Tofiq Yaqublunun problemindən siyasi xal qazanmaq niyyəti: Alınmadı, niyyət puç oldu

Bu gün Bakı Apelyasiya Məhkəməsi Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun ev dustaqlığına buraxılması ilə bağlı vəsatəti təmin edib.
Qeyd edək ki, Nizami Rayon Məhkəməsi Tofiq Yaqublunun 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarmışdı.
İttihama görə, avtomobil qəzası zamanı T.Yaqublu digər maşının sürücüsünü və onun yanında olan həyat yoldaşını təhqir edib, vurub, sürücüyə vintaçanla xəsarət yetirib. O, ittihamları qəbul etmədiyini bildirirdi.

17 gündür aclıq aksiyasını davam etdirən Tofiq Yaqublu səhhəti ilə əlaqədar sentyabrın 12-də istintaq təcridxanasından “City Hospital”a köçürülmüşdü. Hazırda da o, həmin xəstəxanada müalicəsini davam etdirir.

Yaqublu barədə qərarın dəyişdirilməsi Azərbaycan dövlətinin humanizm prinsiplərinə əsaslanan siyasətinin əyani təzahürüdür. Bir qədər əvvəl ölkənin tanınmış ziyalıları, ictimaiyyət nümayəndələri T.Yaqublu barədə verilmiş hökmün dəyişdirilməsi ilə bağlı müraciət etmişdilər. Və budur, o, artıq azadlıqdadır.

Yaqublunu məhkəmə qarşısında yaxınları, ictimaiyyət nümayəndələri, qohumları, ailə üzvləri, jurnalistlər qarşıladı. Jurnalistlərdən birinin Tofiq bəyin qızı Nigar Həziyə ünvanladığı sual isə, necə deyərlər onun ağzında qaldı. 

“Mən hakimiyyət yandaşlarının, onların KİV-nin telekanal və saytlarının sularına cavab vermirəm”. Belə dedi, Nigar xanım.
Bax, həmin vaxt Nigar xanım adi bir həqiqəti unudurdu. Ya da görməzdən, eşitməzdən gəlirdi. O unudurdu ki, elə hakimiyyət yandaşı adlandırdığı telekanal və saytların heç bir siyasi mənsubiyyəti olmayan onlarla əməkdaşı bu günlərdə məhz humanizm prinsiplərinə uyğun olaraq onun atasının azadlığını tələb edirdi. Onun bu addımı isə məhz həmin jurnalistlərə qarşı sadəcə təhqir idi. 

Son günlər, bir həqiqət də öz təsdiqini tapdı. Radikal müxalifətin və xaricdəki 5-ci kolonun bu qərarı “qələbə” kimi yozması, bundan sui-sitifadə edərək müxtəlif qeyri-qanuni çağırışlar səsləndirməsi bir daha göstərir ki, heç bir fəaliyyəti olmayan, işləri-gücləri sosial şəbəkələrdə qeybət, dedi-qodu yaymaq olanlar üçün insan həyatının heç bir dəyəri yoxdur.

T.Yaqublunun qızı Nigar Həzi, AXCP sədri Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli, Sevinc Osmanqızı kimi şəxslər öz məqsədləri üçün ən ali prinsipləri belə tapdamağa hazırdırlar. Tofiq Yaqublunun qızı Nigar Həzinin atasının vəziyyəti ilə bağlı siyasi möhtəkirlik etməsi xüsusi təəccüb doğurur. Atasına aclığı dayandırmaq, bununla da səhhətini daha da pisləşdirməmək kimi tövsiyələr verməli olan bir övlad əksinə atasını aclığı ölümü bahasına olsa belə davam etdirməyə çağırırdı.  Bu acı təəssüf doğurdu. Vaxtıyla neftin qiymətinin aşağı düşməsinə, iqtisadiyyatın geriləməsinə sevinənələr, insanların sosial durumunun ağırlaşmasını istəyənlər, koronavirus pandemiyasının geniş yayılmasını arzuluyanlardən bundan artıq münasibət gözləmək mümkün deyil.

Amma onların Tofiq Yaqublunun problemindən siyasi xal qazanmaq niyyəti alınmadı.

Bu adamlar bir məqamı da unutdular: Yaqublu ilə bağlı qəbul olunmuş yeni qərar başqa bir reallığı da növbəti dəfə sübut etdi: Təcrübə göstərir ki, təzyiq, şantaj və bu kimi yollarla Azərbaycan dövlətinə, hakimiyyətə, məhkəməsinə təsir etmək mümkün deyil və belə cəhdlər həmişə olduğu kimi iflasa məhkumdur.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu