Hərbi toqquşmalar qaçılmazdır ! - “Həmin cəbhə Qafqazda açılacaq” – SENSASİYA !    

“Fransanın cəhdləri puça çıxdı. Türkiyə Fransanı çox biabırçı formada Suriyadan çıxardı”

“Ona görə də məğlub tərəf  Türiyənin regional və qlobal ambisiyalarına qarşı yeni cəbhə açmaq istəyir”

“Avropa ölkələrinin marağında olan xətlərə qarşı belə təzyiq Ermənistanın “boyu”na görə deyil. Bu, birbaşa Fransanın təhrikidir”

“Fikrimcə, təxribatların törədilməsində Fransa da Rusiya qədər təşəbbüskardır”


Ermənistan bir müddətdir ki, PKK terrorçularını Dağlıq Qarabağa yerləşdirir. Əslində ilk vaxtlardan etibarən təxribat gözlənilirdi. Nəhayət, iki-üç gün əvvəl Şəmkirdə baş verən növbəti təxribat düşmənin işğalçılığını üzə çıxaran, bəlkə, yüzüncü fakt indi. Bəs bundan sonra nə olacaq? Hər halda PKK döyüşçüləri sadəcə Şəmkirə bir dron göndərmək üçün Dağlıq Qarabağa gətirilməyib. Yaxşı, bəs düşməndə hücum edəcək cəsarət varmı? Birincisi, hansı beynəlxalq hüquqla buna əl atacaqlar?! İkincisi də, axı onlar ömür boyu zəif, qorxaq amma ona-buna sataşan uşaq rolunu canlandırıblar. Elə isə bizi yaxın gələcəkdə nə gözləyir? 



 “Sherg.az” olaraq bu suallara cavab tapmaq məqsədilə siyasi analitik Turab Rzayevlə söhbətləşdik:

- Şəmkir təxribatı barədə nə düşünürsünüz?

- Ümumiyətlə, münaqişənin yenidən alovlanmasının həm daxili, həm də xarici səbəbləri var. Daxili məqamlar regiondakı impulslardır. Belə ki, Azərbaycanla Ermənistan hakimiyyəti faktiki olaraq dil tapa bilmirlər. Azərbaycan xalqı iyulda baş verənlərin, şəhidlərimizin revanşını almaq istəyir. Həm də  Paşinyan geniş miqyaslı hərbi əməliyyatların marağındadır. 

- Niyə?

- O, əvvəllər sülh barədə nələrsə deyirdi. Amma sonradan məlum oldu ki, baş nazir ya bizi aldadıb, ya da aldatmağa məcbur qalıb. Çünki Paşinyan ölkədə nəzarəti ələ ala bilmir, separatçı rejimlə münasibəti də yaxşı deyil. Nəzərə almaq lazımdır ki, həmin rejim Paşinyan prezident seçiləndə onu tənqid etmişdi. İndi bir çox qüvvələr Paşinyan hakimiyyətinin möhkəmlənməsinə icazə vermir. Ona görə də, o müharibə ritorikasını seçir. Çünki sülh ritorikasını seçəcəyi halda satqınlıqda ittiham oluna və asanlıqla devrilə bilər. Paşinyan məhz mümkün çevrilişin qarşısını almaq məqsədilə ciddi cəhdlə bizi müharibəyə təhrik edir və məntiqsiz bəyanatlar səsləndirir. 

- Nə kimi bəyanatlar?

- Məsələn həm Dağlıq Qarabağın Ermənistan olduğunu, həm də məsələnin müzakirə edilə biləcəyini deyir. Əgər Dağlıq Qarabağ, həqiqətən, Ermənistana aiddirsə, necə müzakirə edilə bilər? Ya da deyir ki, Dağlıq Qarabağ Ermənistandır, lakin xalqı başqadır. Hətta Köçəryan da bu məntiqsiz sözlərinə görə Paşinyanı tənqid edir. 

- Bəs münaqişəni alovlandıran xarici səbəblər nələrdir?

- Beynəlxalq aləmdə baş verən qütbləşmə. Qafqaz Şərqlə Qərb arasındakı sürtüşmə nöqtəsidir. İndi bəzi Qərb ölkələri gizlin yollarla Rusiya ilə yaxınlaşmağa, ən azından Tramp hakimiyyətindən uzaqlaşmağa başlayıb. Belə ölkələrin başında Fransa, Almaniya durur. Rusiya isə həm Yaxın Şərqə nəzarət etmək, həm də Qərb ölkələrini Orta Asiyaya buraxmamaq istəyir. Ona görə də qeyri-stabil vəziyyətin hökm sürdüyü Qafqaza girməlidir. Qeyd edim ki, eyni məqam, yəni Yaxın Şərqə nəzarət və qarşı tərəfi orta Asiyaya buraxmamaq Avropanın da marağındadır. Bu məsələdə Türkiyə ilə Fransanın maraqları toqquşur. Qərbi Afrikada, Şərqi Aralıq dənizində, Suriyada və Şimali Afrikada tərəflər arasında münaqişə ocaqları var. Lakin Fransanın cəhdləri puç olub. Türkiyə Fransanı çox biabırçı formada Suriyadan çıxardı. Ona görə də məğlub tərəf  Türiyənin regional və qlobal ambisiyalarına qarşı yeni cəbhə açmaq istəyir. Həmin cəbhə isə məhz Qafqazda olacaq. 

- Bu məsələdə Ermənistanın rolu nədən ibarətdir?

- Ermənistan heç regional “oyunçu” da deyil. Düşmənin təxribatları, həmçinin PKK və ASALA-nın ora yerləşdirilməsi birbaşa olaraq Fransanın beyninin məhsuludur. Bu, Ermənistanın gücünə və miqyasına uyğun deyil. Hətta, ola bilsin, maliyyələşməni də Fransa edir. 

- Bundan sonra nələr ola bilər?

- Düşmən dronunun Şəmkirədək gəlməsi kəşfiyyat məqsədli idi. Hətta Rusiyanın xarici işlər naziri Sergey Lavrov da bir neçə dəfə deyib ki, Ermənistan Azərbaycanın neft-qaz dəhlizinə nəzarət etmək istəyir. Halbuki BP-nin, Avropa ölkələrinin marağında olan xətlərə qarşı belə təzyiq Ermənistanın “boyu”na görə deyil. Bu, birbaşa Fransanın təhrikidir. Deməli, Rusiya ilə Fransanın mövqeləri müəyyən mövqelərdə üst-üstə düşür. Fikrimcə, təxribatların törədilməsində Fransa da Rusiya qədər təşəbbüskardır. Hətta, bəlkə də, “baş rol”da olan  məhz bu Qərb dövlətidir. Tezliklə Yaxın Şərqə çıxmaq onların hər ikisi üçün həyati maraqlıdır. 

- Nə üçün Rusiya belə tələsir?

- Çünki İran dağıla bilər. Eyni zamanda Rusiya və Belarusda baş verən daxili hadisələr Kremli tələsdirir ki, Yaxın Şərqə nüfuz etsin. Türkiyə tərəfi isə nisbətən təmkinlidir. İki mövqe gec-tez Qafqazda toqquşacaq. Ona görə yeni hərbi toqquşmalar qaçılmazdır.

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu