Müəllimənin ölümü sıradan bir hadisə deyil

Bir insanı qətlə yetirən də, özünə qəsd edən də qatildir


"Demişdim ki, karantin müddətində bir sıra problemlər üzə çıxacaq, çünki insanlar mühitdən-mühitə düşüblər, psixologiyaları dəyişib"

Bakıda 27 yaşlı müəllimə özünü yaşadığı binanın pəncərəsindən atıb. Bakı şəhər Təhsil İdarəsindən verilən məlumata görə, 121 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi İsayeva Naidə Namiq qızı 16 sentyabr tarixində özünü Nərimanov rayonunda yaşadığı binadan aşağı atıb. Naidə İsayeva həmin gün (16 sentyabr) zəng edərək özünü narahat hiss etdiyi üçün işə gələ bilməyəcəyini deyib. N.İsayeva məktəbdə bacarıqlı, sakit və savadlı bir müəllim kimi tanınıb. 

Baş Prokurorluğun mətbuat xidmətindən müəllimənin intiharı ilə bağlı yayılan məlumatlara münasibət bildirilib. Qeyd olunub ki, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib. Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.

İş üzrə müvafiq ekspertizalar təyin edilib, şahidlərin dairəsi müəyyənləşdirilərək dindirilib, o cümlədən digər prosessual hərəkətlər yerinə yetirilib. Cinayət işi üzrə bütün halların tam, hərtərəfli və obyektiv araşdırılmasını təmin etmək məqsədi ilə istintaq tədbirləri davam etdirilir.


Psixoloq Fərqanə Mehmanqızı bildirib ki, bu gün intiharlar ailədaxili şiddət, aqressiyanın artmasının səbəbindən baş verir. Onun sözlərinə görə, səbəblər müxtəlif olsa da, sonda nəticələr eyni olub:

"Xroniki depresiyadan əziyyət çəkən insanlarda şüuraltı yatan bir ana xətt var ki, o özünü təsdiq edə bilməmək, özgüvənsizlik kimi halları formalaşdırır. Karantin başlayanda mən bu haqda istər sosial şəbəkələrdə, istərsə də televiziya efirlərində demişdim ki, karantin müddətində bir sıra problemlər üzə çıxacaq. Paniki-atak, samatik depresiya, xroniki depresiya, fobiyalar, aqressiv depresiyalar üzə çıxacaq. Bu üzəçıxmalar da təbiidir, realdır.

Çünki insanlar mühitdən-mühitə düşüblər, psixologiyaları dəyişib. Bu mühit onların psixologiyalarında olan problemləri üçün münbit şərait yaradır. Bu gün də intiharların, cinayətlərin artmasında karantinin, koronavirus xəstəliyinin izlərini görə bilərik.

Əslində problemlərin kökündə olanlar başqadır. İnsanlar artıq eşitmir və eşidilmir. Sanki bir baryer qoyulub onların arasında səsləri, duyğuları eşidilmir. Bu gün aydın şəkildə insanların səssiz çığırışlarını mimikalarından görmək olur.

Qanıqara gəzmək, qaşqabaqlı gəzmək və sair. Bunlar hamısı insanların ruh hallarının üzdə görünən formasıdır. Çox təəssüf ki, bu problemlərlə üzləşə bilməməyin, onları həll edə bilməməyin, həll etmək üçün mütəxəssisə müraciət etməməyin sonudur. İnsan bir insanı qətlə yetirirsə və ya özü intihar edirsə, bu eynidir. Eyni problemin nəticəsidir ki, bu insan qatildir. Burda artıq hisslər, emosiyalar pik həddədir ki, onlar bu əmələ əl atırlar". 

Psixoloq bildirib ki, çox vaxt intihar edən şəxsləri qınayırlar və yaxud da el dili ilə desək, qəhrəman kimi qələmə verirlər:

"Bunlar əslində bir psixoloji ruh halıdır, psixoloji xəstəlikdir. Çünki bunlar hər hansı problemlərin yığılmış formasıdır.  Çox təəssüf ki, gənclər buna daha çox meyillidir. Bir tərəfdən də sosial şəbəkələrdə, televiziyalarda bunun təkrar edilməsi bir növ də yayılmasına səbəb olur.

Çünki hər bir xəbəri yayanda fikir versəniz görərsiniz ki, haqq qazandıran rəylər yazılır.

Məsələn, "Öldü, canı qurtardı". Sanki intihar edən şəxsə rəğbət bəsləyirlər. Bir sözlə, intihar edənlər özünü real olaraq həyatda tamamlamadığına, sosial mühitdə özünü göstərə bilmədiyinə görə, sanki canına qıyaraq bu yolla problemdən canını qurtarır".

Paylaş

Bizi Facebookda izləyin
Aynurə Pənahqızı Yazarın yazıları
menu
menu