Həkim arıqlama çaylarına “YOX” deyir ! – “Xəstəliklərə təkan verir” – Təhlükəlidir ! 

“Çünki bir insanda kilo problemi varsa, anlamaq lazımdır ki, bu problem heç vaxt öz-özünə yaranmır”

“Çəki problemi ya psixoloji durumla, ya hormonal pozuntularla, ya da bədəndə minerallarına çatışmazlığı ilə bağlıdır”

“Unudurlar ki, həmin çaylar kimyəvi tərkiblidir. İnsanda mədə xorası və qastrit yarada bilər”


İdman və pəhriz saxlamaq kimi sağlam yollar olsa da, tənbəllik edən bir çox xanımlar daha asan üsullara əl atır, dərmanlardan istifadə edirlər. Televiziya kanallarında və küçədəki reklam lövhələrində belə dərmanların reklamı heç də az getmir. Bir çox aptekdə arıqlama vasitəsi olan müxtəlif adlarda bitki çayları, kofelər və digər vasitələr satılır.

İdmana tənbəllik edən, pəhrizlərə iradəsi və səbri çatmayanlar reklamlarda az qala möcüzəli təsir vasitəsi kimi təqdim edilən dərmanlara, xüsusi çaylara, kofelərə, bioloji aktiv maddələrə üz tutur. Onlar bu vasitələrlə çox sürətlə arıqlamaq istəyirlər. Satıcı hər nə qədər “zərərsizdir” desə də, istifadə edənlərin də ürəyində şübhələr qalır. Çünki arıqlama çaylarının şişirdildiyi təqdirdə faydadan çox zərəri var.

Dietoloq-həkim Ofelya Tahirova “Sherg.az”a açıqlamasında arıqlama çaylarından və digər vasitələrdən birmənalı şəkildə uzaq durmağı bildirib. Onun sözlərinə görə, arıqlama çayları insan orqanizmi üçün olduqca təhlükəlidir:

“Bəzən insanlar arıqlamaq üçün yüngül və asan üsullara əl atırlar. Bu üsullar həm zərərli, həm də faydasızdır. Müxtəlif arıqlama çaylarına, kofelərə və dərmanlara sözün həqiqi mənasında “yox” deyirəm. Çünki bir insanda kilo problemi varsa, anlamaq lazımdır ki, bu problem heç vaxt öz-özünə yaranmır. Çəki problemi ya psixoloji durumla, ya hormonal pozuntularla, ya da bədəndə müəyyən vitaminlərin və minerallarına çatışmazlığı, fiziki aktivliyin olmaması ilə bağlıdır. Məsələn həddindən artıq yemək, amma az hərəkət etmək. Bu faktorlardan irəli gələrək kilo problemi ola bilər. Amma insanlar çay içib arıqlamaq istəyirlər, unudurlar ki, həmin çaylar kimyəvi tərkiblidir”.

Dietoloq vurğulayıb ki, arıqlama çaylarının bəzisi beyinə təsir göstərir və sonradan insanlarda asılılıq yaranır:

“Bəzi insanlar düşünür ki, “hər bir şey yeyim, sonra arıqlama çaylarından içib arıqlayaram”. Lakin insan sağlam şəkildə qidalanmalıdır, qida insanın həyat tərzi olmalıdır. Müəyyən arıqladıcı vasitələrin tərkibində kofeinlər və digər qatqılar var. Məsələn onkoloji ya da mioma, fibroma, kista kimi xəstəliklər varsa, bu arıqladıcı vasitələr xəstəliyə birbaşa təkan verir. Çünki arıqlama vasitələri beyinə impuls çatdırır və insanda doyum hissi yaradır. Bu da hormonlara mənfi təsir göstərir.

Qarın işlədici çaylar da olur, onlar bədəndəki müəyyən mineralları, duzları, vitaminləri yuyur. Təbii ki, vitamin və mineral çatışmazlıq varsa, nə yesək də bağırsaqdan sorulmayacaq. Bu da insanda ikiqat aclığa səbəb olur. Bu zaman insan aşırı çox yeyir”.

O.Tahirova qeyd edib ki, arıqlama çayları gələcəkdə mədə xorası və qastrit yarada bilər:

“Ona görə də belə çayların və digər arıqlama vasitələrinin qəbulunu məsləhət görmürəm. İlk növbədə artıq çəkinin nə ilə bağlı olduğunu araşdırmaq lazımdır.

Daha sonra arıtq çəkisi olan şəxsə müəyyən proqram tətbiq olunur. Bu proqram insanın həyat tərzinə çevrilir və sağlam qidalanaraq sağlam arıqlamağa başlayır”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu