Ağ Ev təlaş içindədir: Donald Trampı öldürmək istəyiblər

Göndərilən bir paketdə ölümcül zəhər olan "risin" proteini təsbit edilib

Ağ Evə ABŞ Prezidenti Donald Trampın adına içində ölümcül dərəcədə zəhərli olan "risin" maddəsi olan bir paketin gördərildiyi məlum olub. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə CNN hüquq-mühafizə orqanlarındakı iki mənbəyə istinadla məlumat yayıb.  

Amerika mətbuatında yer alan xəbərlərə görə, zəhərin ötən həftənin əvvəlində Ağ Evə göndərildiyi və üzərinə alıcısı kimi Trampın adının yazıldığı bildirilib.

Paket Ağ Evin təhlükəsizlik heyəti tərəfindən müsadirə edilib. İçində risinin mövcudluğunun sübuta yetirilməsi üçün paketdən nümunələr götürülüb və iki test edilib.

Məsələ ilə bağlı Federal Təhqiqatlar Bürosu (FBI) və Prezidenti qoruyan Məxfi Servis tərəfindən istintaq başladılıb. Ağ Ev hələlik məsələ ilə bağlı açıqlama verməyib.

Qeyd edək ki, Ağ Evə göndərilən bütün poçtlar kənardakı bir bölgədə nəzarətdən keçirilir.

Risinin zərrə qədər miqdarı belə adamı öldürmək üçün yetərlidir.

Dünyanın ən güclü zəhərlərindən biri sayılan risin ana vətəni Hindistan olan və südləyənkimilər fəsiləsinə aid gənəgərçək toxumundan əldə edilir. O, proteinin quruluşundakı güclü bir sitotoksin kimi tanınır. Qaz şəklində dağıldıqda ağciyər çatışmazlığına səbəb olur. Bu maddə 8 saat ərzində insan orqanizmində patoloji dəyişikliklər, 36-72 saat müddətində isə nəfəs çatışmazlığı yaradır.

Qanda tapılması çox çətin olduğuna görə, keçmişdə bir çox siyasi sui-qəsdlərdə bu zəhərdən istifadə edilib.



Paylaş

Bizi Facebookda izləyin
menu
menu