Qanunsuz məskunlaşdırma ! - "Bu, beynəlxalq konvensiyalara ziddir”

“Düşünürəm ki, etirazlar sadəcə bəyanat səviyyəsində qalmamalıdır”

“Çünki indiki məskunlaşma gələcəkdə həmin ərazilərin tamamilə itirilməsi ilə nəticələnə bilər”



“Azərbaycanın işğal edilmiş ərazilərində qeyri-qanuni məskunlaşdırma siyasəti aparan Ermənistan son günlər xüsusilə Livandan olan ermənilərin bu torpaqlara köçürülməsi siyasətini həyata keçirir”.
 Bu fikirləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib. Onun sözlərinə görə, dünən sosial şəbəkələrdə Livandan olan ailənin Azərbaycan xalqı üçün böyük tarixi və mənəvi əhəmiyyətə malik Şuşa şəhərində yerləşdirilməsi barədə məlumatlar yayılıb:

“Azərbaycan da daxil olmaqla dünya ölkələri Livanda baş vermiş faciənin nəticələrinin aradan qaldırılması, Livana humanitar yardım göstərilməsi ilə məşğul olarkən Ermənistan bu faciədən, insanların iztirablarından özünün çirkin məqsədləri naminə sui-istifadə edir. Bununla da Ermənistan onun üçün heç bir mənəvi dəyərlərin olmadığını nümayiş etdirir”.



Bu barədə “Sherg.az”a danışan  AĞ Partiya başqanı Tural Abbaslı  düşünür ki, düşmən təxtibatı cavabsız qalmamalıdır: 

“Azərbaycanın işğal olunmuş ərazilərindəki qeyri-qanuni məskunlaşma bütün beynəlxalq konvensiyalara, qanunlara ziddir. Bu, danışıqları daha da çıxılmaz vəziyyətə salır.

Deməli, düşmən münaqişəni danışıqlar yolu ilə həll etmək niyyətində deyil. Elə isə bizə hərbi əməliyyatlardan başqa yol qalmır. Azərbaycan səbr etməməli, göz yummamalıdır.

Düşünürəm ki, etirazlar sadəcə bəyanat səviyyəsində qalmamalıdır. Çünki indiki məskunlaşma gələcəkdə həmin ərazilərin tamamilə itirilməsi ilə nəticələnə bilər”.

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu