“Korrupsiyaya qarşı mübarizədə yeni mərhələ... –“ Milli Fəaliyyət Planı hazırlana bilər”

“Yəqin ki, bu planın əsas xətti nomenklatur səviyyədə olan korrupsiya, rüşvətxorluq hallarının aradan qaldırılması olacaq”



Dövlət siyasətinin prioritet istiqamətlərindən biri korrupsiyaya qarşı mübarizə tədbirləridir. Bu tədbirlər məmur-vətəndaş münasibətlərinin sağlam zəmində qurulmasına, şəffaflığın və hesabatlılığın təmin edilməsinə şərait yaradır.Korrupsiyaya qarşı tədbirlərində rüşvətxorluq, bürokratiya, süründürməçilik kimi neqativ halların aradan qaldırılması əsas hədəflərdən biridir. Bu sahədə Prezident İlham Əliyevin yürütdüyü siyasətin məqsədi ədalətli idarəçilik sisteminin yaradılmasıdır.

Ölkəmizin korruspiya sahəsindəki siyasətini “Sherg.az”a dəyərləndirən Vətəndaşların Əmək Liqasının sədri Sahib Məmmədov bildirib ki, ölkə başçısı İlham Əliyev 2018-ci ildə yenidən Prezident seçildikdən sonra korrupsiyaya qarşı mübarizə sahəsində yeni mərhələ başlayıb. 

Liqa sədri qeyd edib ki, əvvəlki illərdə daha çox məişət korrupsiyası ilə mübarizə gedirdi və bununla bağlı mexanizmlər yaradılırdı:

“Məsələn, dövlət xidmətlərinin “ASAN xidmət” vasitəsilə həyata keçirilməsi korrupsiyanın aradan qaldırılmasına yönəlib.

Bu mərhələni başa çatmış hesab etmək olar. İndi isə daha yuxarı orqanlarda mövcud olan korrupsiyaya qarşı mübarizə başlayıb. Cənab Prezident dəfələrlə deyib ki, bu barədə heç bir güzəşt olmayacaq.

Ona görə də ölkəmizdə korrupsiya ilə mübarizənin yeni mərhələsi yaranıb. Korrupsiyaya qarşı Komissiyanın yeni tərkibinin ilk iclasında Prezidentin yeni islahatlar kursu ilə bağlı bir sıra ciddi çağırışlar oldu.

Düşünürəm ki, Milli Fəaliyyət Planı ortaya çıxa bilər. Yəqin ki, bu planın əsas xətti nomenklatur səviyyədə olan korrupsiya, rüşvətxorluq hallarının aradan qaldırılması olacaq.

Artıq bu işə başlanılıb. Siyasi vəzifə tutan şəxslər, icra hakimiyyəti başçıları və nazir müavinlərinə qədər cinayət məsuliyyətinə cəlb olunanlar var. Ona görə də bu iş davam edəcək”.

S.Məmmədovun fikrimcə, indiki halda ən ciddi problem dövlət satınalmalarındadır:

“Dövlət satınalmaları sahəsində çox ciddi qüsurlar var. Bu qüsurlar aradan qaldırılmalıdır. Eyni zamanda lüzumsuz layihələr, planlaşdırılmamış və  məqsədəuyğunluğu sübut olunmayan çox xərcli layihələr həyata keçirirlər.

Belə layihələr yol infrasturukturu və digər sahələrlə əlaqədardır. Bəzən müəssisələr tikilir və sonra istifadə olunmur. Əsas diqqət bu sahələrə yönələcək. Korrupsiyaya yol verənlərin təqib olunması istiqamətində hazırda həyata keçirilən siyasət də davam edəcək”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu