Təhsil müddəti əmək pensiyası stajına daxil edilib

Amma bu, dövlətlə yanaşı, həm də özəl təhsil müəssisələrində oxuyanlara da şamil olunmalıdır

"Azərbaycanda artıq təhsil müddəti də ümumi pensiya stajına daxil ediləcək". Bunu DSMF-nin əməkdaşı Ayxan Məcidli sosial şəbəkədə keçirdiyi onlayn brifinqdə bildirib. O qeyd edib ki, 2006-cı ilə kimi vətəndaşların pensiya təminatı haqqında əvvəlki qanun qüvvədə idi: "Həmin ilə qədər kim pensiyaya çıxıbsa, onların təhsil müddəti ümumi stajda nəzərə alınıb. Lakin 2006-cı ildən sonra hazırkı əmək pensiyaları haqqında yeni qanun qüvvəyə mindi. Həmin qanunun 21-ci maddəsinə əsasən, burada sığorta stajı müddəti öz əksini tapıb. Lakin son illər nazirlik tərəfindən islahatlar həyata keçirilir. Təhsil müddəti ilə bağlı xeyli müraciətlər olduğuna görə, yenə təhsil müddəti əmək pensiyası stajına daxil edilib".

O bildirib ki, əgər 5-6 il əvvəl vətəndaşlar pensiya üçün müraciət edərkən, onların təhsil müddəti nəzərə alınmayıbsa, yenidən DSMF-yə müraciət edib həmin müddəti pensiya stajına əlavə etdirə bilərlər. Təhsil müddətinin pensiya kapitalına təsirinə gəlincə isə, DSMF rəsmisi bildirib ki, 2006-cı ilə kimi pensiya üçün əsas staj nəzərə alınırdısa, 2006-cı ildən sonra fərdi hesabda toplanan vəsait nəzərə alınır. 



Mövzu ilə bağlı fikirlərini "Şərq"ə bölüşən iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, təhsil müddətinin ümumi stajda nəzərə alınmasının müəyyən üstünlükləri var. İqtisadçı hesab edir ki, bir çox ölkələrdə belə yanaşma var:

"Beynəlxalq təcrübəni götürəndə müəyyən ölkələrdə təhsil sisteminin staj kimi sayılması məsələsi var. Bu, erkən təqaüdə çıxmaq üçün də müəyyən üstünlüklər verir. Sadəcə, problem ondan ibarətdir ki, Avropadan və Amerikadan fərqli olaraq bizdə insanların tez təqaüdə çıxmaq istəkləri olmur. Daha çox işləməyə, iş yerlərində qalmağa çalışırlar.

Bunun da səbəbləri var.  Əsas səbəb təbii ki, maaşların təqaüdlərdən daha çox olması ilə əlaqədardır. Ona görə də bizdə bu təsdiq olunarkən düşünürəm ki, bir çox ölkələrin təcrübələri öyrənilməlidir. Daha erkən təqaüdə çıxmaq  böyük üstünlüklər verir.  Digər ölkələrdə ortalama götürsək, onlar əmək haqqının ən azı 80 faizini təqaüd kimi alırlar. Ona görə də təqaüd yaşını artıranda Avropada insanlar ciddi mitinqlər edirlər". 

Ekspert hesab edir ki, qanun hazırlanarkən,  bu, dövlətlə yanaşı, həm də özəl təhsil müəssisələrində oxuyanlara da şamil olunmalıdır:

"Çünki özəl qurumlar əgər dövlət lisenziyası ilə fəaliyyət göstərirlərsə, həmçinin dövlətin təhsil proqramı ilə öz təhsil sistemini ona uyğunlaşdırırlarsa, bu zaman təbii ki, onlara da aid edilməlidir".

Paylaş

Bizi Facebookda izləyin
Aynurə Pənahqızı Yazarın yazıları
menu
menu