Gün var, əsrə bərabər - 26 il əvvəl yazılan tarix

“Əsrin müqaviləsi” ilə qoyduğumuz təməl XXI əsrdə Azərbaycan xalqının inkişafı, firavan həyatı, müstəqil Azərbaycan dövlətinin suverenliyinin daha da möhkəmlənməsi üçün gözəl imkanlar yaradır və inanıram ki, XXI əsr müstəqil Azərbaycan dövləti üçün ən xoşbəxt dövr olacaqdır”. Bu sözləri ümummilli lider Heydər Əliyev demişdi zamanında.
Və məhz onun rəhbərliyi və səyi nəticəsində hazırlanaraq imzalanmış müqavilə həm karbohidrogen ehtiyatlarının miqdarı, həm də qoyulan sərmayələrin həcminə görə dünyada bağlanan ən iri sazişlərdən sayılır.
Əsrin müqaviləsi”ndə 8 ölkənin - Azərbaycan, ABŞ, Böyük Britaniya, Norveç, Yaponiya, Rusiya, Türkiyə və Səudiyyə Ərəbistanının - 13 neft şirkəti (“Amoco”, BP, “McDermott”, “Unocal”, SOCAR, “LUKoil”, “Statoil” (hazırda “Equinor”), “Exxon”, “Türkiye Petrolleri”, “Pennzoil”, “Itochu”, “Remco”, “Delta”) iştirak edib. Bununla da, müstəqil Azərbaycanın neft strategiyası və doktrinasının əsası qoyulub.

2017-ci il sentyabrın 14-də isə Bakıda növbəti saziş imzalanıb. Prezident İlham Əliyevin iştirakı ilə Xəzər dənizinin Azərbaycan sektorunda AÇG yataqlar blokunun və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsini nəzərdə tutan və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanması mərasimi keçirilib. "Yeni əsrin müqaviləsi" adı alan saziş Azərbaycan Hökuməti, SOCAR, BP, “Chevron”, “Inpex”, “Equinor” (əvvəlki “Statoil”), “ExxonMobil”, “TP”, “Itochu” və “ONGC Videsh” şirkətləri tərəfindən imzalanıb.
Bununla da, AÇG nəhəng neft yatağının işlənilməsində yeni dövr başlanıb. Yeni sazişlə AÇG neft yatağının işlənilməsi 2050-ci ilə qədər uzadılıb. 

"Əsrin müqaviləsi"nin Azərbaycan üçün iqtisadi-sosial əhəmiyyəti qədər, siyasi əhəmiyyəti də çox böyükdür. Azərbaycanın müstəqilliyinin möhkəmlənməsində, dünya dövlətləri sırasında layiqli yerini tutmasında "Əsrin müqaviləsi"nin müstəsna rolu var.
Bu müqavilə həmin dövr üçün böyük tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə, məhz "Əsrin müqaviləsi" adını alıb".
"Əsrin müqaviləsi" imzalandıqdan sonrakı 26 il müddətində həyata keçirilən neft strategiyası sayəsində çox mühüm hadisələr baş verib. 1996-cı ildə dünyanın ən böyük qaz yataqlarından biri olan "Şahdəniz" yatağı üzrə kontrakt imzalanıb. "Çıraq" platformasından ilk neft 1997-ci ildə çıxarılıb. 1998-ci ildə bu neft fəaliyyəti bərpa edilmiş Bakı-Novorossiysk kəməri ilə Qara dənizə ixrac edilməyə başlayıb. 1999-cu ildə Qara dənizin digər limanına – Supsaya Bakıdan neft kəməri çəkilib. 2002-ci ildə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təməli qoyulub. 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft kəməri Türkiyənin Ceyhan limanında istifadəyə verilib. 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəməri istifadəyə verilib. 2012-ci ildə İstanbulda Azərbaycan ilə Türkiyə arasında TANAP layihəsinə imza atılıb. 2013-cü ildə TAP layihəsi Avropaya ixracda əsas qaz kəmərindən biri kimi seçilib. Əsasən, uğurla həyata keçirilən neft strategiyası nəticəsində əldə olunan gəlirlər hesabına Azərbaycan 50 milyard dollardan çox ABŞ dolları həcmində valyuta ehtiyatlarına malikdir və bu faktor beynəlxalq maliyyə böhranları zamanı ölkəmizin iqtisadi təhlükəsizlik dayanıqlı inkişafının təminatçısı kimi çıxış edir.

“Əsrin müqaviləsi” həm də ölkəmizə xarici investisiya axınını sürətləndirdi. Ekspert, millət vəkili Vüqar Bayramovun dediyinə görə, sözügedən sərmayələrin ölkə iqtisadiyyatının digər sferalarına və işsizlik kimi sosial problemlərə müsbət mənada təsirsiz deyildi. Sitat: “Beləliklə, 1994-cü ildən başlayaraq Azərbaycan qlobal enerji bazarının ən böyük aktyorları ilə rəsmi şəkildə əməkdaşlığa başladı. Atəşkəs sazişi və “Əsrin müqaviləsi” nəticəsində ölkə iqtisadiyyatının ən uzunmüddətli tənəzzül prosesi dayandırıldı və 1995-ci ildən başlayaraq tərəqqi meylləri müşahidə edildi. Əgər ölkə iqtisadiyyatı 1994-cü ildə 11,8 faiz kiçilmişdisə, 1995-ci ildə 1,3 faiz artım dərin depressiyanın sonu oldu. Təbii ki, hələ sürətli inkişaf dövrü qarşıda idi. Azərbaycan nefti ilk dəfə 2005-ci ildə Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə dünya bazarına çıxacaq və külli miqdarda neft gəlirləri ölkənin inkişafında, infrastrukturun bərpasında və sosial imkanların genişlənməsi-büdcə gəlirlərinin artmasında ciddi rol oynayacaqdı”.

Ekspertin fikrincə, “Əsrin müqaviləsi”nin Azərbaycanın milli maraqlarına tam cavab verməsi ilə yanaşı, “Yeni Əsrin müqaviləsi” ölkəmizin müasir iqtisadi gücünə uyğun olaraq şərtlərin daha yaxşılaşdırılmasına imkan yaratdı. ““Əsrin müqaviləsi” ilə “Yeni Əsrin müqaviləsi”nin müqayisəsi, eyni zamanda, bu sazişin Azərbaycan iqtisadiyyatına, eləcə də regionda dövlətimizin mövqeyinə təsirlərini qiymətləndirən zaman bir məqama diqqət ayırmaq lazımdır ki, 1994-cü ildə ölkəmizin iqtisadiyyatı və eləcə də iqtisadi gücü təbii ki, tamamilə fərqli idi”. 
“Əsrin müqaviləsi”nə qədər Azərbaycanın ümumi daxili məhsulunun həcmi 374 milyon manat idi. Ötən müddətdə ümumi daxili məhsulun həcmi 161 dəfə artıb. 
Elə ilk günlərdən həmin vaxt Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti olan İlham Əliyev danışıqlar prosesinə cəlb edildi, yeni neft strategiyasının hazırlanmasının və uğurla həyata keçirilməsinin ən fəal iştirakçılarından oldu. Onun bütün fəaliyyətinin mərkəzində özünün yığcam şəkildə ifadə etdiyi belə bir ideya dururdu: "Bizim məqsədimiz təkcə neft hasil etmək, onu nəql etmək, bundan vəsait əldə etməkdən ibarət deyildir. Bizim məqsədimiz neftdən gələn bütün mənfəətləri həm siyasi, həm iqtisadi, həm də başqa mənfəətləri Azərbaycan xalqının gələcək mənafeyinə, rifahına yönəltməkdən ibarətdir".
...Hər şey də elə buna doğru gedir.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu