Sahibkar işini bəri başdan ehtiyatlı tutmalıdır

Rusiya sərhədində tonlarla meyvənin ixracına icazə verilmir

"Bu məsələdə siyasi motiv də istisna edilmir"

Rusiya Azərbaycan məhsullarının ölkəyə girişinə qadağa qoyub. Minval.az saytının xəbərinə görə, Dağıstan Respublikasındakı “Rosselxoznadzor”un  mütəxəssisləri tərəfindən “Viaduk” saxlanma məntəqəsində aparılan fitosanitar yoxlama zamanı Azərbaycandan ixrac olunan şaftalı, gavalı və nektarində güvə (şərq güvəsi və şaftalı güvəsi) aşkarlanıb. Güvələr meyvə ağaclarına ciddi ziyan vuran zərərverici hesab edildiyindən bu meyvələrin ixracına icazə verilməyib. Ümumilikdə ixrac məhsulun həcmi 70 tona yaxındır. Məhsulun ölkə ərazisinə keçirilməsinə qadağa qoyulmaqla yanaşı yük sahiblərinə inzibati cəza veriləcəyi də bildirilir.    

İqtisadçı Fuad İbrahimov “Şərq”ə açıqlamasında qeyd etdi ki, hər bir ixracatçı biznesmen şəxsi gəlir əldə etməklə yanaşı, eyni zamanda dövlətin imicini də düşünməlidir:
 
- Belə problemlər yarana bilər. Baxır, problem hansı mərhələdə yaranır. Sahibkar məhsul ixrac etməyi planlaşdırırsa, birinci növbədə keyfiyyətli məhsul olmasına çalışmalıdır. Keyfiyyətli məhsul əldə etmək üçünsə, texnoloqlar, mütəxəssislər dəvət edilməli, məhsul becərilməyə başlanandan taki yığıma qədər daim nəzarətdə olmalı, vaxtlı-vaxtında dərmanlama işləri icra olunmalı, ziyanvericilərə qarşı mübarizə aparılmalıdır.

Sən məhsul yetişdirirsənsə, istər ixrac məqsədilə olsun, istər yerli bazara hesablanan, keyfiyyətinə önəm verməlisən. Məhsulda ziyanvericinin aşkarlanması iki halda ola bilər. Ya sahibkar yetişdirdiyi məhsulu ixracatçıya təhvil verib, o da saxlanma normativlərinə düzgün riayət etməyib, nəticədə məhsula güvə düşüb.

Ya da, sahibkar özü yetişdirib məhsulu və bir sıra məsələlərdə qənaət əldə etmək istəyib, texnoloq, fitosanitar dəvət etməyib, nəzarətsizlik və səhlənkarlığa yol verib. İndiki çətin dövrdə dövlətlər belə məsələlərə xüsusilə ciddi yanaşırlar, çünki müxtəlif ziyanvericilər ixrac məhsulları ilə ölkə ərazisinə keçə bilər. Sərhəd-keçid məntəqələrində fitosanitar nəzarət məntəqələri olur, ölkəyə gətirilən məhsullar yoxlamadan keçirilir. Bunu sahibkarlar da, ixracatçılar da bilməlidir və səhlənkar yanaşmamalıdırlar. 

F.İbrahimov Azərbaycan məhsullarının zaman-zaman Rusiya ərazisinə ixrac olunmasına maneələr yaradılmasında siyasi motivlərin istisna edilmədiyini də vurğuladı: 

- Siyasi motivlər heç vaxt istisna deyil. Siyasi motiv də, qərəz də mümkündü. Amma məhz bu gözlənilən amil sahibkarlardan daha diqqətli olmağı tələb edir. Sahibkar işini bəri başdan bərk tutmalıdı. Təhvil-təslim aktları əsasında iş aparmalıdır. Hansı məntəqədən məhsul alırsa, hansı məntəqəyə məhsulu aparırsa, hamısı sənədlər əsasında olmalıdır və mütləq qaydada fitosanitar nəzarətindən keçirilmə ilə bağlı sənəd də təqdim edilməlidir. Sahibkar ixrac etməyə hazırlaşdığı məhsulun keyfiyyətindən arxayın olmalıdır ki, bu, yoxlanmış məhsuldur. 70 tona yaxın məhsulun qəbul olunmaması nə deməkdir?! Bu, sahibkara böyük zərbədir. Ondan da başqa ölkənin adına ziyandır. Belə hallar ölkənin ixrac potensialı haqqında mənfi rəy yaradır, Azərbaycan məhsulunun imicini zədələyir. Sonra bu imici bərpa etmək üçün bilirsiniz, nə qədər müddət lazımdır?! Bu vaxt ərzində başqa ölkələrin məhsulu, başqa sahibkarlar bazara daxil olur. Ona görə də hər bir sahibkar işlərini düzgün, diqqətli görməli, qaydalara əməl etməlidir. 


Paylaş

Bizi Facebookda izləyin
Məlahət Rzayeva Yazarın yazıları
menu
menu