Şəkiyə virusu Bakıdan apardılar

"Çünki ölkə üzrə sərt karantin elan olunsa da, hələ aprel ayından Şəkiyə gediş-gəliş kəsilmədi"

"Yerli əhali deyir ki, maskasız da gəzən əsasən kənardan gələnlər olub"


Şəkidə koronavirusa kütləvi yoluxma halının qeydə alınması regionlarda təhlükənin real olduğunu göstərir. Şəkidəki kütləvi yoluxma "Bazar" adlanan məşhur ərazidə qeydə alınıb. TƏBİB-in məlumatına görə, həmin ərazidə 01.09.2020 tarixindən bu günə qədər götürülən test nümunələrinin 13-də koronavirus testi pozitiv olub. Hazırda məsələ ilə bağlı araşdırma aparılır. Epidemioloji vəziyyət barədə ictimaiyyətə əlavə məlumat veriləcək. Şəkidə epidemioloji vəziyyətin stabilləşdirilməsi istiqamətində profilaktik və əksepidemik işlər aparılır.

TƏBİB-dən bildirilib ki, mövcud vəziyyətdə infeksiya ocağının bazar olduğu nəzərə alınaraq, yaxın günlərdə profilaktik dezinfeksiya işləri məqsədilə, bazarın müvəqqəti bağlanması məsələsinə baxıla bilər.

“Bazar” ərazisində infeksiyanın yayılması təsadüfi deyil. Həmin ərazi Şəkiyə gələnlərin ən çox gəzdiyi, alış-veriş etdiyi yerdir. Şəki zatən turistik bölgədi, “Bazar” ərazi də məşhur məkanlar sırasındadır. 

Neftçilərin Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri, əslən Şəkidən olan Mirvari Qəhrəmanlı yaranmış vəziyyətlə bağlı “Şərq”ə açıqlamasında bəzi hallar istisna olmaqla (təsadüfi hallarda maskasız evdən çıxma) yerli əhalinin karantin qaydalarına olduqca ciddi yanaşdığını bildirdi: 

- Xəstəliyin çox olduğu vaxtlarda Şəkidə virus yayılma halları demək olar ki, müşahidə olunmurdu. Əhali arasında təsadüfi hallarda kimisə tibbi maskasız görə bilərdin. Hamı maskada gəzirdi, karantin qaydalarına əməl edirdi. Şəki dağlıq ərazidə yerləşir, təmiz havaya, yaşıllığa malik olan bir rayondur. Hər kəsin özünəməxsus həyəti, bağı, həyətyanı sahəsi var.

Yəni insanların hava almaq üçün ərazidə gəzməsinə ehtiyac qalmır. Bəs, yoluxma niyə artdı? Çünki ölkə üzrə sərt karantin elan olunsa da, hələ aprel ayından Şəkiyə gediş-gəliş kəsilmədi.

İstirahət zonalarında daima başqa yerlərdən, xüsusən Bakıdan gələnlər vardı. “Bazar”da sıxlığın yaranmasına da səbəb şəhərə başqa rayonlardan, xüsusən də Bakıdan gələnlər idi.

Yerli əhali deyir ki, maskasız da gəzən əsasən kənardan gələnlər olub. “Bazar” müvəqqəti bağlansa da, bu, yerli əhalinin qazanc mənbəyindən məhrum olmasıdır. Hesab edirəm ki, karantin qaydalarını pozanlar mütləq cərimələnməlidir.

Şəkililər də qonaqpərvərlik edib, gələn qonaqları - qaydaları pozanları cəriməsiz buraxmasınlar. Ancaq bu yolla qaydalara riayət etməyə nail ola bilərlər. 

Paylaş

Bizi Facebookda izləyin
Məlahət Rzayeva Yazarın yazıları
menu
menu