“Gənclərimizdə vətənpərvərlik hissi çox güclüdür” 

“Hələ döyüşlər bitməyib, torpaqlarımız işğaldadır”

“Hər birimiz döyüşə hazırıq və Ali Baş Komandanımızın əmirini gözləyirik”



Son günlər sərhəddə baş verən hadisələr vətəndaşlarımızın hərbi vətənpərvərlik hissini bir daha üzə çıxardı. Təbii ki, xalqımız hər zaman yüksək iradə və əzmkarlığı ilə seçilib. Lakin bu duyğular sərhəddə vəziyyətin gərginləşdiyi zamanlarda özünü daha çox büruzə verir. Bu günə qədər torpaqlarımız uğrunda canını fəda edən igid oğullarımızın sayı kifayət qədər çox olub. Amma bu şücaətlilik, qorxmazlıq və igidlik nümunəsi bugünkü gənclərimizdə də var.

Təsadüfi deyil ki, Şəmkir və Tovzuda baş verənlərdən sonra çoxlu sayda igid oğullarımız könüllü olaraq orduya yazılıb. Bütün bunlar onu göstərir ki, torpaqlarımız uğrunda canından keçməyi üstün tutan vətənpərvər gənclərimiz var. Bu, hər birimiz üçün qürurlu, sevindircidir və fərəhli bir hissdir. 

Son hadisələrlə bağlı “Sherg.az”a danışan Aprel döyüşlərinin iştirakçısı, Qarabağ müharibəsi əlili Hikmət Məmmədov bildirib ki, millətimizdə vətənpərvərlik hissi hər zaman yüksək olub. Onun sözlərinə görə, bu hislər özünü daha çox Aprel döyüşlərindən sonra göstərməyə başladı:

“Həmin ərəfələrdə insanlarımızda sanki bir durğunluq var idi. Heç kəs düşünmürdü ki, müharibə başlaya bilər. Ali Baş Komandan hər dəfə güclü ordumuz və əsgərlərimiz olduğunu deyirdi. Aprel döyüşləri zamanı məlum oldu ki, gənclərimizdə vətənpərvərlik hissləri çox güclüdür”. 

H.Məmmədov qeyd edib ki, Hərbi Komissarlığın qarşısına yığışan yüzlərlə gənc, hətta ilk Qarabağ döyüşçüləri müharibəyə getmək istəyir:

“Gənclər döyüşə təlimsiz getsə, böyük itkilər ola bilər. Ona görə bu təlimlər digər ölkələrdə olduğu kimi bizdə də var. Xalqımızın hərbi vətənpərvərliyi hər kəsə bəllidir. Hələ döyüşlər bitməyib, torpaqlarımız işğaldadır, hər birimiz döyüşə hazırıq və Ali Baş Komandanımızın əmirini gözləyirik”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu