"Evdə normal yemək bişirmək lazımdır" - MÜSAHİBƏ

Tahir Əmiraslanov: "Yoxsa, ərindiklərindən yemək hazırlamırlar, pizza sifariş edirlər. Bununla immunitet möhkəmlənməz axı"

"Uşağın əlinə verirlər mobil telefonu, uşağın başı qarışsın, özləri “podruqa”ları ilə qeybət eləyirlər. Evdə arvad kişi ilə vatsapla danışır. Bütün günü mobil telefonla oynayan uşaqda immunitet nəyin hesabına güclənəcək?"

"Ətdən, qızartmalardan uzaq durun, buxarda bişmiş yemək yeyin"

"Hər səhər adam 1 saat qaçsa, qrip də ondan qaçacaq. Hərbi xidmətdə əsgərlər niyə xəstələnmir? Çünki hər səhər kilometrlərlə qaçış edirlər"



Artıq payızdı. Təbiətin qızıl dövrü gəlib. Qarşıda yağışlı, küləkli havalar və sonra da təbii ki, qara qışdı. Demək ki, qışa hazırlığa başlamalıyıq. Deyəcəksiz, qışa həmişə hazırlaşmaq lazımdı, yazda da, yayda da. Amma nə yazımız yaz oldu, nə yayımız yay; bu lənətə gəlmiş koronavirus ucbatından. Vitamin depolaya, orqanizmi gücləndirə bilmədik. Günəş, torpaq, dəniz, hava – təbii gücləndirici vasitələrdən kənar qaldıq. Dörd divar arasında qalmaqla immunitet gücləndirməkdən danışmaq yersizdir.

Qalır, qidalarla vitamin ehtiyatını qarşılamaq imkanı, o da mümkün deyil, çünki satışdakı qidalara etibar edilməyəcək dövrdəyik, təəssüf ki. Səbəblər məlum. Havalar bir balaca soyuyan kimi, fəsil dəyişikliyi baş verən kimi boğaz ağrıları, öskürək, üşütmə və nəticə etibarilə orqanizmin zəifləməsi labüddür, orqanizmi gücləndirməyəcəyiksə. Bəs nə edək, necə edək ki, payızda “korona” bir yana, soyuqdəymə bizi yatağa yıxmasın?
Milli Kulinariya Mərkəzinin prezidenti, ölkənin baş kulinarı, Əməkdar mədəniyyət işçisi Tahir Əmiraslanovdan daha yaxşı məsləhətçi tapa bilməyəcəyik. Nə tövsiyə etdi, Tahir müəllim. İlk andaca “koronavirus “boş şeydi”, gözəgörünməzdən qorxmaq lazım deyil” dedi:   

- Əsas xəstəlikdən qorxmamaqdı. Gözəgörünməzdən niyə qorxursunuz ki?! Dəhşətli bir şey yoxdu. 30 il əvvəl işə getməyəndə adama maaş verirdilər? Yox. Amma indi oturmuşuq evdə maaş alırıq... (deyib güldü.) 30 il əvvəl də insanlar xəstəliklərdən ölürdülər. Qripdən də ölürdülər. İndi adını “koronavuris” qoyublar. Bundan qorxmaq lazım deyil. 

- Tahir müəllim, zarafat bir yana, sizcə, bu xəstəliyə nə səbəb oldu? Hardan, niyə  gəldi bu koronavirus? 

- Əlbəttə, dediklərim, kefinizi açmaq üçündü. Amma insan qorxmursa, həyəcanlanmırsa, xəstəliklə mübarizə apara bilir. Bir əhvalat danışım; Hülakü xan Bağdadı işğal edəndə, deyir, bir müsəlman alim tapıb gətirin. Bilirsiz yəqin, Hülakü xan o zaman islamı hələ qəbul etməmişdi. Üləmalardan kimsə cürət edib xanın qarşısına çıxmaq istəmir. Nəhayət, bir cavan müctəhid tapırlar, razılaşır xanın hüzuruna çıxmağa. Gələndə özüylə bir dəvə, bir keçi, bir xoruz gətirir. Hülakü xan bunu görəndə fikirləşir ki, deyəsən, bu cavan ağıllı adamdı. Deyir, bu boyda Bağdadda bir görkəmli, cüssəli, saqqallı, yaşlı-başlı adam tapmadınız, bu növcavanı çıxarırsız qarşıma? 

Cavan alim deyir, xan həzrətləri, görkəmli, böyük adam istəyirsənsə, budur, dəvə. Saqqallı istəyirsənsə, budur keçi. Səsi ucadan çıxan istəyirsənsə, budur, xoruz. Cavanın cavabı xanın xoşuna gəlir. Soruşur ki, səncə, Bağdadı dağıtmağımın səbəbi nədi? Cavan cavab verir ki, biz Allahın verdiyi gözəlliklərin, nemətlərin qədrini bilmədik, Allah səni bizə cəza göndərdi. İndi bizim – yəni bütövlükdə dünyanın vəziyyəti o əhvalata oxşayır. Allah buyurub, haram yeməyin, şərab içməyin, qanı, murdar əti sizə haram edirəm. İnsan neyləyir? Hər cür zir-zibili yeyir. Bəs bilmir ki, göydə uçan siçanı tutub yeyəndə, bir gün yerə düşəcək?! Allah gündə 5 vaxt namaz qılmağı buyurub. 5 vaxt namaz qılan insan ən azı gündə 5 dəfə yuyunur. Əllərini, ayaqlarını yuyur, ağzını yaxalayır. Təmizlik, gigiyena budur da!.. Daha özümüzdən nəsə yeni bir şey kəşf etməyə nə ehtiyac var? 

- Özümüzü qorumaq üçün, sağlamlıq üçün nə edək, necə qidalanaq? 

- Qidalanma standartı heç vaxt dəyişmir. Hər şey normada olmalıdı. Normadan artıq qidalanma ziyandı. İnsanın immuniteti ilk növbədə təbiətlə təmasda formalaşır. Uşağı buraxmaq lazımdı, toz-torpağın içinə, qoy oynasın, qaçsın, atlanıb-düşsün. İndiki valideynlər həşir salır, uşaq əlinə torpaq götürəndə. Amandı, qoymayın, mikrob düşər. Məlum məsələdi ki, torpaqda, toz-torpağın içində oynayan uşaq, evdə yumşaq yataqda bəslənən uşaqdan bədəncə daha möhkəm olur, az xəstələnir, xəstələnəndə də xəstəliklə mübarizə apara bilir, çünki orqanizm təbiətdən immunitet qazanıb artıq. Ötən dövrlərdə qadınlarımız yaşmanırdı. Niyə? Təkcə, ağzını, üzünü yad kişilər görməsinmi? Bu da var, amma yaşmaq qadınları ətrafdakı zərərli hissəciklərdən qoruyurdu. Avropa müsəlman qadınlara örtünməyi yasaq etdi, indi kişiləri də ağız-burunlarını örtməyə “yaşmaq” gəzir – maska taxırlar. Sağlam olmağın çox sadə yolu var: Allahın qoyduğu qaydaları yerinə yetirin, sağlam olun. Amma bizimkilər illah ki, tutdururlar, “niyə ziyandır, nəyə ziyandır, niyə haramdı?”, a bala, deyirlər, ziyandı, deməli, ziyandı da. Gərək elə hər şeyi biləsən? Molla Nəsrəddinin əhvalatı var, gecə bərk tappıltı səsi gəlir, səhər qonşu soruşur ki, molla, o nə səs idi, sizin evdən gəlirdi?

Molla cavab verir ki, heç, arvad köynəyimi eşiyə atdı. Qonşu qayıdır ki, ay molla, bir köynəkdən o boyda səs çıxar? Molla bu dəfə əsəbiləşir ki, sənə nə? Gərək hər şeyi biləsən? Köynəyin arasında mən də vardım... İnsan anlayışlı olmalı, deyilən öyüdü, nəsihəti qəbul etməlidi. Qidalanmanı soruşursunuz, insanın ürəyi nəyi istəyirsə, onu yeməlidi. Mağazalardan hazır qidalar, çipslər, süni qatqılar, tərkibi müəmmalı ərzaqları alıb yeməyin. Uşağın əlinə verirlər mobil telefonu, uşağın başı qarışsın, özləri “podruqa”ları ilə qeybət eləyirlər. Evdə arvad kişi ilə vatsapla danışır. Bütün günü mobil telefonla oynayan uşaqda immunitet nəyin hesabına güclənəcək? Evdə normal yemək bişirmək lazımdı. Azərbaycan mətbəxinin yeməklərindən. Yoxsa, ərindiklərindən yemək hazırlamırlar, pizza sifariş edirlər.

Bununla immunitet möhkəmlənməz axı. Bu dəqiqə təbiətin ən gözəl çağıdı. Heyva, nar, alma, qoz-fındıq, gavalı... min-bir nemət var. Qızardılmış ətlərdən, ümumiyyətlə, qızartma yeməklərdən uzaq durun,  buxarda bişmiş yeməklər yeyin. Məsələ var, deyirlər. Azərbaycanda ilin 12 ayı istidi, qalanı qış!.. Hər fəsildə təzə meyvə-tərəvəz, təzəsi bitəndə qurudulmuşu, meyvə qaxı, nə desəniz, ürəyiniz nə istəyir, hamısı var. Kənd toyuğu, kənd yumurtası yeyin. Bu saat heyvanların kəsilmə vaxtıdı. Heyvanlar özünü tutub. Sonra, gübrə verilməmiş torpaqda becərilmiş kartof, soğan... Qışda xəmir xörəklər. Azərbaycan mətbəxində hər fəsil üçün növbənöv xörəklər var. Mətbəx deyir bizə hansı havada nə yeyilməlidi. 

- Tahir müəllim, soğan dediniz, qırmızı soğanın faydasının daha çox olduğu deyilir... 

-  Elə böyük fərq yoxdu. Biri salatlıqdı, biri xörək bişirmək üçün. Qırmızı soğan bir az şirin olur. Gədəbəydə becərilmiş soğanı alsanız, şirin olacaq, Tovuzda becərilən nisbətən acı. Çünki Gədəbəydə dəmyə torpaqlardı, su verilmir, məhsula. Amma Tovuzda sulanır. Niyə deyirlər ki, meyvə ağaclarını çox sulamayın, çünki su çox veriləndə, şəkər suda həll olur, parçalanır, meyvə iri olur, amma şirinliyi az olur. Su az veriləndə isə şəkər meyvə-tərəvəzin daxilində qalır, həcmi kiçik olsa da, dadı şirin olur. Vitamini də bol. 

- Pizza sifariş verməyi dediniz, siz ayaqüstü qida qəbulunun ziyanlarını da həmişə deyirsiniz... 

- İbn Sina yazır ki, yeməyi içmək, suyu çeynəmək lazımdı. 

- Yəni?.. 

-  Yənisi, budur ki, yeməyi o qədər çeynəməlisən ki, su kimi içəcək hala gəlsin. Suyu isə, qurtum-qurtum, ağızda saxlaya-saxlaya içməlisən. Su ağız suyu ilə doymalıdı. Adicə çörək tikəsini ağızda çeynəyəndə fikir vermisiniz, dadı necə şirinləşir? Yeməyi tələsmədən, kiçik tikələrlə yemək lazımdı. Tikələr xırda olanda ağız suyu onu 4 bir tərəfdən əhatələyir. Həm yumşalır, həm də şirinləşir. Bu, ağız suyunun hesabınadı. Allah bəndəyə necə nemətlər bəxş edib. İnsan bədənində olanlar hesabına özünü sağlam saxlaya bilər. Qaydalara əməl etsə. Çinliləri görürsünüz, çubuqla yeyirlər, bir düyü dənəsini ağızlarına alıb yarım saat çeynəyirlər... 

- Hə, yarım saat çeynəyirlər, amma hər cür xəstəlik də onlardan “çıxır”... 

- Bir milyardı ötüb sayları, ona görə. Təbiətdə tarazlıq var. Təbiət özü tarazlığı təmin edir. Pozulmağa qoymur. Həkimlərin sayı artdıqca, xəstələrin də sayı artır. Əhali artdıqca, ölüm halları da artır. 

- Tahir müəllim, bəs, vitamin C-ni niyə daim məsləhət görürlər? 

- Vitamin C immunomobilyatordu. İtburnuda vitamin C çoxdu. Dəmləyin için. Hər səhər adam 1 saat qaçsa, qrip də ondan qaçacaq. Hərbi xidmətdə əsgərlər niyə xəstələnmir? Çünki hər səhər kilometrlərlə qaçış edirlər. Qaçış zamanı bədən bol oksigen qəbul edir, nəticədə enerji toplamış olur. Qaçışdan sonra insanın yemək ehtiyacı güclənir, acır adam. Başlayır, iştahla yeməyə, canına sinir, yəni nə vitamin varsa, orqanizmə toplanır. Sağlam olmaq üçün bir qaşıq plov da yetərlidi. Bədəni gücləndirən, sonra, sevgidi. Eşq insanı sağlam saxlayır. Daha sonra beynin və qəlbin rahatlığı. Şamanlar deyir ki, kainat güzgüdü. Sən necəsənsə, güzgü göstərəcək. Sonra pozitiv düşüncə, xeyirxah əməl, xeyirxah söz. Bunlar sağlamlığın formullarıdı. 

Paylaş

Bizi Facebookda izləyin
Məlahət Rzayeva Yazarın yazıları
menu
menu