Bakıda erməni dili kursu: Düşmənə öz dili ilə zərbə endiriləcək – Təqdir edildi! 

“İnformasiya baxımından erməni mənbələrini birbaşa oxumalıyıq”

“Arzu edərdim ki, tədris sistemli şəkildə aparılsın və bu dili öyrənənlərin sayı çoxalsın”

“Düşmən ölkənin dilini, mədəniyyətini, ictimai sistemini, ona aid olan hər şeyi bilməlisən”


Düşmənlə mübarizə aparmaq üçün ilk növbədə onun dilini bilmək lazımdır. Bunu tanınmış siyasi liderlər də təsdiq ediblər. Düşmənin dilini bildikdən sonra mübarizə istər-isəməz asanlaşır. Mübarizə dedikdə isə həm hərbi münaqişələr, həm də media üzərindən informasiya müharibəsi nəzərdə tutulur. Ermənilərə qarşı informasiya müharibəsi aparmaq dövrümüz üçün çox aktual bir məsələdir.


Düşməni öz dilində tədqiq etmək, onlara öz dillərində zərbə endirmək, erməni yalanlarını ifşa etmək baxımından cəmiyyətimiz üzərinə böyük yük düşür. Təbii ki, bunun erməni dilini bilmək zərurəti meydana çıxır. 

Artıq Bakıda erməni dili kursunun təşkilinə başlanacaq. Kurslar Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) tərəfindən ödənişsiz təşkil ediləcək. Dərslərin sentyabrın 30-da başlayacağı deyilir. Kursda erməni dilini başlanğıc səviyyədən öyrənmək istəyənlər iştirak edəcək. Məsələn magistr və ya doktorantura dərəcələrinə malik dövlət qurumları nümayəndələri, jurnalistlər və gələcəkdə elmi fəaliyyətlə məşğul olacaq gənc tədqiqatçılar kursa yazıla bilərlər.

Bəs, Düşmənin dilini bilmək bizə hansı üstünlükləri vəd edir?

Erməni dili kursunun açılmasını çox vacib hesab edən tanınmış media eksperti, BDU-nun professoru Qulu Məhərrəmli “Sherg.az”a bildirib ki, bunun həm elmi, həm ictimai-siyasi əhəmiyyəti var. Professorun fikrincə, informasiya baxımından erməni mənbələrini birbaşa oxumalıyıq:

“Düzdür, rus dili vasitəsilə bəzi məlumatları alırıq. Lakin Azərbaycanda erməni dilini bilən xüsusi mütəxəssislərin və erməni dilində materialların hazırlanması, bu dilin ümumi səviyyədə öyrənilməsi çox faydalıdır. Amma ölkəmizdə erməni dilini bilənlər də az deyil.
Qarabağda yaşayan ermənilər üçün Azərbaycan dilində xüsusi radio və televiziya verilişlərinə, yazılı mətbuata ehtiyac var. Çünki orada yaşayanlar bizim vətəndaşlarımızdır, onlara Azərbaycan dili ilə yanaşı erməni dilində də məlumatlar verməliyik. Ona görə də erməni dili kurslarının açılmasını çox vacib hesab edirəm. Hətta gecikmiş bir işdir. Arzu edərdim ki, tədris sistemli şəkildə aparılsın və bu dili öyrənənlərin sayı çoxalsın”.

Q.Məhərrəmli hesab edir ki, ölkəmizdəki ali məktəblərdə də erməni dili tədris edilməlidir:

“Vaxtilə BDU-da bu dilin tədrisi üçün mərkəz var idi. Bir ölkə ilə müharibə aparırsansa, onun dilini və mədəniyyətini, ictimai sistemini-bir sözlə düşmənə aid olan hər şeyi bilməlisən. Çünki bu gün böyük informasiya müharibəsi gedir. Bu informasiya müharibəsində texnologiyanı bilən,  güclü və əsaslı resurslara malik olan tərəf qazanır. Ona görə də erməni dilini bilmək bizim üçün ciddi resursdur”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu