Ögey münasibət aradan qaldırılır

Ölkəmiz vətəndaş cəmiyyəti quruculuğu prosesində ciddi nəticələr əldə edəcək

"Yaxşı olar ki, cənab Hikmət Hacıyev QHT-lərin ofislərinə də gəlsin"

Sentyabrın 17-də Prezidentin köməkçisi Hikmət Hacıyev QHT-hökumət dialoqu çərçivəsində sosial, iqtisadi, humanitar və demokratiya sahəsində fəaliyyət göstərən 96 QHT-nin rəhbəri ilə görüş keçirib. H.Hacıyev bildirib ki, bu, sayca 6-cı və ən çoxsaylı QHT-nin qatıldığı görüşdür. Vurğulanıb ki, bu qrupdakı QHT-lərin fəaliyyət sahəsi çox geniş olmaqla yanaşı, həm də cəmiyyət həyatında əhəmiyyətli rola malikdir.

Hikmət Hacıyev Prezidentin çağırışına uyğun olaraq QHT-lərin mərkəzi və yerli icra hakimiyyəti orqanlarının fəaliyyətinə ictimai nəzarətin təşkilində daha yaxından və effektiv formada iştirak etməsinin vacibliyini vurğulayıb. Prezidentin köməkçisi bununla bağlı yeni və daha çevik mexanizmlərin yaradılmasının zəruri olduğunu deyib.

Qeyd edib ki, müstəqillik tariximizdə Azərbaycanın demokratiya yolunda qət etdiyi məsafəni dünyanın inkişaf etmiş əksər ölkələri daha uzun müddətə keçib. Hikmət Hacıyev dövlətin QHT-lərdən ictimai problemləri öyrənmək və təkliflər vermək, ictimai həyatın müxtəlif sahələrində mövcud olan problemlərin alternativ həlli yolları ilə bağlı təşəbbüslərlə çıxış etmək kimi gözləntilərinin olduğunu bildirib.

Görüşdə iştirak etmiş Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı “Şərq”ə açıqlamasında ümumilikdə hökumətin bu təşəbbüsünü faydalı hesab etdiyini deyib:

“İnanmaq istəyirəm ki, nəhayət ölkəmizdə QHT-lərə olan ögey münasibət aradan qaldırılacaq və ölkəmiz vətəndaş cəmiyyəti quruculuğu prosesində ciddi nəticələr əldə edəcək. Mən ilk olaraq QHT-lərlə bağlı 2013-2014-cü illərdə qaldırılmış qondarma cinayət işlərinin bəraətedici əsaslarla xitam verilməsini xüsusi olaraq vurğuladım. Hesab edirəm ki, hökumət gerçəkdən də bu sahədə problemləri həll etməyi qarşısına məqsəd qoyubsa bu məsələ həll edilməlidir.

Növbəti olaraq QHT-lərin qeydiyyatının elektronlaşdırılması və müddətinin azaldılması, qrantların qeydiyyatının xəbərdaredici formaya dəyişdirilməsi, beynəlxalq təşkilatların ölkədə fəaliyyətinin bərpa edilməsi və bölgələrdə QHT-lərin fəaliyyətinə yaradılan süni əngəllərin aradan qaldırılmasını təklif etdim. Və təbii ki, Tofiq Yaqublunun azadlığa buraxılması məsələsini qaldırdım. Hikmət Hacıyevin ümumilikdə proseslərə yanaşması hələlik məndə xoş təəssurat yaratdı”. 

QHT rəhbəri düşünür ki, bu təmaslar uzun illərdir ictimai-siyasi həyatda yaranmış gərginliyin aradan qaldırılmasına müsbət təsirini göstərəcək:

“Hesab edirəm ki, hökumət tənqidlərə açıq olmalı və problemləri səsləndirən şəxsləri dinləməlidir. Yaxşı olar ki, cənab Hikmət Hacıyev gələcəkdə QHT-lərin ofislərinə də gəlsin və bu sahənin nümayəndələri ilə yaxından tanış olsun.

Əgər sadaladığım problemlər aradan qaldırılsa, bu, hökumət-vətəndaş cəmiyyəti arasında əməkdaşlığın daha da dərinləşməsinə töhfə verə bilər”.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu