Ekoloji fəlakət zonaları cənnətə çevrilir

Balaxanı gözəlləşdi, Bibiheybətdə işlər başlayıb, digər qəsəbələr də abadlaşdırılacaq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev quruculuq işlərinə, şəhər və kəndlərin abadlaşmasına, tarixi abidələrin qorunmasına daim diqqət göstərir və bu işlərə cavabdeh məmurlardan da vəzifələrinə ciddi yanaşmalarını tələb edir. Dövlət büdcəsindən abadlıq işlərinə vəsait ayrılır və cənab Prezident işlərin gedişatı ilə şəxsən tanış olur. İllərdir ki, bu siyasət davam etdirilir.

Təkcə Bakıda deyil, respublikamızın bütün bölgələrində abadlıq işlərinə, turizm məkanlarının yenidən qurulmasına, maddi sərvətlərimizin qorunması ilə yanaşı, onların dünyaya tanıtdırılmasına da xüsusi önəm verilir. Əlbəttə, burada əsas məqsəd vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması, insanlarımızın istirahət imkanlarının genişlənməsidir.

Eyni zamanda görülən işlər ölkəmizin turizm imkanlarının da artmasına xidmət edir. Qədmlik, tarixilik nə qədər önəmli olsa da, ölkəmizə gələn qonaqlar təmizliyə, abadlığa da diqqət yetirir, tarixi abidələrin necə qorunduğuna, ətraf ərazilərin təmizliyinə ciddi fikir verirlər. Son illərdə aparılan yenidənqurma və abadlıq işləri sayəsində isə tarixi abidələrimiz, xalqımız üçün əvəzsiz olan məkanlar həm də abadlığı ilə göz oxşayır.

Belə məkanlarda yaradılmış yeni infrastrukturlar da həm yerli əhalinin rahatlığını, həm də xarici qonaqların, turistlərin ehtiyaclarını ödəmək imkanı verir. Təsəvvürə gətirmək çətindir ki, məsələn, hansısa ölkədən gəlmiş qonaq İçərişəhəri, yaxud Balaxanını, Bibiheybəti gəzəndə zibillik, natəmizliklə qarşılaşsın, küçələrdə rahat addımlaya bilməsin və ya havanın ağır olduğunu hiss etsin. Balaxanı, Bibiheybət neft buruqları səltənətidir axı.  Balaxanının, Bibiheybətin timsalında paytaxtın gündən-günə necə gözəlləşdiyindən yazacağıq. Öncə isə cənab Prezidentin icra olunan layihələr barədə fikirlərinə yer verək. 

İnsanlar üçün daha yaxşı şərait yaradılmalıdır

Xatırladaq ki, Prezident İlham Əliyev sentyabrın 19-da “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində iştirak etdi. Açılışdan sonra Prezident yerli televiziya kanallarına müsahibə verdi və həyata keçirilən quruculuq, abadlıq işləri barədə danışdı.    

Qeyd edildi ki, ölkəmizdə neft hasilatı ciddi ekoloji problemlər meydana gətirib. Lakin ekoloji vəziyyətin yaxşılaşdırılması və ətraf mühitin qorunması istiqamətində məhz Prezidentin göstərişilə genişmiqyaslı işlər həyata keçirilir.

Prezident müsahibədə bildirdi ki, bu, doğrudan da ciddi məsələdir: 

- Çünki o vaxt Bakı, Abşeron yarımadası, Sumqayıt şəhəri ekoloji fəlakət zonaları kimi təqdim edilirdi və faktiki olaraq ekoloji fəlakət mövcud idi. İndi bir çox hadisələr yaddan çıxır. Ancaq bizim neftlə ən çox çirklənmiş ərazimiz Bibiheybət buxtası idi. İndi Bibiheybət buxtası gözəl parklar, istirahət zonalarına çevrilib. Bibiheybət qəsəbəsi indi faktiki olaraq yenidən qurulub.

Yəni, Bibiheybət buxtası ekoloji fəlakət zonası idi və o görüntülər yəqin ki, bir çoxlarının xatirindədir. Digər ekoloji fəlakət zonası Balaxanı və onun neft mədənləri idi. İndi baxın, Balaxanı gözəl bir qəsəbəyə çevrilib və orada işlər artıq tamamlanmaq üzrədir. Mən özüm gedib baş çəkəcəyəm və baxıb görəcəyəm ki, mənim göstərişlərim necə yerinə yetirilir. Təkcə Balaxanı yox, bütün qəsəbələr. Mən demişəm, Bakının bütün qəsəbələri abadlaşdırılmalıdır, orada insanlar üçün daha yaxşı şərait yaradılmalıdır, insanları narahat edən bütün problemlər həll olunmalıdır və bu qəsəbələr estetik cəhətdən müasir səviyyəyə uyğun olmalıdır.

Qəsəbələrdə bütün tarixi abidələr bərpa edilməlidir və biz bu qəsəbələrə yeni həyat verəcəyik. Balaxanı zibilxanasını yadımıza salaq. Oradan çıxan tüstülər bütün şəhəri bürüyürdü və zəhər idi. Mən bu məsələ ilə məşğul olmağa başlayanda bəziləri deyirdilər ki, bunu söndürmək mümkün deyil. Çünki o, altdan yanır və orada qazlar əmələ gəlir, çox təhlükəli yerdir, yaxın düşmək olmaz. Bəziləri deyirdi ki, gəlin bunun üstündə sarkofaq tikək. Yəni belə cəfəng təkliflər var idi.

Amma biz bunun da yolunu tapdıq. Tamamilə təmizləndi. İndi orada gözəl park salınıb və zibilyandırma zavodu fəaliyyətə başlayıb. Onun yanında növbəti ekoloji fəlakət zonası – Böyükşor gölü də, onun bir hissəsi təmizləndi. O da ekoloji fəlakət idi, çünki açıq neft rezervuarı idi, eyni zamanda, bütün kanalizasiya suları da oraya axıdılırdı. Amma indi orada bulvar salınıb və o gölə quşlar qonur.

Digər layihələr. İndi Qara şəhəri yadımıza salaq. Artıq o anlayış yoxdur, onun yerində Ağ şəhər var. Ağ şəhər şəhərsalma layihəsini biz icra edəndə orada təqribən ən azı iki metr torpaq layı çıxarıldı. O da bütün neft çöküntüləri idi, qudron idi, zəhər idi. Onun yanında “Azərneftyağ” neft emalı zavodu yerləşir. Artıq onun da fəaliyyəti başa çatmaq üzrədir.

Çünki iki ildən sonra Heydər Əliyev neftayırma zavodunda yenidənqurma başa çatacaq, “Avro-5” benzin istehsal olunacaq. Beləliklə, havanı ən çox çirkləndirən nəqliyyat vasitələri də təmiz benzinlə təmin ediləcək və “Azərneftyağ” neft emalı zavodu söküləcək. Bütün o rezervuarlar, qurğular söküləcək, ora böyük park olacaq. Həmçinin yod-brom zavodu. Bəziləri bilmir, o da aeroport yolunda yerləşirdi, o da bir zəhər idi. Biz oranı da utilizasiya etdik, oradakı çöküntüləri poliqona daşıdıq.

Yaxud da ki, Sumqayıt şəhərinin ekoloji vəziyyətinə baxın. Əvvəllər Sumqayıtın yanından keçəndə hər kəs pəncərəni bağlayırdı ki, o üfunət iyi, o zəhər girməsin maşına. Amma bu gün Sumqayıt elə bil ki, kurort şəhəridir. Sənaye potensialı möhkəmləndirilməklə orada müasir təmizləyici qurğular quraşdırıldı, sənaye parkları yaradıldı.

Sumqayıt Sovet İttifaqında bəlkə də ən çirklənmiş şəhər sayılırdı, bu gün ən təmiz şəhərlərdən biridir. Bütün bunları biz etmişik. Çünki bu, bizim xalqımızın həyatıdır, uşaqlarımızın, gələcək nəslin sağlamlığıdır. Amma çar Rusiyası dövründə, sovet dövründə buna fikir verilirdimi? Xeyr. Ancaq plan, ancaq hasilat, ancaq istismar, neft ver, qaz ver. Bəs, insanların həyatı, onların yaşayışı, onların sağlamlığı? Ona görə bizim üçün bu, ön plandadır.

Mən Prezident seçiləndən sonra demişdim, ilk bəyanatlardan biri idi ki, “qara qızıl”ı insan kapitalına çevirməliyik, insanlara xidmət etməliyik. Biz bu sahədə, ilk növbədə, insan amilini nəzərə almalıyıq. Çünki neft bizim üçün məqsəd deyil, daha yaxşı həyat yaratmaq, daha yaxşı ölkə qurmaq, daha yaxşı şərait yaratmaq üçün vasitədir və bunu edirik.

Ekoloji layihələr hələ ki, bitməyib, hələ görüləsi işlər çoxdur. Hazırda Abşeron yarımadasında neft gölməçələrinin təmizlənməsi işi gedir. Mən tapşırıq vermişəm ki, bütün neft mədənlərində təmizləmə işləri aparılsın, orada ağaclar əkilsin, - necə ki, burada, Bibiheybətdə. Biz ekoloji fəlakət zonalarını ekoloji cənnət zonalarına çevirməliyik, bunu edirik və edəcəyik.

Balaxanı, Bibiheybət turizm zonasına daxil olur

Bir müddət əvvəl internet resurslarda Balaxanıda çəkilmiş fotolar yayıldı. Fotolardan da görünürdü ki, Balaxanı necə dəyişib, gözəlləşib. Necə ki, “Qara şəhər” Ağ şəhərə çevrildi, eləcə də zibilliklə adı qoşa çəkilən Balaxanı artıq güllər-çiçəklər qəsəbəsidir. Balaxanıdan reportajlar ard-arda düzüldü. Yenilənən Balaxanıdan ilk reportajı isə “Şərq” qəzeti və “Şərq.az” saytı hazırlamışdı. Reportajda yerli sakinlər turistlərin bura tez-tez gəldiyini demişdilər. Görünürdü ki, evlərin divarları, qapılar yenilənib, rənglənib. Bəzi hasarların üzərinə pişik fiqurları qoyulub. Maraqlı, diqqətçəkən mənzərə yaradılıb. Dahi Sabirin heykəli qoyulub.

Küçələrdən biri “Səfəvilər küçəsi”dir. Azərbaycanın ən uzun ömürlü dövlətlərindən birinin adının əbədiləşdirilməsi xaricilər üçün tarixi bilgidir həm də. 
Abadlıq işləri aparılan, tarixilik qorunmaqla gözəlləşdirilən, görkəmi yenilənən  məkanlardan biri də Bibiheybət qəsəbəsidir. Bibiheybət gələcəkdə turizm marşrutuna salına bilər. Əvvəllər bu əraziyə insanlar daha çox Bibiheybət məscidinə ziyarət üçün axın edirdisə, qəsəbədə aparılan abadlıq işlərindən sonra buranın həm yerli sakinlərin, həm ümumiyyətlə paytaxt əhalisinin, o cümlədən də  turistlərin sevimli məkanına çevriləcəyi şübhəsizdir. Qəsəbədə abadlıq və yaşıllaşdırma işləri hələ davam etdirilir. Evlərin qapı-pəncərələri yenilənir, eyvanlara dibçəklər qoyulur, divarlar müxtəlif rənglərə boyanaraq bəzədilir. İşlər tək bununla bitmir. 

Bibiheybət qəsəbəsində yollara qəmbər döşənir, bərpaya ehtiyacı olan fasadlar yenilənir, kommunikasiya xətləri də dəyişdirilir. Ərazidə uşaq əyləncə mərkəzləri, söhbət aparılmaq üçün xüsusi yerlərin ayrılacağı, oturacaqlar qoyulacağı da gözlənilir. Xatırladaq ki, abadlıq və yenidənqurma işləri Bakının Balaxanı, Əmircan və Ramanı kimi digər qəsəbələrində də aparılır.

Bunlardan əlavə olaraq da, Mərdəkan, Novxanı, Buzovna, və s. kəndlər də turizm məkanına çevriləcəyi bildirilir. Təbii ki, bütün bu işlər turizm potensialının artmasına, turistlər üçün maraqlı məkanların sayının artmasına gətirib çıxaracaq. Ölkəmizə gələn turistlər təkcə İçərişəhəri və ya Qəbələ, Qubanı deyil, Bakının daxilindəcə bir çox gəzməli, görməli məkanları ziyarət etmək imkanı əldə edəcəklər. Turizm obyektlərinin çoxluğu turizm potensialının genişlənməsinə xidmət edən amildir.    

Bütün qəsəbələr abadlaşdırılmalı, insanlar üçün daha yaxşı şərait yaradılmalıdır

Aparılan işlərlə bağlı fikirlərini bildirən Bələdiyyələrin İnkişafına Dəstək İctimai Birliyinin sədri Vüqar Tofiqli prezidentin tapşırığına uyğun olaraq paytaxtın qəsəbə və kəndlərində aparılan abadlıq və yenidənqurma işlərinin vətəndaşların həyat şəraitini yaxşılaşdırmaqla yanaşı, ölkəmizin turizm imkanlarının artırılmasında əhəmiyyətli amil olduğunu vurğuladı: 

- Cənab Prezidentin tapşırığına uyğun olaraq paytaxtda, ətraf qəsəbə və kəndlərdə yenidənqurma və abadlıq işləri aparılır. Bütün bunlar hamımızın gözü önündə baş verir. Biz Qara şəhərin Ağ şəhərə çevrildiyini gördük, Bakı bulvarı baxın, məsafəcə necə uzandı, illər öncə Qara şəhər səmtinə getmək istəməyənlər indi rahat bir şəkildə orada gəzir, istirahət edir, dincəlirlər. Bakı buxtası necə təmizlənib. Bakının qəsəbələrində, Bakı kəndlərinin görünüşü son illərdə inanılmaz dərəcədə dəyişib. Bunlar hamısı, aydın məsələdir ki, insanlarımızın yaşayış səviyyəsinin yaxşılaşması, istirahət imkanlarının artması, ekoloji təmizliyə nail olmaq üçündür.

Eyni zamanda bu, böyük turizm potensialıdır. Bundan ilk növbədə xalq, əhali qazanır, həmçinin də dövlət. Turizm dünyada ən gəlirli sahələrdən biridir. Gəlirli olmaqla yanaşı, ölkənin tanınması üçün də əsas şərtlərdən biridir. Qəsəbə və kəndlərin abadlaşması hərtərəfli xeyir gətirən hadisədır.         

Paylaş

Bizi Facebookda izləyin
Məlahət Rzayeva Yazarın yazıları
menu
menu