Sədərək işləyir, yoluxma sayı artacaq - 5 manat ver, alver elə... 

"Karantin ola-ola insanların bu cür hərəkətlərə yol verməsi qanun pozuntusudur"

Karantin rejimi ilə əlaqədar ölkədə iri ticarət mərkəzlərinin fəaliyyətinə icazə verilməsə də, “Sədərək” və “Binə” ticarət mərkəzləri onlayn ticarət adı altında fəaliyyət göstərir. Müştərilərin mühafizəçilərə 5 manat verərək iri ticarət mərkəzlərinin ərazisinə daxil olduqları bildirilir. Bu məsələ cəmiyyətdə hər kəs tərəfindən birmənalı qarşılanmayıb. 



Məsələ ilə bağlı AVCİA-nın eksperti  Məhərrəm Zülfüqarlı  "Şərq"ə açıqlamasında bildirib ki, bu cür qanun pozuntularının baş verməsinin başlıca səbəbi Ümumdünya Səhiyyə Təşkilatının koronavirusla bağlı mətbuata verdiyi ziddiyyətli açıqlamaları ilə əlaqədardır. Onun sözlərinə görə, insanlar bu məlumatları oxuyaraq onlarda virusa qarşı inamsızlıq formalaşır:

"Hazırda müşahidə edirik ki, cəmiyyətdə maska taxanların sayı azdır. Hətta maska taxanlara hərdən kənardakı adamlar da qəribə baxır. İnsanların bu cür davranışlarının başlıca səbəbi inamsızlıqdan qaynaqlanır. Virusla bağlı mübarizə tədbirlərində çoxlu boşluqlar var. Bu gün cəmiyyət qarşısına tanınmış simaların çıxarılması daha məqsədəuyğundur".

“Sədərək” və “Binə” ticarət mərkəzlərinin onlayn ticarət adı altında fəaliyyət göstərməsi məsələsinə gəlincə, ekspert hesab edir ki, belə məsələlərdə kimlərisə cəzalandırmaqdansa, təbliğatın gücləndirilməsi lazımdır:

"Bu gün insanlar arasında maarifçiliyin artırılmasına çox ehtiyac var. Elə etmək lazımdır ki, insanlar real təhlükəni dərk edə bilsinlər. Yəni bütün məsələlərin başında sadə insan amili dayanmalıdır. Gündəlik çörək pulu qazanan, təhsil haqqını ödəməli olan insanları da fikirləşmək lazımdır.

Müntəzəm olaraq, rüşvətə, qanun pozuntusuna qarşı mübarizə aparılsa da, bu gün yenə də belə neqativ hallara rast gəlmək mümkündür. Karantin ola-ola insanların bu cür hərəkətlərə yol verməsi qanun pozuntusu olmaqla yanaşı, yoluxmanın artmasına da səbəb ola bilər". 

Paylaş

Bizi Facebookda izləyin
Aynurə Pənahqızı Yazarın yazıları
menu
menu