Azər Həsrət: “Əsrin müqaviləsi” ilə müstəqil və müasir Azərbaycan tarixində yeni eranın başlanğıcı qoyulub"


 Azərbaycanın xarici neft şirkətləri ilə imzaladığı və tarixdə "Əsrin müqaviləsi" kimi adlandırılan müqavilənin bağlamasından 26 il ötür. Azərbaycan neft yataqlarının xarici şirkətlərə hasilat üçün verilməsi barədə SSRİ dövründən başlayan danışıqlar 1994-cü il sentyabrın 20-də Bakıda başa çatdı və nəticədə "Hasilatın pay bölgüsü" sazişi imzalandı.

Bu müqavilə Azərbaycan Dövlət Neft Şirkəti ilə altı xarici ölkənin 10 neft şirkətini birləşdirən konsorsium arasında imzalanıb. “Əsrin müqaviləsi”nin imzalanması ilə müstəqil və müasir Azərbaycan tarixində yeni eranın başlanğıcı qoyulub. Həmçinin  Azərbaycanın gələcək uğurlu inkişafının siyasi və iqtisadi bazasının formalaşdırılmasına başlanılıb.
 


"Əsrin müqaviləsi"ni "Sherg.az"a dəyərləndirən siyasi şərhçi Azər Həsrət deyib ki, bu gün əldə edilmiş mühüm nailiyyətlərin əsasında məhz 1994-cü ildə ümummilli lider Heydər Əliyevin böyük səyləri  sayəsində imzalanmış “Əsrin müqaviləsi” və onun uğurla reallaşdırılması amili dayanır. O, hesab edir ki, Heydər Əliyevin qətiyyəti, uzaqgörənliyi və prinsipiallığı nəticəsində dünyanın aparıcı neft şirkətləri ilə bağlanan bu  müqavilə güclü və müasir Azərbaycan dövlətinin formalaşmasının təməlində duran əsas amillərdən biridir:

"Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə 1994-cü il sentyabrın 20-də Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri”, “Çıraq” neft yataqlarının və “Günəşli” neft yatağının bir hissəsinin müştərək işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş - “Əsrin müqaviləsi” imzalanıb.  Aradan keçən illəri bir-bir gözümüzün önünə gətirəndə görürük ki, həqiqətən çox nəhəng işlər görülüb. 20 sentyabr 1994-cü ildən sonra Azərbaycan gərəkli infrastrukturu qurdu, neftin nəqli üçün əsas ixrac boru kəməri olan Bakı-Tiflis-Ceyhanı qurub işə saldı. 10 minlərlə insan yüksək maaşlı iş yerləri ilə təmin edilib". 

Günümüzdə xalqın malı olan neftdən hər bir Azərbaycan vətəndaşının fayda gördüyünü vurğulayan A. Həsrət deyib ki,  ordu quruculuğu, qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli, yeni məktəblərin və xəstəxanaların tikilməsi, köhnələrinin təmiri, ölkə boyu yolların faktiki olaraq yenidən qurulması gözlərimiz önündə baş verən dəyişikliklərdir:

"Normal elektrik almayan, heç vaxt təbii qaz görməyən kəndlərimiz belə bu gün Bakı şəhərindəki səviyyədə elektriklə, qazla, su və işıqla təmin edilir. İndi Azərbaycan kəndinin durumu bir çox hallarda şəhərlərdən fərqlənmir. Hətta bəzən elə olur ki, şəhərdəkindən daha yaxşı olduğunu deyə bilərik. 
Demək istədiyim odur ki, Azərbaycanda Heydər Əliyevin dühası nəticəsində 26 il öncə bağlanması mümkün olmuş “Əsrin müqaviləsi” sonrakı illərdə Prezident İlham Əliyevin dayanıqlı qətiyyəti nəticəsində ölkəmizi əməlli-başlı irəli aparıb".

Paylaş

Bizi Facebookda izləyin
Şəymən Bayramova Yazarın yazıları
menu
menu