BDU Qazax Milli Universiteti ilə ikili diplom proqramı üzrə saziş imzalayıb

Bu gün Bakı Dövlət Universiteti (BDU) ilə Əl-Fərabi adına Qazax Milli Universiteti (QMU) arasında “Dəniz və enerji hüququ” sahəsində iki diplomlu magistr təhsili proqramının tətbiqi ilə bağlı saziş imzalanıb.

APA xəbər verir ki, QMU-nun rektorluğunun bununla bağlı keçirdiyi genişləndirilmiş onlayn iclasında BDU-nun rektoru Elçin Babayev, Əl-Fərabi adına QMU-nun rektoru Qalimkair Mutanov, Azərbaycanın Qazaxıstandakı fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov, Qazaxıstanın Azərbaycandakı səfiri Sercan Abdikərimov iştirak ediblər.

Rektor Qalimkair Mutanov tədbiri giriş sözü ilə açaraq BDU ilə birgə kadr hazırlığının, universitetlərarası ikili diplom proqramının əhəmiyyətindən bəhs edib. Bildirib ki, Azərbaycan və Qazaxıstan dəniz və enerji ölkələri olaraq, istər Xəzəryanı, istərsə də beynəlxalq müstəvidə inkişaf etmiş ölkələr sırasındadır. Bu səbəbdən hüquqi sferada birgə kadr hazırlığı və əməkdaşlıq çox müsbət nəticələr verəcək. O, hər iki ölkənin bu istiqamətdə böyük elmi bazasının olduğunu  vurğulayıb.

BDU-nun rektoru Elçin Babayev ikili diplom proqramının dost və qardaş ölkələr olan Azərbaycan və Qazaxıstan arasında ilk ikili diplom proqramı olduğuna diqqət çəkib. Sazişin hər iki ölkənin ilk və aparıcı təhsil müəssisələri olan Bakı Dövlət Universiteti və Əl-Fərabi adına Qazax Milli Universiteti tərəfindən imzalanmasını yüksək qiymətləndirib. BDU-nun Hüquq fakültəsində “Dəniz və enerji hüququ” sahəsində elmi məktəbin formalaşdığı, bu sahədə ingilis dilində uğurla kadr hazırlığının həyata keçirildiyi bildirilib. 

Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov bildirib ki, Azərbaycan və Qazaxıstanın nüfuzlu təhsil müəssisələri arasında bu cür sazişin imzalanması yeni perspektivlər yaradır. İkitərəfli münasibətlərdə təhsil və elm sahəsində əməkdaşlığa böyük önəm verilir. Bu təhsil ocaqları da əlaqələrin inkişafında hər zaman önəmli rol oynayıblar. BDU-da Abay Mərkəzinin,  Əl-Fərabi adına QMU-da isə Azərbaycan Tarixi və Mədəni İrsinin Tədqiqi Mərkəzinin olması bu münasibətlərin təzahürüdür. Diplomatın sözlərinə görə,  bu saziş Xəzər dönizi hövzəsində hər iki ölkənin özünə aid sektorunda xarici transmilli şirkətlərin iştirakı ilə müqavilələrin imzalanması və həyata keçirilməsi, onun hüquqi aspektlərinin işlənməsində yerli mütəxəssislərin hazırlığı prosesinə imkan yaradacaq. 

Qazaxıstanın Azərbaycandakı səfiri Sercan Abdikərimov da bu sazişin böyük əhəmiyyət daşıdığını, iki ölkənin təhsil sahəsində əməkdaşlığına böyük töhfə verəcəyinə inandığını bildirib.  

İclasın sonunda BDU və Əl-Fərabi adına QMU arasında Hüquqşünaslıq fakültəsində “Dəniz və enerji hüququ” magistratura ixtisaslaşması üzrə ikili diplom proqramı üzrə kadr hazırlığı sahəsində saziş imzalanıb.

İclasda həmçinin BDU və QMU-nun Hüquq fakültəsinin dekanları, alim və mütəxəssislər də iştirak ediblər.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu