Deputatın sürücüsü əfv siyahısına adlar salır?

Məlahət İbrahimqızı: "Elman Nəsirovda dəqiq fakt varsa, həmin deputatın adını çəkməlidir"

Səidə Qocamanlı: "Bizim işdə, çoxillik təcrübəmizdə deputatın diqqət çəkdiyi maxinasiyalar heç vaxt olmayıb"

Milli Məclisin İnsan hüquqları komitəsinin dünən keçirilən iclasında deputat Elman Nəsirov maraqlı məqama diqqət çəkib və öz həmkarlarını ittiham edib. Millət vəkili vurğulayıb ki, o, Əfv Komissiyasının əvvəlki üzvlərinin qanunsuz hərəkətləri barədə məlumat alıb. Deputatın sözlərinə görə, Əfv Məsələləri Komissiyanın əvvəlki üzvlərindən bəzilərinin sürücüləri insanlara yaxınlaşıb, yaxınlarının əfv siyahısına salınmasına kömək edəcəyini deyib: “Konkret faktlarla mənə məlumatlar verilib, bilmirəm düzdür, ya yox. Amma hər halda ciddi siqnaldır. Məndə olan məlumata görə, Komissiyanın deputat üzvlərindən birinin sürücüsü belə hərəkətə yol verib. Həmin sürücü vasitəsilə əfv siyahısına adlar daxil edilib”. 

İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deputat həmkarının iddiasına münasibət bildirib. O qeyd edib ki, bu, kifayət qədər ciddi ittihamdır:

“Əgər bir sürücünün əfv siyahısı ətrafında bu qədər səlahiyyəti olubsa, bunu müəyyənləşdirmək lazımdır. Mən həmin adamın özünün daha sonra əfvinin necə olacağını bilmirəm. Hər halda jurnalistlər də bu məsələni araşdıra bilər”.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı “modern.az”a açıqlamasında ittihama sərt şəkildə reaksiya verib. O bildirib ki, həmkarı Elman Nəsirovun dediklərinin heç bir əsası yoxdur:

“Əgər səsləndirdiyinin arqumenti varsa, onu ortaya qoymalıdır. O, millət vəkilidir. Bu cür məsələlər dedi-qodu, qeybət kimi deyilməməlidir.

Əgər Elman Nəsirovda dəqiq fakt varsa, həmin deputatın adını çəkməlidir”. M.İbrahimqızı həmkarının  gündəmdə qalmaq üçün populist çıxışlar etməməli olduğunu xatırladıb: “Əfv  Məsələləri Komissiyasının yüzlərlə üzvü yoxdur ki. Maksimum 4-5 deputat üzvü var. Konkret olaraq deməlidir ki, “filankəsov filankəs Əfv Məsələləri Komissiyasının üzvü olanda, sürücüsü bu işlə məşğul olub”, ya da sözünü geri götürməlidir. Hesab edirəm ki, bu, millət vəkilinə yaraşmaz”.  

Parlamentdə qaldırılan məsələ ilə bağlı “Şərq”ə danışan İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi Bürosunun rəhbəri Səidə Qocamanlı deyib ki, Əfv Məsələləri Komissiyasına siyahı təqdim edən hüquq müdafiəçiləri bu cür qara işlərlə məşğul olmurlar. S.Qocamanlının fikrincə, əgər deputatın əlində bununla bağlı faktlar varsa, bu məsələni elə millət vəkillərinin özləri gündəmə gətirməlidir:

“Şəxsən mən belə halla üzləşməmişəm. Biz hüquq müdafiəçisi olaraq Əfv Məsələləri Komissiyasına siyahılar təqdim edirik. Təkcə siyasi motivlərlə həbs olunanların deyil, müxtəlif səbəblərdən bizə müraciət edən yüzlərlə məhbusun adlarını da Komissiyaya göndəririk.

Kiminsə azadlığa çıxmaq vaxtına az qalıbsa, yaxud ağır xəstədirsə, ailəsində durum pisdirsə, həmin məhkumlarla bağlı bütün sənədləri toplayıb Əfv Komissiyasına göndəririk.

Gördüyümüz iş budur və bizim işdə, çoxillik təcrübəmizdə deputatın diqqət çəkdiyi maxinasiyalar heç vaxt olmayıb. Yaxşı olar ki, bu məsələyə Komissiyanın üzvü olmuş deputatlar özləri aydınlıq gətirsinlər. Çünki bu, onların “mətbəxidir””.

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu