“Azərbaycan gəncliyi həmişə döyüşə hazırdır” 

“Və belə də olmalıdır. Qələbəyə gedən yol vətənpərvərlikdən keçir”

“Zabitlərimiz peşəkar, silahlarımız müasirdir”

“Bu isə dövlət başçısının ordu quruculuğuna göstərdiyi diqqət və qayğı sayəsində mümkün olub”



Şəmkir təxribatı ermənilərin işğalçılıq niyyətini növbəti dəfə ifşa etməklə, həm də Azərbaycan gəncliyinin hərbi-vətənpərvərlik ruhunu ortaya qoydu. Bu günlərdə hər birimizin ürəyi səngərdəki əsgərlərimizlə döyünür. “Görəsən, vəziyyət necədir?” deyə, narahatlıqla düşünürük. Amma həmin narahatlıq tez bir zamanda xoş duyğularla, gələcəyə ümid hiss ilə əvəzlənir. Bu isə ordumuza inamın nəticəsidir. Bəli, Azərbaycan xalqı ordusuna da, yetişməkdə olan gənc nəslinə də inanır. Gəncliyimiz səfərbərliyin elan olunmasını və postlardakı əsgər qardaşları ilə birlikdə çiyin-çiyinə vuruşmağı ən müqəddəs amal kimi arzulayır. 



Son günlər baş verən və onun fonunda üzə çıxan həqiqətlərlə bağlı “Sherg.az”a münasibət bildirən Milli qəhrəman, ehtiyatda olan polkovnik-leytenant Vahid Quliyev Azərbaycan Silahlı Qüvvələrinin qüdrətindən ürəkdolusu danışdı: 

“Düşmən təxribatları, demək olar, artıq sistematik şəkil alıb. Azərbaycan isə artıq bezib. Ordumuzda təlim toplantıların getməsi o demək deyil ki, biz müharibəyə hazırlaşırıq. Bu, sadəcə hərbi qanunvericiliyin əsasnaməsinə müvafiq olaraq ehtiyatda buraxılan hərbçilərin hazırlıq səviyyəsinin yoxlanılması məqsədlidir.

Amma lazım gələrsə, müharibəyə başlaya bilərik. Ordumuzdakı vəziyyət keçən əsrin 90-cı illərindəki kimi deyil. Zabitlərimiz peşəkar, silahlarımız müasirdir. Bu isə dövlət başçısının ordu quruculuğuna göstərdiyi diqqət və qayğı sayəsində mümkün olub”.

V.Quliyev Azərbaycan ordusuna inamını belə ifadə edib: 

“Hərbi əməliyyatlara mane olan, müharibənin başlanmasını istəməyən Rusiya və İrandır. Amma artıq Türkiyə ilə Pakistan da bizim yanımızdadır. Odur ki, Azərbaycan müharibəyə başlayacağı təqdirdə Rusiyanın güclü müdaxilə göstərəcəyinə inanmıram. Və əgər neytral mövqe göstərsə, biz işğal altında olan torpaqlarımızı tezliklə azad edə bilərik.

Çünki  Azərbaycan, doğrudan da, regionun ən güclü ordularından birinə sahibdir. Bunu NATO rəhbərliyi də etiraf edir. Rus hərbi mütəxəssisləri deyirlər ki, Azərbaycan üç günə Dağlıq Qarabağı azad edə, yeddi günə keçmiş Azərbaycan (red: Qərbi Azərbaycan) ərazisini qaytara, bir aya isə orada öz hökumətini bərpa edə, bayrağını sanca bilər. Biz ordumuza, gəncliyimizə güvənirik. Gənclər toy-bayrama gedirmiş kimi səfərbərlik idarələrinə üz tuturlar.

Azərbaycan gəncliyi həmişə döyüşə hazırdır. Və belə də olmalıdır. Qələbəyə gedən yol vətənpərvərlikdən keçir”.

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu