəli binaların sayı artıb. Lakin həmin binaların əksəriyyəti tikilən zaman tikinti normaları gözlənilmir. Binalar necə gəldi, bir-birinə yaxın tikilir. Görürsən ki, iki çoxmərtəbəli binanın arasında başqası inşa olunub. Tikililər və qonşu binalar arasında məsafə olduqca azdır. Bu məsafə təxminən 40-50 santimetrdir. 

Halbuki hər bir mənzil normal havalanmalı, günəş işığı mənzillərə paralel düşməli, nəm və rütubət kimi problem yaranmamalıdır. Bu baxımdan binalar arasında məsafənin olması mütləqdir. Tikinti zamanı məsafə normaları qorunmalıdır. Məsələn, hansısa bina qəzalı olsa və onun sökülməsi zərurəti ortaya çıxarsa, problemlər yaranacaq. Qəzalı binanın söküntüsü zamanı digər sağlam bina da zərər görəcək. Bütün bu deyilənlərin fonunda, binaların bir-birinə həddindən artıq yaxın tikilməsinin nə kimi təhlükəsi var? 



Suallarımızı cavablandıran təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev “Sherg.az”a bildirib ki, binaların tikilməsinə icazə verən qurum ilk növbədə həmin əraziyə baxış keçirməlidir. Hansısa tikinti şirkəti bina tikirsə, bunun üçün Şəhərsalma Arxitektura Komitəsinə müraciət edir. Daha sonra komitənin nümayəndələri gəlib, əraziyə baxış keçirir, ətrafda olan tikililər nəzərə alınır. 

Ekspert qeyd edib ki, bina tikintisi nəzərdə tutulan ərazidə yüksək gərginlik və magistral qaz xətti yoxdursa, ərazi sürüşmə zonasında deyilsə, tikintiyə icazə verilir:

“İlk növbədə ərazidə tikinti işlərinin aparılmasının təhlükəsiz olub-olmaması müəyyən edilir. Tikintiyə icazə verilirsə, deməli, həmin ərazi tələblərə cavab verir. Təəssüf ki, bəzən bu məqamlar nəzərə alınmır, binalar bir-birinə yaxın, heç bir ara məsafəsi qorunmadan tikilir”. 

E.Nurəliyev vurğulayıb ki, ara məsafəsi binanın xarici divar səthi ilə ölçülür:

“Yəni ara məsafəsi xarici divar səthinin 0.6 hissəsini təkil edir. Məsələn binanın hündürlüyü 40 metrdirsə, digər bina ilə ara məsafəsi minimum 24 metr olmalıdır. Hündürlük 50 metr olduqda isə minimum ara məsafə 30 metrdir. Ən əsası bu ara məsafələri hər binanın öz sərhədlərində olmalıdır. Yəni bir binanın ara məsafəsi o biri binanın ara məsafəsi ilə kəsişə bilməz. Hər binanın özünəməxsus ara məsafəsi olmalıdır. Bütün bunlar qanunvericilikdə də qeyd olunub”.

Ekspert bildirib ki, təhlükəsizlik tədbirlərinə əsasən binaların ara məsafələri üst-üstə düşməməlidir:

“Yaşıllıqların və su sahələrinin əraziləri ara məsafəsi sayıla bilməz. İnsanların təhlükəsizliyi üçün binalar tələb edilən qaydalara uyğun şəkildə inşa edilməlidir. Binalar arasındakı məsafə zəlzələ, qasırğa, tufan, leysan, yanğın zamanı insanların az zərər çəkməsi, təhlükəsizliklərinin qorunması üçündür. Sıx binalarda yanğın, zəlzələ kimi hadisələr baş verərsə, görün nə qədər insan xəsarət ala bilər”.

Əsas amillərdən birinin insan hüquqları olduğunu deyən E.Nurəliyev söyləyib ki, hər kəsin günəş enerjisi almaq hüququ var:

“Təbii ki, günəş işığının evə düşməsi sağlamlıqdır. Elə mənzil var ki, ora heç bir günəş işığı düşmür. Çünki həmin binanın yanına sıx şəkildə çoxmərtəbəli bina tikiblər. Bunların hamısı yolverilməzdir.

Eyni zamanda uşaqların oynamaq, sakinlərin də asudə vaxtlarını həyətdə keçirmək üçün toplanmaq hüququ var. Fövqəladə vəziyyətdə insanların həyətdə toplanış məntəqələri olmalıdır.

Zəlzələ və yanğın baş veribsə, həmin məntəqə təhlükəsiz hesab edilir. Yuxarıdan hansısa şüşə parçası və ya elektrik xətti düşə bilməz. Bu baxımdan binalar tikilərkən təhlükəsiz qaydalarına əməl edilməməsi ciddi fəsadlara yol açır. Tikinti şirkətləri qoyulan tələblərə əməl etməlidirlər”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu