"Mədəniyyətin başında duran karifeylərin adı çəkiləndə ayağa durmalıdır"

Əsəd Cahangir: "Keçmiş nazirdə milli kinoya, teatra qarşı çox böyük etinasızlıq vardı"

"Ədəbiyyat sahəsində də böyük xaos, hərc-mərclik var. Yeni meydana çıxan imzalar çox yanlış, deformatik yanaşma sərgiləyirlər"

Necə olur ki, koreyalılar tarixi qəhrəmanları barədə film çəkirlər. Türkiyə çəkir, Sultan Süleymandan, Əbdülhəmid xandan. Amma biz Şah İsmayıl Xətaidən film çəkə bilmirik?


Mədəniyyət nazirinin birinci müavini, mədəniyyət naziri vəzifəsini müvəqqəti icra edən Anar Kərimov mədəniyyət strategiyası hazırlanacağını bildirib. Milli Məclisin Mədəniyyət komitəsinin iclasında çıxış edən A.Kərimov qeyd edib ki, mədəniyyət strateji sahədir və bu sahədə fəaliyyət daha da genişləndirilməlidir. Nazir müavini fəxri adlar məsələsinə də toxunub və deyib ki, bu məsələdə təəssüf ki, sui-istifadə hallarına yol verilib, bu da bəzi şəxslərin nazirliyə, dövlətə inamını azaldıb.

Nazir müavini fəxri adların verilməsi prosesində qərarverici gizli qurum yaradılacağını bildirib.    
Doğrusu, “mədəniyyət strategiyası yaradılması” məsələsi bir qədər qəribə səslənir. Yəni, 21-ci əsrdir, çoxəsrlik tarixə malik Azərbaycan mədəniyyəti ilə bağlı bundan belə hansı yeni strategiya hazırlamaq olar?! Belə təəssürat yaranır ki, illərdir plansız, strategiyasız işləyirmişlər. Strategiya indi yada düşüb.   
Ədəbi tənqidçi Əsəd Cahangirlə mövzu ətrafında söhbət etdik. Görək nələr dedi. 

Sovet dövründə sovet mədəniyyəti strategiyası vardı, sonra keçid dövrü başladı və o dövr həyatın bütün sahələrində olduğu kimi mədəniyyət sahəsində də xaosla nəticələndi. İndi isə yeni mədəni strateji istiqamətin müəyyənləşdirilməsi dövrüdür. Bu o demək deyil ki, mədəniyyət strategiyamız olmayıb. Olub. Amma hər dövrə uyğun olaraq strategiya da yenilənməlidir. Çünki mədəniyyət həyatın güzgüsüdü və ona uyğun dəyişməlidi. Hazırkı dövr daha çevik mədəni siyasət tələb edir. Mədəni proseslərin demokratikləşməsi onun ən yüksək istiqamətlərindən biri olmalıdır. Mədəniyyət xalqın mənəvi ehtiyaclarının ödənməsinə, yeni nəslin milli-mənəvi dəyərlər çərçivəsində formalaşmasına xidmət etməlidir. Biz qlobal dünyada yaşayırıq. Dünya nəhəng əjdaha kimi ağzını açıb milli mədəni dəyərləri təhdid edir. Xalqlar milli kimliyini itirmək təhlükəsi qarşısındadır. Assimilyasiya təhlükəsi mövcuddur. Belə vəziyyətdə çox güclü, mükəmməl strategiya lazımdır ki, nəhəng əjdaha milli dəyərləri “udmasın”, mədəni irsimiz məhv olmasın. Şəxsən mən muğam sənəti ilə bağlı son 10 ildə aparılan dövlət siyasətini milli dəyərlərimizin qorunması baxımından ən uğurlu hadisə sayıram. Muğam sənətinə olan qayğı dövlətimizin milli dəyərlərə sahib çıxmasının bariz təzahürlərindən biridi. Çünki muğam bizim milli musiqimizin əsasında durur. Eynilə bu deyilənlər incəsənətin digər sahələrinə, teatr, ədəbiyyat, kino sahəsinə aid olmalıdı. Kino hər hansı bir millətin formalaşmasında ən güclü təsir vasitələrindən biridir. Çox təəssüf ki, Azərbaycan kinosu son 30 ildə özünün inkişafı ilə fəxr etmək haqqına sahib ola bilmədi. Kino işçilərini qınamıram. Kino kollektiv sənətdi, qayğı tələb edən sahədi. Məsələn, ədəbiyyat sahəsində də böyük xaos var, hərc-mərclik var. Yeni meydana çıxan imzalar çox yanlış, deformatik yanaşma sərgiləyirlər.  Bu, ədəbiyyat sahəsində aparılan siyasətin uğursuzluğudur. Dövlət tərəfindən incəsənət sahəsinə maliyyə ayrılır. Bu, yaradıcılıqla yanaşı mədəni-strateji siyasətin formalaşmasına da xidmət etməlidi. Məncə, mədəniyyət naziri haqlı olaraq və vaxtında belə bir təklif irəli sürüb. Yeni mədəni-strateji istiqamətin müəyyənləşməsini zaman tələb edir. 

- Kino sahəsindən danışdınız. Bu mövzuda çox danışılır. Bilmək istəyirəm, Azərbaycan kinostudiyasına son 10 ildə maliyyə ayrılıbmı, deyək ki, hansısa dövlət sifarişli filmin çəkilişi üçün, yoxsa nə belə sifariş olub, nə də maliyyə? 

- Sabiq mədəniyyət naziri 15 il həmin vəzifədə işlədi. Məlum oldu ki, ciddi nöqsanlar varmış. Bu da mədəniyyət sahəsinin başında duranların yarıtmaz fəaliyyətinin nəticəsidir. Kino sahəsinə ayrılan maliyyə də müəyyən şəxslər tərəfindən, müxtəlif yollarla mənimsənildi. Belə olan surətdə kino sənəti inkişaf edə bilməzdi. Kino sənəti ən çox maddi dəstək tələb edən sahədir. Bizim yaxşı rejissorlarımız da var, senaristlərimiz də. Yeni, istedadlı nəsil də yetişib. Amma ortada iş yoxdu. Sevdiyimiz o klassik filmləri çəkən bu xalqdı da. Necə ola bilər ki, indi ciddi bir iş ortaya qoyulmur? Sovet vaxtı kinoya maliyyə ayrılırdı, yaxşı da filmlər var idi. Bunda rus kino sənətinin təsirini danmaq olmaz. O zaman Moskva Kinematoqrafiya İnstitutuna təhsil almağa göndərirdilər gəncləri. Təcrübə keçirdilər. İndi bunu etmək olmazmı? Belə çətin işdi ki?! Göndərsinlər, qoy gedib təcrübə toplasınlar, milli kino sənətimizə töhfə versinlər. Koreyalılar tarixi filmlər çəkir, Türkiyə tarixi seriallar çəkir. Ruslar çəkir... Mən ədəbiyyat tənqidçisiyəm. 20 ildən çoxdu bu sahə ilə məşğulam.  Bəziləri çıxıb gedir başqa ölkəyə, bəziləri ruhdan düşüb heç nə yazmırlar. Dramaturgiyanın, teatr sənətinin önünə gözügörünməz sədd çəkilib. Son 30 ildə Əli Əmirlini çıxmaq şərtilə, milli dramaturqlarımız yetişməyib. Milli dramaturgiya problemimiz var. Bu sahələr qayğı tələb edən sahələrdir. Mədəniyyətin başında duran adam bütün varlığıyla milli mədəniyyətə bağlı olmalıdır. Azərbaycan mədəniyyəti onun varlığında, qanında olmalıdır. Bu mədəniyyəti sevməli, onunla fəxr etməlidir. Karifey sənətkarların adı çəkiləndə ayağa durmalıdı, onların böyük sənətinə ehtiram əlaməti olaraq. Mən əlbəttə bu sözləri hazırda mədəniyyət sahəsinə rəhbərlik edən şəxsə aid etmirəm. Keçmiş nazirdə çox böyük etinasızlıq vardı, milli kinoya, teatra qarşı. Yad kimi davranırdı. Yaxşıyla pisin fərqini bilməmək “Əlinin papağını Vəlinin başına” qoymaq vəziyyəti yaradırdı. İstedadsızlar da bundan istifadə edib, hər yerdə istedadların yerini tuturdular. Əsl layiq olanlar yalnız onlardan sonra nəyəsə nail olurdular. Belə olmalı deyildi. 

-Siz də bilirsiniz ki, bir neçə il öncə dövlət tərəfindən yerli telekanallara teleserialların çəkilişi üçün maliyyə ayrıldı. Amma bu seriallar mətbəx söhbətlərindən o yana keçmədi. Kim nəzarət etməliydi bu sahəyə? 

- Mədəniyyət Nazirliyinin hər sahə ilə məşğul olan müvafiq şöbəsi var. Kino, teatr, musiqi, poliqrafiya... Tarixi şəxsiyyətlər barədə filmlər çəkilməlidir. Anar müəllimin senarisi əsasında M.F.Axundovdan bəhs edən “Sübhün səfiri” filmi çəkildi. Anardan başqa heç kim yetişməyib ki, senari yazsın və onun əsasında film çəkilsin? Anar “60-lar”da da yazırdı, 70-də, 80-də, 90-cı illərdə yazırdı, indi də yazır. Allah ömür versin, bəs, Anar olmayanda görkəmli şəxsiyyətlər haqqında filmlərin senarisini kim yazacaq? Birinci növbədə Anar müəllim özü bunu düşünməlidi və bu istiqamətdə işləməlidi. Çünki bu, bilavasitə Anar müəlimin işidi. Çünki Azərbaycan Yazıçılar Birliyinin sədridi o.  Yeni dramaturqların, yeni senaristlərin yetişdirilməsi haqqında düşünməlidir. Necə olur ki, koreyalılar tarixi qəhrəmanları barədə film çəkirlər. Türkiyə çəkir, Sultan Süleymandan, Əbdülhəmid xandan. Amma biz Şah İsmayıl Xətaidən film çəkə bilmirik? Xətai böyük sərkərdə, dövlət xadimi, şairdi...

- Əsəd bəy, deməyin vallah, Xətaidən film çəkilsə, nə qədər narazılar olacaq. Öz içimizdə onu həzm edə bilməyənlər var; belə etdi, elə etdi. Qızılbaşlıq belə gəldi, şiəlik elə getdi...

- Başa düşdüm... İngilislər kraliça Yelizaveta haqqında 10-larla film çəkiblər. Onun İngiltərə tarixində gördüyü işlərə görə. Yelizaveta İngiltərəyə yeni din gətirdi. Protestantlıq. O vaxta qədər ingilislər katolik idilər. Amma o, Roma Papasından ayırdı İngiltərəni və bundan sonra İngiltərə dünya ağalığına başladı. İngilislər niyə Yelizavetanı ittiham etmirlər, əksinə, ona müqəddəs Məryəm kimi baxırlar, İngiltərənin anası adlandırırlar, romanlar yazırlar, araşdırmalar aparırlar?! Hər bir xalq mədəniyyətiylə, tarixi ilə və məhz dini ilə tanınır. Millətlərin bir-birindən ayrılması inkişafın göstəricisidi. Şah İsmayılın yeni məzhəb gətirməsi də millətin inkişafını göstərirdi. Övlad bir gün böyüyür. Doğduğu ailəni tərk edir, öz ailəsi olur. Azərbaycan xalqı da, tarixin müəyyən mərhələsində, başqa türk xalqlarından fərqli, özünə məxsus dini-mənəvi, coğrafi areala sahib oldu. Xətaidən film çəkilməlidir. Bəziləri deyir, İran razı olmayacaq, bəziləri deyir, Türkiyə inciyəcək... Hər kəs öz qəhrəmanını ucaltdığı halda, biz niyə öz qəhrəmanımızdan əl çəkməliyik? Türkiyə mənim qardaşımdısa, mənim tarixi qəhrəmanıma da hörmətlə yanaşmalıdır. O ki qaldı İran məsələsinə, Şah İsmayılın türk olduğu mübahisə predmeti belə deyil. İran yalnız coğrafi məkan adıdır. O zamansa Səfəvi dövlətinin ərazisi idi və xalqı da türk xalqı idi. İngilislər, amerikanlar bir-birinin haqqında film çəkir. Baxmayaraq ki, filmin qəhrəmanı o ölkəyə qarşı vuruşub, ona hörmətlə yanaşırlar. Və tarixi təhrif etmirlər. Bizim bəzilərimiz isə Şah İsmayıl yaşayan dövrdə ilişib qalıb, ondan bəri keçə bilmir. Tarixdən uzaqlaşdıqca, ona münasibət də dəyişməlidir, münasibət daha obyektiv, emosiyasız olmalıdır.

- Nazir müavini fəxri adlar məsələsinə də toxunub. Və deyib ki, sovet vaxtı fəxri ad alanlar dövlət qarşısında öhdəlik götürürdü, indi xalq qarşısında öhdəlik götürsünlər. Yenə də öhdəlik qoymaq deyil bu? Məncə, sənət adamını çərçivəyə salmaqdı...

- Sənətkar azad olmalıdır. Sənətkara heç kim şərt qoymamalıdı ki, bunu yaz, onu yaz. Elm qanunlara, din ehkamlara söykənir. Sənət isə azaddır. Sənət ona görə yaradılıb ki, insan öz azadlıq ehtiyacını ödəyə bilsin. Amma eyni zamanda hər bir sənətkar, əgər həqiqi sənətkardısa, öz xalqının arzularının ifadəçisi olmalıdır. Çünki hər bir sənətkarın mənsub olduğu xalq, milli kimliyi var. Yerdən çıxmayıb ki. Genetik olaraq o sənətkar xalqın arzularının daşıyıcısı və ifadəçisi olmalıdır. Bu mənada nazirliyin qərarını başa düşmək olar. Amma “yalnız bu şəxslərə ad verilməlidir” kimi bir çərçivə daxilində bunun edilməsinin də mən əleyhinəyəm.   

- Ümumiyyətlə, fəxri adlar lazımdımı?

-Sənətkara stimuldu bu. Əməkdar artist ayda 100 manat alır, xalq artisti 150 manat. Qocalıqda müəyyən mənada maddi köməkdi bu. Maddi asılılıqdan xilas edir, müəyyən qədər. Adam var həyatını səhnəyə həsr edib. Fəxri ad almağı ona mənəvi gücdü. Amma ləğv edilərsə, onu heç arzulayan da olmayacaq. Bir dəfə Heydər Əliyev cənabları bu məsələni qaldırdı, səhv etmirəmsə 1996, ya 97-ci il idi. Amma sənət adamları dedilər ki, qalsın fəxri adlar. Mən də deyirəm, qala bilər, amma bir şərtlə ki, ədalətlə olsun. Layiqlilər alsın. Elə adam tanıyıram əməkdar mədəniyyət işçisi adı verilib, teatrın yolunu tanımır. Yaxud ədəbi tənqidçidi, şairdi, yazıçıdı, ömründə bircə sətir yazmayıb, hansısa əsərlə bağlı. Zamanında bu məsələ hətta rüşvətlə həll edilirdi. Təşkilat rəhbəri adları təqdim edirdi, kimdən xoşu gəlirsə, kim ona yaltaqlanırsa. Bunun günahkarı da məmurlardı. Siyahıları ən yuxarı instansiyaya təqdim edənlərdi.  Komissiya yaradılmalı, araşdırılmalıdır ki, doğrudan da bu adam layiqdi fəxri ada, yoxsa layiq deyil.  
- Fəxri adlar, təltiflər məsələsi sovet məkanından kənarda var ümumiyyətlə? Olmaz ki, təqaüdləri elə həddə olsun ki, normal dolana bilsinlər, fəxri adın gətirdiyi cüzi məbləğə da ehtiyac qalmasın? 

- Ləğv edilsə, bu problemlər də olmayacaq. Amma ləğv edilmir axı. Sənətkarlar özləri istəmirlər.

- Sənət adamlarımız da köhnə düşüncəyə malikdirlər...

- O zaman Anar müəllim dedi, ləğv edilməsinin tərəfdarıdır. Onlar da dedilər ki, Anar özü bütün təltifləri alıb, biz də almaq istəyirik. İndi bu saxlanılıbdı, ya ləğv edilməlidir, ya da qalırsa, ədalətli olmalıdır. Mənə gəlincə, fəxri adların ləğv edilməsini istəyirəm. Amma görürəm ki, böyür-başımdakılar “əməkdar incəsənət xadimi”, “əməkdar mədəniyyət işçisi” olublar, məndən az çalışmış, mənim fəaliyyətimin yarısı qədər fəaliyyəti olmayan, üzr istəyirəm, özüm haqqında danışdığım üçün, amma məcburam bunları deməyə, belə olan halda mən niyə kənarda qalmalıyam?! Fəxri adların əleyhinəyəm. Hər bir şəxsin fəxri adı onun imzasıdı! Səməd Vurğun, Rəsul Rza, Məmməd Araz, Xəlil Rza, Elçin, Amalya Pənahova, Həsən Məmmədov, Şəfiqə Məmmədova... bunların hər biri elə fəxri addır. Görürsən ki, kənarda başqa cür davranırlar, guya ki, gözü toxdular, amma arxa tərəfdən canfəşanlıq edirlər ki, fəxri ad alsınlar, sonra da bunu sənin gözünə təpirlər, onda sən də qalırsan baxa-baxa.  

Paylaş

Bizi Facebookda izləyin
Məlahət Rzayeva Yazarın yazıları
menu
menu