Korrupsiyaya qarşı mübarizədə QƏTİYYƏT !- “Heç kim boyun qaçıra bilməyəcək !”

“Dövlət həm inzibati yollarla, həm də institusional üsullarla korrupsiya və rüşvətxorluğun qarşını alır”

“Prezidentin verdiyi tapşırıqlardan düzgün nəticə çıxarmayan, rüşvət və korrupsiya hallarına son qoymayan şəxslər  isə ciddi cəzalandırılır"


Son illərdə  Azərbaycan dövlətinin qarşıya qoyduğu əsas məqsədlərindən biri korrupsiya, rüşvətxorluq, bürokratiya, süründürməçilik və digər bu kimi neqativ halların aradan qaldırılmasıdır.  Ölkəmizin  korrupsiyaya qarşı mübarizə təcrübəsi sistemli, hərtərəfli və innovativ xarakter daşıyır.  O cümlədən dövlət orqanlarının fəaliyyətində şəffaflığın daha da artırılması üçün ictimai nəzarət mexanizmlərinin tətbiqi genişləndirilir, ictimai şuraların fəaliyyətinin səmərəliliyi təmin olunması istiqamətində tədbirlər görülür.



Azərbaycanda korrupsiyaya qarşı aparılan mübarizə tədbirlərini "Sherg.az"a şərh edən Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi İlyas Hüseynovun sözlərinə görə, bütün sahələri əhatə edən genişmiqyaslı islahatlar  ölkə ictimaiyyəti və  bütövlükdə cəmiyyət tərəfindən təqdir olunur. Bu günə qədər görülən işlər və atılan addımların hər biri  ölkə vətəndaşlarının sosial rifah halının qorunmasına yönəlib: 

"Müvafiq qurumlara ünvanlanan  şikayətlər əsasında  araşdırma aparıldıqdan sonra korrupsiya, rüşvətxorluq və dövlət əmlakının talanması ilə bağlı həyata keçirilən ardıcıl həbslər əhali  tərəfindən  dəstəklənib.

Yüksək vəzifəli şəxslərin həbsi isə birmənalı olaraq  ölkə başçısının korrupsiyaya qarşı mübarizədə nə dərəcədə  qətiyyətli olduğunu göstərir. 

Qeyd edim ki,  hökumətin həyata keçirdiyi sosial dəstək siyasətinə qarşı çıxan bəzi məmurların mənəviyyata sığmayan hərəkətlərini həm  dövlətçiliyə, həm də xalqa xəyanət kimi qiymətləndirmək olar".

Korrupsiya ilə mübarizə sahəsində Azərbaycanın özünəməxsus modeli olduğunu vurğulayan İ.Hüseyovun sözlərinə görə, kompleks şəklində həyata keçirilən tədbirlər çərçivəsində Azərbaycan korrupsiya ilə mübarizə üzrə beynəlxalq regional qurumlarla əməkdaşlıq həyata keçirir, onların tövsiyələrinə uyğun fəaliyyət göstərir:

“Dövlət başçısı dəfələrlə öz çıxışlarında bu həbslərdən sonra çıxışlarında qeyd edib ki, heç kim qanundan üstün deyil və heç kim məsuliyyətdən boyun qaçıra bilməyəcək. Dövlət həm inzibati yollarla, həm də institusional üsullarla korrupsiya və rüşvətxorluğun qarşını alır. Prezidentin verdiyi tapşırıqlardan düzgün nəticə çıxarmayan, rüşvət və korrupsiya hallarına son qoymayan şəxslər  isə ciddi cəzalandırılır".

Paylaş

Bizi Facebookda izləyin
Şəymən Bayramova Yazarın yazıları
menu
menu